11:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Naxçıvanda keçirilmiş 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş tədbirdə iştirak etmişlər.
 
İyun ayının 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Ombudsman Aparatının nümayəndələri də iştirak etmişdir.
Əvvəlcə teatrın foyesində uşaqların əl işlərindən, rəsm əsərlərindən və uşaqların intellektual inkişafına, onların dünyagörüşünün formalaşmasına xidmət edən və muxtar respublikada müxtəlif dövrlərdə uşaqlar üçün nəşr olunmuş kitablardan ibarət sərgi nümayiş etdirilmiş, xüsusi istedada malik olan uşaqların bədii tikmə və dekorativ tətbiqi sənət nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvan Muxtar Respublikasında uşaqların hüquq və sağlamlıqlarının qorunması, onların təhsili, təlim-tərbiyəsi istiqamətində görülən işlər barəsində danışaraq qeyd etmişdir ki, uşaqların peşə məktəblərinə cəlbi, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı daim diqqət mərkəzində saxlanılır. Məruzəçi bu sahədə görülən işlər barəsində ətraflı məlumat verərək uşaqlrın asudə vaxtlarının düzgün təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatında iştirakının təmin edilməsində Muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Uşaq Kitabxanası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi, şahmat məktəbləri və onlarla digər məktəbdənkənar tərbiyə müəssisələrinin mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. 
Daha sonra Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycana, Naxçıvana və ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət etmiş, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və uşaq musiqi məktəblərinin mahnı və rəqs qruplarının maraqlı çıxışları olmuşdur.
Qeyd etmək lazımdır ki, Muxtar respublikada uşaqların hüquqlarının müdafiəsinə, təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə, onların cəmiyyətə inteqrasiyasına, habelə asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərilir və bu istiqamətdə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. Uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri cənab Vasif Talıbov tərəfindən 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq olunan "Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında" 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq "Gənc istedadların "Qızıl kitabı"nın yaradılması, 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı"nın qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə ayırdığı diqqətin bariz ifadəsidir. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi və uşaq hüquqlarına dair maarifləndirmə işlərinin həyata keçirilməsidir. Müvəkkil Aparatı tərəfindən əhalinin digər sosial qrupları ilə yanaşı, uşaqların hüquqlarının müdafiəsi də daim diqqət mərkəzində saxlanılmış, digər dövlət orqanları ilə birgə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmiş, müxtəlif maarifləndirici vəsaitlər hazırlanmışdır.
 
03/06/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).