5:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

     Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən "Naxçıvanın muxtariyyət statusu: tarixi və hüquqi aspektlər" mövzusunda seminar keçirilmişdir.

 

Noyabr ayında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində tədbir keçirmişdir.
Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşları Akif Ələsgərov, Babaş Məmmədov və hərbi hissənin əsgər, zabit və gizir heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev adı çəkilən mövzusuda geniş məruzə ilə çıxış edərək Naxçıvanın muxtariyyət statusunun əsasının 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulduğunu, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin statusun daha da möhkəmləndirildiyini bildirmiş və qeyd etmişdir ki, Moskva və Qars müqavilələrinin imzalanmasının böyük tarixi və hüquqi əhəmiyyəti vardır. Bu müqavilələr Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynamışdır. Moskva və Qars müqavilələrinin müddətsiz bağlanması Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsinə, regionun müdafiəsinə və Azərbaycanın ayrılmaz hissəsi olaraq onun tərkibində həmişəlik qalmasına şərait yaratmış, özünün gələcək təhlükəsizliyi üçün mühüm təminata çevrilmişdir. Çünki Naxçıvan bölgəsinə hər hansı bir vaxt edilən istənilən təcavüz və ya torpaq iddiası, onun hüquqi statusuna yönəlmiş qəsd beynəlxalq müqavilələrin pozulması deməkdir. Bu müqavilələrdə təsbit edilmiş muxtariyyət statusuna dair müddəalar Naxçıvanın ərazi toxunulmazlığının sarsılmaz qarantıdır.
    Naxçıvanın muxtar ərazi statusunun möhkəmləndirilməsində ötən illər ərzində qəbul olunmuş konstitusiyaların böyük rolu olmuşdur. 1926, 1937, 1978 və 1998-ci illərdə qəbul edilmiş konstitusiyaların hər biri Naxçıvanın muxtariyyət statusundan irəli gələn normaları özündə ehtiva etməklə muxtar ərazi statusunun möhkəmləndirilməsində, sabit dövlət quruculuğunun formalaşmasında, idarəçiliyin təkmilləşdirilməsində başlıca amil kimi çıxış etmişdir.
    A.Orucəliyev qeyd etmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlişi və burada fəal siyasətə başlaması xalqın gələcəyə olan ümidini özünə qaytarmış, Naxçıvanı Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda apardığı mübarizənin mərkəzinə çevirmişdir. Ümummilli lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə, eləcə də Azərbaycan Respublikasının Prezidenti olduğu illərdə Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyevin Naxçıvana gəlişi muxtar respublikanı əhatə edən təhlükələrdən, bu qədim diyarı erməni işğalından, beynəlxalq müqavilələrlə təsbit edilmiş muxtariyyət statusunu isə ləğv olunmaq təhlükəsindən xilas etmişdir. Nəticədə 1991-1993-cü illərdə ümummilli lider Heydər Əliyev çətin və mürəkkəb mərhələlərdən keçən Naxçıvan diyarını Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qoruyub saxlamağı bacarmışdır. Qeyd etmək lazımdır ki, hələ 1991-ci il yanvarın 11-də Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdır.
   Abil Orucəliyev sonda bildirmişdir ki, ümummilli liderin tarixi xidmətləri nəticəsində Naxçıvanın muxtariyyət statusu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında və Naxçıvan Muxtar Respublikasının hazırda qüvvədə olan Konstitusiyasında öz əksini tapmışdır.

                                                                                 18/11/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).