21:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Sərhəd Diviziyası ilə birgə təsdiq edilmiş müvafiq tədbirlər planına əsasən hüquqi maarifləndirmə tədbirləri 2015-ci ildə də davam etdirilmişdir.

Mart ayının 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Sərhəd Diviziyasının əməkdaşları tərəfindən Naxçıvan Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və Naxçıvan Sərhəd Diviziyasının müvafiq zastavalarının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Hərbi xidmət keçməkdən boyunqaçırma, hərbi hissəni və ya xidmət yerini öz başına tərk etmə və fərarilik" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Abil Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 327-ci maddəsində hərbi xidmət əleyhinə olan cinayətlərin anlayışı təsbit olunmuşdur. Belə ki, çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Təhlil edilən cinayətlərin ictimai təhlükəliliyinin təqsirkarın hərbi xidmətdən qəsdən boyun qaçırmanın, habelə hərbi xidmət vəzifələrini yerinə yetirmədən imtinanın daha təhlükəli üsullarından istifadə etməkdən ibarət olduğunu diqqətə çatdıran A.Orucəliyev vurğulamışdır ki, həmin əməlləri törədən hərbi qulluqçu eyni zamanda hərbi intizama, hərbi hissənin döyüş hazırlığına və döyüş qabiliyyətinə, ordunun və donanmanın şəxsi heyətinin komplektləşdirilməsinə ciddi zərər vurur.
Məruzəçi Azərbaycan Respublikası cinayət qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov Müvəkkil aparatı ilə birgə keçirilmiş belə tədbirləri yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulamışdır.
 
                                                                                                       01/04/2015














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).