1:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 
İyunun 24-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları tərəfindən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının müvafiq zastavalarının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirlərdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyevin "Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Müvəkkil Aparatının əməkdaşı A.Orucəliyev çıxış edərək qeyd etmişdir ki, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması hərbi hüquq qaydasına, qoşunun və donanmanın şəxsi heyətinin daimi döyüş hazırlığının təmin olunması mənafelərinə zərər vurur. Bundan başqa, həmin əməllərin törədilməsi hərbi qulluqçuların sağlamlığını da təhlükə altına alır. 
"Hərbi qulluqçuların qarşılıqlı münasibətləri, həmin münasibətləri tənzim edən qaydalar hərbi nizamnamələrdə səhih şəkildə müəyyən edilir" deyə çıxış edən məruzəçi bildirmişdir ki, bu qaydanın əsas tələbləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət və İntizam Nizamnamələrində təsbit edilir və hərbi intizam hər bir hərbi qulluqçudan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, qulluq etdiyi hərbi hissənin (gəminin) və öz hərbi rütbəsinin şöhrətini şərəflə qorumağı tələb edir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət və İntizam Nizamnamələrinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov qeyd etmişdir ki, hərbi hissə və bölmələrdə şəxsi heyət arasında nizam-intizam gücləndirilməli, əsgəri dostluq, yoldaşlıq münasibətləri və milli həmrəylik ruhu daha da möhkəmləndirilməlidir.
 
28/06/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).