16:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda "Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi" mövzusunda təlim keçirilmişdir.

Mayın 27-də Naxçıvan şəhərində yerləşən "Duzdağ" otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərqi Avropada və Cənubi Qafkazda sığınacaq sisteminin keyfiyyətinin artırılması layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi" mövzusunda təlim keçirilmişdir.
Təlimdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası, Culfa və Sədərək rayon Prokurorluğunun əməkdaşları, həmçinin Culfa və Sədərək rayon Məhkəməsinin hakimləri iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, təlimdə, həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov da iştirak etmişdir.
Təlimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaçqın, məcburi köçkün və miqrasiya problemləri şöbəsinin müdir müavini Telman Məmmədov açaraq qeyd etmişdir ki, surətli sosial-iqtisadi inkişafın əsas xüsusiyyətlərindən biri də ölkədə aparılan siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin görülməsi dövlətimizin diqqət mərkəzində saxlanılır. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı müvafiq normativ-hüquqi aktların qəbul edilməsi də bunu təsdiq edir.
Təlimdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdir müavini xanım Maqdalena Aquilar Pulido bildirdi ki, təlimin məqsədi ölkənin sərhəd rayonlarında işləyən və sığınacaq-miqrasiya məsələlərinə cəlb olunan hökumət rəsmilərinin bacarıq, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsinə töhvə verməkdən ibarətdir.
Sonra təlimin proqramında nəzərdə tutulan məsələlərlə bağlı məruzələr dinlənilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Sənan Hacıyevin "Milli QSM proseduru, sığınacağa dair milli istiqamətləndirmə prosesi", "Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı və Azərbaycandakı fəaliyyəti", "Sığınacaq axtarmaq hüququ və geri qaytarmama (non-refoulement) prinsipi" və "Sığınacaq axtaran şəxslərin saxlanılması" mövzularında, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirovanın "Qaçqınların himayəsi sahəsində Ombudsman Aparatının fəaliyyəti" mövzusunda məruzələri dinlənilmişdir.
Sonra Təlimdə iştirak edənlər tərəfindən çıxış edilən mövzular üzrə müzakirələr, səmərəli fikir və təcrübə mübadiləsi, qarşılıqlı sual-cavab aparılmışdır.
Təlimin sonunda iştirakçılara kurs materiallarından ibarət hüquq ədəbiyyatları paylanılmışdır.

31/05/2016














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).