1:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman tərəfindən Şərur rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

May ayının 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına əsasən Şərur rayon Polis Şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları Məhərrəm Həsənov, Adil Mehdiyev və Şərur rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "İnzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Müvəkkil Aparatının əməkdaşı xüsusilə vurğulamışdır ki, hamilə qadınlar və ya himayəsində səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinə əsasən inzibati həbsin, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə üç ay müddətinədək müəyyən olunduğunu və tətbiq edildiyini vurğulayan A. Orucəliyev bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər.
Daha sonra məruzəçi "Polis haqqında" Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Müvəkkil aparatı ilə birgə keçirilmiş tədbirləri yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məhərrəm Həsənov tədbirə yekun vurmuşdur.

22/05/2015














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).