20:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
 
Mart ayının 1-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şahbuz rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Müvəkkil aparatının əməkdaşları Abil Orucəliyev və Mətin Quluzadə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Şahbuz rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev tədbiri giriş sözü ilə açaraq "Ulu Öndər H.Əliyevin "Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlığa qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər" tövsiyəsindən irəli gələn vəzifələrdən danışmışdır. 
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət icbari şəxsi sığortası haqqında qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, polis əməkdaşının pensiyasının və sosial təminatının məbləği və təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilir.
Abil Orucəliyev bildirmişdir ki, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər.
Ombudsmanın nümayəndəsi "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə uyğun olaraq pensiya almaq hüququ ilə xaric edilən, 20 təqvim ili və daha çox xidmət müddəti olan daxili işlər orqanları əməkdaşlarının, onların həyat yoldaşlarının və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tibb müəssisələrində pulsuz tibbi yardım təminatı, həmçinin sanatoriyalarda, istirahət evlərində, pansionatlarda və turist bazalarında haqqı ödənilməklə müalicə olunmaq və istirahət etmək hüquqlarının saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
Tədbirdə qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 92-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının həyat və sağlamlığı "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına sığortalanır. 
Müvəkkil aparatının əməkdaşı əlavə etmişdir ki, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
01/03/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).