19:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Culfa rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Oktyabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Culfa rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları Fariz Nəsirov, Elnur Rzayev və Culfa rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Seçki hüququ və onun qanunvericilikdə təsbiti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinə əsasən Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir.
Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşmasının demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edildiyini vurğulayan Abil Orucəliyev bildirmişdir ki, seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə birbaşa təsirini ifadə edən, dövlət hakimiyyətini legitimləşdirən, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixdə qəbul olunmuş Konstitusiyası səviyyəsində təsbit edilmiş əsas hüquqlar sırasındadır.
Ombudsmanın nümayəndəsi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.8-ci maddəsinə əsasən, seçki hüququ Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi də daxil olmaqla səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququdur.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və digər qanunvericilik aktlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Elnur Rzayev yekun vurmuşdur.
 
16.10.2015 

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).