19:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Haqqında

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunundan Çıxarış.
 
  Maddə 1. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin fəaliyyətinin əsasları
1.2. Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin (bundan sonra - preventiv mexanizmin) funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

Maddə 13-2. Preventiv qrup
13-2.1. Bu Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxslər preventiv qrupun üzvü təyin olunurlar. Preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.
13-2.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Preventiv qrupun üzvü təyin oluna bilməz.
13-2.3. Preventiv qrup aşağıdakı hüquqlara malikdir:
13-2.3.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq;
13-2.3.2. polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;
13-2.3.3. preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.
13-2.4. Preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.
13-2.5. Preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin, habelə elektron yazışmalarının üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).