10:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sərhəd zastavalarında növbəti tədbirlər həyata keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə iyunun 1-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavalarında növbəti tədbirlər keçirilmişdir.
 
 
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Abil Orucəliyev, Mətin Quluzadə, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi Şəhriyar Aslanov və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak etmişdir.
Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavalarında həyata keçirilmiş tədbirlərdə Abil Orucəliyevin "Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, o cümlədən muxtariyyətin tarixi və hüquqi əsasları" və "Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur" mövzularında çıxışları dinlənilib.
A.Orucəliyev qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilmişdir. Moskva və Qars müqavilələrinin imzalanmasının böyük tarixi və hüquqi əhəmiyyəti vardır. Bu müqavilələr Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynamışdır.
 
 
Qeyd olunmuşdur ki, Moskva müqaviləsi 1921-ci il martın 20-də RSFSR MİK tərəfindən, 1921-ci il iyulun 21-də Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olunmuş, onların mübadiləsi isə sentyabrın 22-də Türkiyənin Qars şəhərində həyata keçirilmişdir. 1921-ci il oktyabrın 13-də Türkiyənin Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında müqavilə imzalanmış, Naxçıvanın ərazisi və sərhədləri daha da dəqiqləşdirilmişdir. Burada göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.
Ombudsmanın nümayəndəsi Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyasının Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
Bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsisidir.
Müvəkkil aparatının əməkdaşı əlavə etmişdir ki, Muxtar respublikanın yeni Konstitusiyası demokratik tələblərə cavab verməklə Naxçıvanın muxtariyyətinin hüquqi əsaslarını özündə birbaşa əks etdirmişdir. Bu Konstitusiya sayca dördüncü (1926, 1937, 1978 və 1998) Konstitusiya olmaqla yanaşı, Naxçıvanın müstəqil Azərbaycanın tərkibində, sovet ideologiyasından kənar qəbul edilmiş ilk milli Konstitusiyasıdır. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi niyyətlər bəyan edilmişdir.
Ombudsmanın nümayəndəsi digər tədbirdə isə Heydər Əliyev və ordu quruculuğundan danışmışdır. Bildirmişdir ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan kəşməkəşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Bu tarixi başlanğıcın əsası torpaqlarımızın bütövlüyü naminə canlarını fəda edən babalarımızın müqəddəs qanı ilə qoyulmuşdur.
Məruzəçi əlavə etmişdir ki, ki, xidmətlərinə görə Azərbaycanın hərb tarixinə düşmüş şəxsiyyətlərdən biri olan Ümummilli lider Heydər Əliyevin xalqımız üçün qoyduğu zəngin və əvəzsiz irs ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən fundamental bir fəaliyyət proqramıdır. Ulu Öndər SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmiş, Azərbaycanın hərbi sənaye kompleksinin təməlini qoymuşdur. Görkəmli dövlət xadiminin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, 1993-2003-cü illərdə nizami və qüdrətli Azərbaycan Ordusunun təməli qoyulmuş, əsgər və zabitlərimizin hərbin sirlərinə daha da dərindən yiyələnmələri üçün mühüm şərait yaradılmışdır.
 
 
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
02/06/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).