2:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Muxtar respublikada insan hüquqlarının qorunması dövlət siyasətinin əsas tərkib hissəsini təşkil edir

Ulu öndər Heydər Əliyåv: "Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən, hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir.
Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilən hüquq islahatları dövlətçiliyimizin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına real zəmin yaratmışdır. Dahi liderin 1993-cü ildə moratorium qoyduğu ölüm hökmü 1998-ci ildə tamamilə ləğv edilmiş, bununla da, Azərbaycan, bütövlükdə, Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə kimi tarixə düşmüşdür.
1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi ön plana çıxmışdır. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qəbul edilməsi isə Konstitusiyanın müddəalarından irəli gələn tələblərə, ölkəmizin qoşulduğu konvensiyalara, qəbul edilən qanunvericilik aktlarına müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini artırmış və qanunvericilik bazası daha da təkmilləşdirilmiş, ilk dəfə olaraq müvəkkil təsisatı yaradılmışdır.
Əsası ulu öndərimiz tərəfindən qoyulmuş insan hüquq və azadlıqlarının qorunması işi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ölkəmizdə insan hüquqlarının qorunması sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Milli Fəaliyyət Proqramının qəbulundan sonra ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət konsepsiyası təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin davamlı inkişafı təmin edilmişdir.
Demokratik dövlət quruculuğunun ən mühüm amili olan insan hüquq və azadlıqlarının müdafiəsinin təmini ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərAzərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və böyük zəhməti sayəsində 20 fevral 2006-cı ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanun qəbul edilmiş və bunun davamı kimi Muxtar Respublikada konstitusion stausuna uyğun olaraq insan hüquqlarının yeni müdafiə mexanizmi olan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı yaradılmışdır.
Ölkə başçısının "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Belə ki, fərmanın qəbul edilməsindən ötən dövr ərzində məhkəmə orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, alternativ müdafiə mexanizmi kimi Müvəkkil təsisatının fəaliyyəti təmin edilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilmiş, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edilmişdir.
Muxtar respublikada vətəndaşların konstitusion hüquq və azadlıqlarının təmin edilməsi ilə yanaşı, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində də zəruri işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na uyğun olaraq, uşaq müəssisələrində uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər görülmüş, uşaqların elektron məlumat bankının yaradılmasına başlanılmışdır. Bundan başqa, muxtar respublikada uşaqların peşə məktəblərinə cəlbi, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının düzgün təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı" da bu istiqamətdə atılan növbəti mühüm addımlardandır. Proqramda inklüziv və məsafədən təhsil üçün əsaslı zəminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin səmərə və keyfiyyətinin yüksəldilməsi və bu sahədə müvafiq pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məsələləri öz əksini tapmışdır. Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin olunması məqsədilə qəbul olunan bu proqramın uğurlu icrası sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin başlanğıcını qoymuşdur. Belə ki, 2014-cü il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmiş, əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verməyən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqların təhsil almaq hüququ təmin edilmişdir.
Muxtar respublikada qadınların və ahılların hüquqlarının müdafiəsi də daim diqqət mərkəzində saxlanılmış və bu sahədə çoxsaylı tədbirlər həyat keçirilmişdir.
Məhkumların hüquqlarının müdafiəsinin etibarlı təmin edilməsi də insan hüquqlarının qorunması sahəsində mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada məhkumların hüquqlarının daha etibarlı təminatı, sosial reabilitasiyası, məşğulluğu, asudə vaxtlarının təşkili, onlara tibbi yardımın göstərilməsi daim diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonu ərazisində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi tikilərək istifadəyə verilmişdir. Bu müəssisədə məhkumların, təqsirləndirilən şəxslərin saxlanılması şəraiti ilə bağlı müasir meyarlar tətbiq olunmuş, onların hüquqlarının daha da yüksək səviyyədə təmin olunması, məhkəmə baxışının və qərarlarının vaxtında icra edilməsi üçün əlverişli şərait yaranmışdır.
Hər bir sivil cəmiyyətdə insan hüquqlarının qorunmasının başlıca meyarlarından biri də söz, mətbuat və informasiya azadlığının təmin olunması hesab olunur. Hazırda muxtar respublikada söz və mətbuat azadlığı etibarlı qorunur, kütləvi informasiya vasitələri əməkdaşları üçün lazımi şərait yaradılır. Son illər teleradio və qəzetlərin iş şəraiti xeyli yaxşılaşdırılmış, jurnalistlərin sərbəst fəaliyyəti təmin edilmişdir. Bununla yanaşı, əhalinin informasiya almaq və bunun ən çevik forması olan internetdən istifadə imkanları artırılmışdır.
Muxtar respublikada insan hüquqlarının təminatı və müdafiəsi üçün bütün imkanlar yaradılmışdır. Muxtar Respublikamızda yaradılan şərait, görülən bütün işlər isə öz növbəsində hər kəsin öz hüquq və azadlıqlarını həyata keçirməsinə, o cümlədən hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixinin insan hüquqları günü elan olunması respublikamızın prioritet seçdiyi bu mütərəqqi yolun dönməzliyinin və əbədiliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyinin bariz nümunəsidir.
Muxtar respublikada Konstitusiyamızda təsbit edilmiş insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

18/06/2015













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).