21:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

          Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Naxçıvanda keçirilmiş "Azərbaycanın innovativ inkişafı" mövzusunda seminarda iştirak etmişlər.
          

       Aprel ayının 9-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə "Azərbaycanın innovativ inkişafı" mövzusunda seminar keçirilmişdir. Seminarda şəhər və rayon icra hakimiyyətlərinin,  müxtəlif nazirlik, komitə,  idarə və təşkilatların, o cümlədən Ombudsman Aparatının nümayəndələri iştirak etmişlər.

       Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki,  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında uzun illərdir ki, səmərəli əməkdaşlıq vardır. Bu əməkdaşlığın istər əlavə təhsilin təşkilində, istərsə də müxtəlif mövzularda keçirilən kurslarda muxtar respublikadan dövlət qulluqçularının iştirakı ilə həyata keçirildiyini diqqətə çatdıran A.Zeynalov bildirmişdir ki,  İdarəçilik Akademiyasında bu günədək 82 nəfər əlavə təhsilə göndərilmiş, 144 nəfər isə "Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti",  "Dövlətin sosial siyasəti",  "Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti",  "Azərbaycan Respublikasının gənclər siyasəti",  "Elektron hökumət" olmaqla, ümumilikdə 18 müxtəlif mövzulu kurslarda iştirak etmiş, nəticədə, dövlət qulluqçuları bilik və bacarıqlarını artırmış, Azərbaycanın müasir inkişaf konsepsiyası haqda geniş məlumata malik olmuş və səmərəli idarəetmə metodlarını öyrənmişlər.
       "Azərbaycanın innovativ inkişafı" mövzusunda keçirilən bugünkü seminarın da dövlət qulluqçularının bilik və bacarıqlarının təkmilləşməsində mühüm rolu olacağını qeyd edən A.Zeynalov vurğulamışdır ki, Muxtar respublika rəhbərinin İdarəçilik Akademiyası ilə yaradılmış işgüzar əlaqələri daim dəstəklədiyini nəzərə alaraq, əminik ki, əməkdaşlığımız bundan sonra da davam və inkişaf edəcəkdir.
       Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "İnnovativ inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında (2003-2014)" mövzusunda məruzə ilə çıxış edərək bildirilmişdir ki, seminar iştirakçılarına təqdim olunacaq məlumatlara ölkə­nin heç bir statistik mənbələrində rast gəlmək mümkün deyil. Həmin məlumatlar beynəlxalq təşkilatların rəsmi saytlarında yerləşdirilmiş rəsmi hesabatlardan götürülmüşdür və Azərbaycanın inkişafını özündə əks etdirir. Bu gün insan kapitalının formalaşdırılması, intellektual səviyyəli kadrların yetişdirilməsi mühüm məsələdir.
       Müasir standartlara cavab verən məktəb binalarının tikilməsinin, onların müasir avadanlıqlarla təmin edilməsinin, kompüterlərin internetə qoşulmasının bu günün reallığı olduğunu qeyd edən Akademik vurğulamışdır ki, bütün bunlar Azərbaycanda insan amilinə göstərilən böyük qayğının nəticəsidir və bu proses Naxçıvan Muxtar Respublikasında daha sürətlə həyata keçirilir. U.Ələkbərov muxtar respublikada hər bir sahədə əldə olunan inkişafı düzgün idarəetmənin təşkili ilə əlaqələndirmiş və bunun ölkənin bir sıra regionları üçün nümunə olduğunu diqqətə çatdırmış, seminarın yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.
       "Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov  tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, ölkəmizdə müəyyənləşdirilmiş idarəetmə strategiyası Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Düzgün idarəetmədə başlıca amil olan varisliyin qorunmasının nəticəsidir ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti inkişaf etmiş dünya dövlətləri tərəfindən qəbul edilir. Bu siyasəti Naxçıvan Muxtar Respublikasında da görmək mümkündür. Bunun nəticəsidir ki, muxtar respublikada bütün sahələr üzrə yüksək uğurlara nail olunmuşdur.  Naxçıvanda 2014-cü ildə ümumi daxili məhsulun 2,4 milyard manat olması, xarici ticarət dövriyyəsinin getdikcə artması məhz innovativ inkişafın nəticəsidir", - deyən Elman Nəsirov qeyd etmişdir ki,  blokada şəraitində olan bir diyarda idxalın 21, ixracın 79 faiz təşkil etməsi çox yüksək nəticədir. Bunların hamısı bir daha onu göstərir ki, Naxçıvanda aparılan islahatlar, idarəetmənin düzgün qurulması, nəticə etibarı ilə, muxtar respublikanın dinamik inkişafına səbəb olmuşdur.
      Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi" mövzusunda məruzə ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aparılmış sosioloji sorğunun nəticələrinə diqqəti cəlb edən Rəcəb Rəhimli gələcəkdə belə sorğuların davamlı xarakter alacağını bildirmiş və nəticələr əsasında qiymətləndirmənin aparılmasının təmin ediləcəyini vurğulamışdır.
         Sonra mövzu ilə əlaqədar müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır
.
         Sonda Azər Zeynalov seminarın təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirərək tədbirə yekun vurmuşdur.

                                                                                               17/04/2015














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).