2:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Babək rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Babək rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Babək rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında aparılan hüquqi islahatlar ilə demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqlarının ən ali dəyər kimi qorunması, insan və cəmiyyətin mənafeyinin daha önə çəkilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmişdir.
Ölkəmizin milli qanunvericilik bazasının qısa zaman kəsiyində təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırıldığını vurğulayan Abil Orucəliyev bildirmişdir ki, milli qanunvericiliyin durmadan təkmilləşdirilməsi ilə yanaşı, Respublikamız tərəfindən çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən 31 may 1996-ci il tarixli qanunla BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası", həmçinin 2 dekabr 2008-ci il tarixli qanunla isə bu Konvensiyanın Fakültativ Protokolu ratifikasiya edilmişdir.
Ombudsmanın nümayəndəsi tədbir iştirakçılarına işgəncə haqqında məlumat verərək qeyd etmişdir ki, həmin Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiyanın məqsədləri üçün «işgəncə» dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür. 
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası, onun Fakültativ Protokolu, həmçinin digər qanunvericilik aktlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev yekun vurmuşdur.
 
14.11.2015

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).