11:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasında insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmışdır.

Bu fikirlər 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə bağlı keçirilmiş dəyirmi masada səsləndirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov 18 iyun Azərbaycan Respublikasında insan hüquqları günü ilə bağlı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında" 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir. 
C.Rüstəmov Azərbaycanda insan hüquq və azadlıqlarının təminatının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək insan və vətəndaş hüquq və azadlıqlarının konstitusion əsaları və milli qanunvericilikdə təsbit edilməsi, yaşamaq hüququ, həmçinin təhlükəsiz yaşamaq hüququ sahəsində ölkəmizdə, o cümlədən Muxtar Respublikamızda həyata keçirilən tədbirlər və görülmüş işlər barəsində geniş məlumat vermişdir.
İnsan hüquqları və demokratiyanın bütün ölkələrdə inkişafın əsas istiqamətlərindən biri olduğunu vurğulayan Cəlil Rüstəmov qeyd etmişdir ki, Azərbaycan Respublikası da müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərləri əsas götürərək dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf istiqaməti kimi müəyyən etmişdir.
Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının 1995-ci ildə Ümummili Lider Heydər Əliyev və onun rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq referendum yolu ilə qəbul edildiyini, konstitusiyamızın ikinci bölməsinin və konstitusiyamızın əksər hissəsinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunduğunu diqqətə çatdıran Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, Konstitusiyada təsbit edilən əsas hüquq və azadlıqları ümumdünya səviyyəsində beynəlxalq hüquqda qəbul olunmuş, konvensiya və beynəlxalq sənədlərə uyğun olaraq hazırlanmışdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında insan hüquqlarının təminatı ilə bağlı bu gün görülən işlər demək olar ki, konstitusiyada təsbit olunmuş insan hüquqlarının tam həyata keçirilməsini təmin etmişdir.
Cəlil Rüstəmov yaşamaq hüququ və onun real təminatı barədə çıxış edərək qeyd etmişdir ki, ölkəmizdə son 20 ildə həyata keçirilən tədbirlər, yəni yeni yaradılan səhiyyə müəssisələri, istirahət turizm obyektləri, yeni yaradılan yaşayış binaları və insanların layiqli həyat səviyyəsini təmin edən digər mühüm infrastrukturlar yaşamaq hüququnun real təminatını təmin etmişdir. Bununla yanaşı bu gün ölkəmizdə, o cümlədən, Muxtar Respublikada yaradılan şərait, yeni təhsil müəssisələri, yeni yaşayış obyektləri, yeni turizm obyektləri insanlara layiqli həyat səviyyəsinin yaradılmasına xidmət etmişdir. 
Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunmasının məhz yaşayış hüququnu təmin edən ən mühüm addımlardan biri olduğunu qeyd edənC.Rüstəmov vurğulamışdır ki, Azərbaycan xalqının Ümummili Lideri tərəfindən 1998-ci ildə bu təşəbbüsün irəli sürülməsi ölkədə müsbət qarşılanmış, 1998-ci ildə ölüm hökmünün ləğvi ilə Azərbaycan şərqdə ilk dəfə olaraq bu cəzanın ləğvini həyata keçirən dövlət olmuşdur.
Dəyirmi masada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova "Naxçıvan Muxtar Respublikasında insan hüquq və azadlıqlarının hüquqi təminat mexanizmləri" mövzusunda çıxış edərək qeyd etmişdir ki, demokratik hüquqi dövlət quruculuğu yolunu özünün inkişaf yolu kimi bəyan edən Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının müdafiəsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, eyni zamanda davamlı inkişafa, demokratik dəyərlərə əsaslanan yeni hüquq sisteminin yaradılmasına şərait yaratmışdır. 
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların sosial, iqtisadi, siyasi və mədəni hüquqlarının təmin edilməsi ilə bağlı real addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin təşəbbüsü və böyük zəhməti sayəsində Muxtar Respublikanın konstitusion statusuna uyğun olaraq insan hüquqlarının müdafiəsinin yeni mexanizmi olan Ombudsman təsisatının yaradıldığını qeyd edən Müvəkkil bildirmişdir ki, təsisatın maddi-texniki bazasının yaradılması, ümumiyyətlə onun fəaliyyətinin formalaşdırılması üçün müvafiq işlər görülmüşdür. 
Bildirilmişdir ki, ölkə başçısının "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2 noyabr 2006-cı il tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmiş, yəni daha dəqiq desək fərmanın qəbul edilməsindən ötən dövr ərzində məhkəmə orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, alternativ müdafiə mexanizmi kimi Müvəkkil təsisatının fəaliyyəti təmin edilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilmiş, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov muxtar respublikanın müəssisə və təşkilatlarında işçilərin əmək hüquqlarının qorunması barəsində məlumat verərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar muxtar respublika əhalisi arasında məşğulluq sahəsinin artmasına, eyni zamanda əmək bazarının inkişafına səbəb olmuşdur ki, bütün bunlar da iş yerlərində işçilərin əmək hüquqlarının qorunması məsələsinə nəzarətin artırılmasını tələb edir.
Diqqətə çatdırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli sərəncamı ilə "2014-2015-ci illərdə NMR-də əhalinin məşğuluğunun artırılması ilə bağlı Dövlət Proqramı" təsdiq edilmiş, işçilərin hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra tapşırıqlar verilmişdir. Burada əsas məqsəd qeyri-formal məşğulluğun qarşısının alınması, yəni daha dəqiq desək, işəgötürənlə işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, təkmilləşdirilməsi, eyni zamanda əmək haqlarının əmək müqaviləsində rəsmi olaraq göstərilməsindən ibarətdir.
C.Səfərov qeyd etmişdir ki, Muxtar Respublikanın surətli iqtisadi inkişafı eyni zamanda tikinti-quruculuq işlərinin həcminin artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və təbii ki, bu da iş yerlərində əməyin təhlükəsizliyi məsələsinə nəzarətin artırılmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikasında təhsil hüququnun inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi yanında Bilik Fondunun Himayəçlik Şurasının üzvü, Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov qeyd etmişdir ki, XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını üzərinə götürmüş Ulu Öndərimiz Heydər Əliyev uzaqgörənliyi və müdrik siyasəti nəticəsində güclü kadr potensiyalı yaratmaqla təhsil quruculuğu sahəsində bu gün yaradılan uğurların bünövrəsini qoymuşdur. Ümummilli Liderin ideyaları işığında intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında təhsil bir prioritet istiqamət təşkil edir. Respublikamızın şəhər, rayon və qəsəbələrində son 10 il ərzində ən keyfiyyətli, dünya standarlarına cavab verən, hər cür avadanlıqlarla təmin olunan məktəblər tikilib istifadəyə verilmiş, məktəblilərin asudə vaxtının səmərəli keçirmək məqsədilə məktəbdənkənar müəssisələr yenidən tikilərək istifadəyə verilmişdir.
"Təhsilin inkişafında vacib amillərdən biri də müasir infrastrukturun yaradılmasıdır" deyə çıxış edən N.Məmmədov vurğulamışdır ki, yeni texnologiyaların tədrisdə tətbiqi məktəblərdə dərslərin daha səmərəli təşkilinə, dünyagörüşlü və savadlı gənclərin yetişdirilməsinə imkan verir. Son illər muxtar respublikada ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər də bu məqsədə xidmət edir.
N.Məmmədov diqqətə çatdırmışdır ki, Naxçıvanda təhsilin orta, orta ixtisas və ali təhsil pillələrinin inkişafı istiqamətində görülən işlər, tikilən məktəb binaları, yaradılan müasir universitet şəhərcikləri Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir. Təhsil sahəsinə göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu gün ucqar Tivi, Ləkətağ, Şada və ya Havuş kəndlərindəki müasir məktəb binalarında təhsil alan şagirdlər ən son model kompüter texnologiyalarından istifadə edərək internet vasitəsilə dünyaya səyahət edir, ali məktəb müəllimləri və tələbələri isə heç bir çətinlik çəkmədən dünyanın ən qabaqcıl ölkələrinin universitetləri ilə videokonfrans əlaqəsi yaradırlar. Bütün bunlar Azərbaycanda, o cümlədən muxtar respublikamızda təhsilin inkişafının bariz ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında keyfiyyətli hüquqi yardımın göstərilməsi sahəsində insan hüquq və azadlıqlarının real təminatı üçün görülən işlər barəsində məlumat verən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev qeyd etmişdir ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində ilk əsas qanunumuz olan 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyası ilə dünyəvi, demokratik və hüquqi dövlətin əsası qoyulmasından sonra qanunvericilk sistemi təkmilləşdirilməyə başlanıldı. Bununla bağlı 24 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanunu qəbul edildi. Məhz bu Konstitusiya Qanununun qəbulundan sonra insan hüquq və azadlıqlarının təmini istiqamətində geniş işlər görülməyə başlanıldı. Görülən işlərə nümunə kimi Ombudsman təsisatının yaradılmasını qeyd etmək olar ki, bu da insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ən mühüm institutlardan biridir. Qeyd etmək yerinə düşərdi ki, Naxçıvan Muxtar Respublikasında 2005-ci ildə qəbul edilmiş "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanuna uyğun olaraq 2006-cı ildə muxtar respublikamızda insan hüquq və azadlıqlarına geniş təminat verən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı yaradılmışdır.
Ə.Allahverdiyev qeyd etmişdir ki, bundan başqa insan hüquqlarının daha da genişləndirmək məqsədilə 2008-ci ildən fəaliyyət göstərən Naxçıvan şəhər Hüquq Məsləhətxanasının bazasında Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyası yaradılmışdır. 24 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya qanunu qəbul edilməsi ilə Azərbaycanın bir sıra beynəlxalq konvensiyalar qoşulması, 2004-cü ildə Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası qanununa dəyişiklik edilməsi ilə Azərbaycan Respublikasının vətəndaşlarının öz hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqlarının təsbit olunması, daha sonra 2006-cı ildə Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi keyfiyyətli hüquqi yardımın göstərilməsi sahəsində insan hüquq və azadlıqlarının real təminatı üçün görülən işlərin real ifadəsidir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Ramilə Seyidova muxtar respublikada qadın və uşaq hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat vermişdir.
R.Seyidova bildirmişdir ki, ölkəmizdə qadın və uşaq siyasətinin hüquqi əsasları formalaşmış, eyni zamanda bu sahələrlə bağlı qanunvericilik bazası təkmilləşdirilmişdir. Əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin qadın və uşaq siyasəti bu gün ölkəmizdə, eləcə də Muxtar Respublikamızda uğurla həyata keçirilir. Belə ki, bu sahə ilə bağlı çoxsaylı dövlət proqramları qəbul olunmuş və hal-hazırda bu proqramlar uğurla icra edilir. Ümumiyyətlə son 20 ildə Muxtar Respublikamızda geniş vüsət almış quruculuq işləri bilavasitə uşaqların təhsilinin, intelektual səviyyələrinin inkişafına da yönəldilmişdir. 
Naxçıvan Muxtar Respublikasında uşaqların hüquqlarının həyata keçirilməsinin tərkib hisssələrindən biri də uşaqlarımızın təhsil hüququdur. Uşaqların təhsil hüquqlarının həyata keçirilməsi ilə bağlı həyata keçirilən geniş miqyaslı islahatlar uşaqlarımızın ilbəil təhsil səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır. Muxtar Respublikada uşaqların təhsil hüquqları ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının qorunması, intelektual səviyyələrinin yüksəldilməsi ilə də bağlı bir çox tədbirlər həyata keçirilir. Buna uyğun olaraq məktəbdənkənar təlim-tərbiyə müəssisələri, məktəbəqədər təhsil müəssisələri tikilərək onların istifadəsinə verilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir. 
Qeyd olunmuşdur ki, Muxtar respublikada qadın hüquqlarının müdafiəsi ilə bağlı da mühüm işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha bir göstəricisidir. 
Sonra Naxçıvan Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarənin sədri Vüqar Babayev vicdan azadlığı sahəsində Naxçıvan Muxtar Respublikasında görülən işlər barəsində məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 48-ci maddəsində hər kəsin vicdan azadlığı təsbit edilmişdir. Hər kəsin dinə münasibətini müəyyənləşdirmək, dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək yaxud etiqad etməmək, dini etiqadını yaymaq hüququ vardır. Vicdan azadlığının insan hüquq və azadlıqlarının ən əsas qollarından biri olduğunu vurğulayan V.Babayev bütün haqların dini etiqad və vicdan azadlığı ilə birbaşa qarşılıqlı əlaqədə olduğunu bildirmişdir. 
V.Babayev diqqətə çatdırmışdır ki, bu gün istər ölkəmizdə, istərsə də Muxtar Respublikamızda insanların vicdan azadlığının təmin edilməsi üçün bir sıra işlər görülmüşdür. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insanların milli mənəvi dəyərlərə, o cümlədən dini dəyərlərə qayıdışı surətlənmişdir. Ümummil Liderimiz hər zaman dini atributlara və din xadimlərinə xüsusi diqqət və qayğı göstərmiş, dindarlarla sıx münasibətdə olmuşdur. 
"Bu gün bu siyasət ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir" deyə çıxış edən V.Babayev vurğulamışdır ki, ölkə Prezidenti tərəfindən davamlı olaraq kilsələr, sinəqoqlar, məscidlər tikilir və ya təmir edilir. Bu öz növbəsində ölkədə yaşayan bütün insanların və onların vicdan azadlığının, dini etiqad azadlığının təmin edilməsi üçün həyata keçirilən ən mühüm addımlardan biridir. Bu siyasət Muxtar Respublikamızda da uğurlu şəkildə həyata keçirilir. Muxtar respublikamızda yaşayan bütün insanların və onların vicdan azadlığının, dini etiqad azadlığının təmin edilməsi üçün əlverişli şərait yaradılmışdır. 
V.Babayev qeyd etmişdir ki, bu gün fəxr hissi ilə deyilməlidir ki, Naxçıvan Muxtar Respublikasında ənənəvi təriqətlərə sahib olan insanların eyni məsciddə bir din xadiminin arxasında ibadətlə məşğul olur. Bunu dünyanın digər ölkələrində görmək qeyri mümkündür. Bu muxtar respublikamızda aparılan din-dövlət siyasətinin bariz nümunəsidir, bu muxtar respublika rəhbərliyinin dindarlara və din xadimlərə göstərdiyi qayğının nəticəsidir. Bütün bunlar istər ölkəmizdə, istərsə də muxtar respublikamızda vicdan azadlığının təmin edilməsi üçün yaradılan şəraitdir.
Sonda tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov yekun vurmuşdur.
 
18/06/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).