7:33 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



İnformasiya əldə etmək hüququnun təmin edilməsi

29 dekabr 2011-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklə Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrini Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarəti həyata keçirir.
Eyni zamanda, Müvəkkil tərəfindən informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri ilə bağlı "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 13-1 maddəsində göstərilən səlahiyyəti var.
Belə ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 13-1-ci maddəsinə əsasən Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.
Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
şikayət konkret informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda;
həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
ərizəçi informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.
Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:
informasiya əldə etmək üçün müraciətin (bundan sonra - informasiya sorğusunun) qeydiyyata alınması
informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;
informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;
ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi;
internet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;
informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.
Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir.
Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 iş günü müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.
"Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 saylı Fərmanına uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 371-ci (informasiya ehtiyatlarından istifadə qaydalarının pozulması), 371-1-ci (kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulması), 372-ci (ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılması), 373-cü (məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması) və 374-cü (informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili adından, Müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini tərəfindən tərtib olunur.
Həmçinin Müvəkkil informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərinin pozulması halları ilə bağlı daxil olmuş şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərir, müraciətlər üzrə təhlillər aparır, informasiya sorğuları cavablandırılır, müvafiq mövzularda hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir.













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).