14:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

    Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş hüquq olimpiadası başa çatıb.



    25 noyabr 2014-cü il tarixdə Naxçıvan Dövlət Universitetində "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi"nə həsr olunmuş Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hüquq olimpiadasının son nəticələri ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov açaraq bu cür olimpiadaların keçirilməsinin əhəmiyyətindən danışıb.
   Tədbirdə "Naxçıvanın muxtariyyət statusu: tarixi və hüquqi aspektlər" mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova bildirilib ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubleyi istər ölkəmizdə, istərsə də muxtar respublikada çox geniş və təntənəli surətdə qeyd olunur. Naxçıvan Muxtar Respublikasının 90 illik tarixi ərzində muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, muxtar respublikamız böyük bir inkişaf yolu keçmişdir.
Müvəkkil qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət statusunun əsası 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi ilə qoyulmuş, 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilmişdir.
    Qeyd edilib ki, Naxçıvanın muxtar ərazi statusunun möhkəmləndirilməsində ötən illər ərzində qəbul olunmuş konstitusiyaların böyük rolu olmuşdur. 1926, 1937, 1978 və 1998-ci illərdə qəbul edilmiş konstitusiyaların hər biri Naxçıvanın muxtariyyət statusundan irəli gələn normaları özündə ehtiva etməklə muxtar ərazi statusunun möhkəmləndirilməsində, sabit dövlət quruculuğunun formalaşmasında, idarəçiliyin təkmilləşdirilməsində başlıca amil kimi çıxış etmişdir.
    Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanın muxtariyyət statusunu daim diqqət mərkəzində saxlamış, 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 134-cü maddəsində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi təsbit edilmişdir. Azərbaycanın yeni Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının muxtar dövlət kimi təsbit edilməsi muxtar respublikanın əsas qanununun qəbul edilməsini zəruri etmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 23 dekabr 1995-ci il tarixli 16-1 saylı qərarı ilə muxtar respublikada yeni Konstitusiya layihəsi hazırlayan komissiya yaradılmış, yeni konstitusiya layihəsi hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin rəhbərliyi ilə bu komissiyanın, onun işçi qrupunun tərkibinə təcrübəli mütəxəssislər, alimlər və ekspertlər daxil edilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa rəhbərliyi altında və onun gərgin əməyi sayəsində hazırlanmış sözügedən Konstitusiya layihəsi ingilis və fransız dillərinə tərcümə olunaraq rəy verilməsi üçün beynəlxalq təşkilatlara təşkilatlara təqdim olunmuş, beynəlxalq ekspertlərin ümumiləşdirilmiş rəyinə görə, layihə demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verməklə demokratik dövlətin siyasi və hüquqi təşkili prinsiplərinə uyğun hesab edilmişdir.
    Məruzəçi qeyd edib ki, layihənin son variantı Ulu öndər Heydər Əliyevin 12 aprel 1998-ci il tarixli məktubu ilə müzakirə edilmək üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə göndərilmiş, 28 aprel 1998-ci il tarixdə layihə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə uyğun olaraq, iki dəfə - 30 iyun və 29 dekabr 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Konstitusiya qanunu ilə təsdiq edilərək dövlət başçısı tərəfindən imzalanmışdır.
Diqqətə çatdırılıb ki, 1998-ci il dekabr 29-da qəbul olunan Naxçıvan Muxtar Respublikasının müasir ruhlu ilk milli Konstitusiyasının 1-ci maddəsi ilə Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika kimi müəyyən edilib ki, muxtariyyətinin 90 ili ərzində Naxçıvan heç zaman belə yüksək statusa malik olmamışdır.Ümummilli liderin tarixi xidmətləri nəticəsində Naxçıvanın muxtariyyət statusu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında və Naxçıvan Muxtar Respublikasının hazırda qüvvədə olan Konstitusiyasında öz əksini tapmışdır.
    Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Piri Nağıyev Muxtariyyət illərində Naxçıvanın təhsil sisteminin inkişafı mövzusundakı məruzəsində qeyd edib ki, ötən 90 il ərzində muxtar respublikada həyatın bütün sahələri ilə yanaşı, təhsilin inkişafında da bir sıra uğurlar qazanılıb.
    Məruzəçi bildirib ki, hazırda ümumtəhsil məktəblərində 600-ə yaxın elekron lövhədən, 84 faizi internet şəbəkəsinə qoşulmuş 3409 komputerdən istifadə edilir. mumtəhsil məktəblərində təhsil alan əlaçı şagirdlərdən 773 nəfərinə Ali Məclisin Sədri tərəfindən computer dəstləri və noutbuklar hədiyyə olunub.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə keçirilən olimpiadanın nəticələri bir daha onu göstərdi ki, bu gün muxtar respublikanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində gənclərin intellektual səviyyədə təhsil almaları diqqət mərkəzindədir.
   Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının şöbə müdiri Abil Orucəliyev çıxışında Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hüquq olimpiadasının təşkili, keçirilməsi və yekunu barədə məlumat verib. Nəzərə çardırılıb ki, iki turdan ibarət olan hüquq olimpiadasının I turu Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri arasında bu il noyabrın 5-də, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında isə noyabrın 8-də keçirilib. I turda Naxçıvan şəhəri və muxtar respublikanın 7 rayonu üzrsə 162 tam orta təhsil müəssisəsindən X-XI siniflər üzrə ümumilikdə 677 şagird iştirak etmişdir.
    Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən Olimpiadanın I turu Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsinin inzibati binasında keçirilmiş, bu turda ali təhsil müəssisələri üzrə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Özəl Universiteti və Naxçıvan Müəllimlər İnstitutundan II və III kurslar olmaqla 87 tələbə, orta ixtisas təhsili müəssisələri üzrə Naxçıvan Dövlət Texniki Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Tibb Kollecindən II və III kurslar olmaqla 91 tələbə, ümumilikdə isə 178 tələbə iştirak etmişdir.
   Test üsulu ilə keçirilən olimpiadanın I turunda tələbə və şagirdlər bir saat ərzində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarının müddəalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına dair 60 test tapşırığı üzrə biliklərini yoxlayıblar.
    Olimpiadanın I turunun nəticələri Münsiflər heyəti tərəfindən yoxlanılmış və I turda iştirak edən Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərini təmsil edən 677 şagirddən 76-sı, ali təhsil müəssisələrini təmsil edən 87 tələbədən 33-ü, orta ixtisas təhsili müəssisələrini təmsil edən 91 tələbədən 25-i 60 sual üzərindən 30 və daha çox bal topladıqlarına görə Münsiflər heyətinin qərarı ilə II turda iştirak etmək hüququ qazanmışlar.
   Naxçıvan Muxtar Respublikasının tam orta məktəblilərinin şagirdləri arasında Olimpiadanın II (Yekun) turu 21 noyabr 2014-cü il tarixdə, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Olimpiadanın II (Yekun) turu isə 22 noyabr 2014-cü il tarixdə Naxçıvan şəhər Şahmat Mərkəzində keçirilmişdir. Bu turda Naxçıvan Muxtar Respublikasının tam orta məktəblilərindən 74 şagird, ali təhsil müəssisələrindən 31, orta ixtisas təhsili müəssisələrindən isə 25 tələbə iştirak etmişdir.
   Sonda Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hüquq olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi"nə həsr olunmuş hüquq olimpiadasında ümumtəhsil məktəblərinin şagirdləri arasında Ordubad rayonunun Vənənd kənd tam orta məktəbinin XI sinif şagirdi Reyhanə Babayeva III yerə, Naxçıvan Qarnizonunun tam orta məktəbinin XI sinif şagirdi Müzəyyən Qədimova II yerə, Kəngərli rayonun Xok kənd tam orta məktəbinin X sinif şagirdi Tural Abbasov I yerə; Naxçıvan Muxtar Respublikasının orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Tibb Kollecinin üçüncü kurs tələbəsi Bəhruz Fətullayev III yerə, Naxçıvan Tibb Kollecinin ikinci kurs tələbəsi Rövsanə Möhsünova II yerə, Naxçıvan Dövlət Texniki Kollecinin III kurs tələbəsi Səkinə Haşımlı I yerə; Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinin tələbələri arasında isə Naxçıvan Dövlət Universitetinin üçüncü kurs tələbəsi Nuray Abbasova III yerə, Naxçıvan Müəllimlər İnstitutunun üçüncü kurs tələbəsi Ayşən Əliyeva II yerə, Naxçıvan Dövlət Universitetinin üçüncü kurs tələbəsi Ayşə Seyidova isə I yerə layiq görülüblər.
   Qaliblər Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) diplomları ilə təltif edilmiş, hədiyyələri ilə mükafatlandırılmışdır.

                                                                                                         26/11/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).