Ombudsman Aparatının əməkdaşları hüquqi maarifləndirmə tədbirlərini davam etdirmişdir. Avqust ayının 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirmişdir. Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşları və N saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak etmişlər. Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı bugünədək Ombudsman Aparatı ilə əsgər və zabitlərin müxtəlif mövzularda hüquqi marifləndirliməsinə dair bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin xüsusi önəm daşıdığını və hərbi qulluqçuların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsi, həmçinin hərbi hidmətin hüquqi əsaslarının gənc əsgərlərimizə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Hərbi xidmətlə əlaqədar olaraq hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Abil Orucəliyev qeyd etmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən hərbi qulluqçular bu qanunla Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin tədiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 154-cü maddəsinə əsasən hərbi xidmətlə bağlı olaraq hərbi qulluqçuların bəzi hüquq və azadlıqlarının məhdudlaşdırıldığını vurğulayan A.Orucəliyev qeyd etmişdir ki, hərbi qulluqçulara siyasi partiya və təşkilatlarda olmaq, onların seçkili orqan və vəzifələrə müstəqil namizədlərin xeyrinə bu və ya digər formada təbliğat aparmaq, seçkilərdə səsə qoyulmaq, tətil elan etmək və onda iştirak etmək qadağan olunur. Ombudsmanın nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. Daha sonra məruzəçi hərbi qanunvericiliyin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 26.08.2015
|