19:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da iştirak etmişlər. 
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Naxçıvan Biznes Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak açıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev çıxış edərək konfrans iştirakçılarına uğurlar arzulayıblar.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə ölkə direktoru Mikayela Meredit çıxış edərək bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla birgə illərdir, hazırda quldarlığın müasir forması hesab edilən insan alverinə qarşı mübarizə aparır. İnsan alveri ilə məşğul olanlar hələ də hüquq-mühafizə orqanlarından yayına bilirlər. Belə olan halda dövlət və ictimaiyyət bu cinayəti ifşa etmək üçün dəstək verməlidirlər. Eyni zamanda dünya dövlətləri bu cinayətlə mübarizədə onun qurbanlarının ehtiyaclarını da təmin etməlidirlər.
Mikayela Meredit qeyd edib ki, bizim Azərbaycana dəstəyimiz hər zaman tərəfdaşlıq üzərində qurulub. ABŞ-ın dəstəyi Azərbaycan hökumətinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyənləşdirdiyi prioritetlərə əsasən davam edir. Bu prioritetlərdən biri də insan alverinə qarşı mübarizədir. 2015-ci ilin oktyabr ayından etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə insan alverinə qarşı mübarizə fəaliyyətini "İnsan Alverinə Qarşı Mübarizə" layihəsi ilə həyata keçirir. Bu layihə çərçivəsində insan alveri qurbanlarının sığınacaqları və onların imkanlarının genişlənməsi üçün dəstək göstərilir. ABŞ Dövlət Departamentinin Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən icra edilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi" layihəsini vurğulayan Mikayela Meredit bildirib ki, layihə səhiyyə işçilərinin insan alveri qurbanlarının müəyyənləşdirilməsi və onlara müvafiq yardımların göstərilməsi üçün texniki imkanlarının genişləndirilməsi məqsədini daşıyır. Bu layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin tərəfdaşlığı ilə birgə həyata keçirilir. 
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixdə imzaladığı Sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı" Azərbaycanda bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını nümayiş etdirir. Bu istiqamətdə davamlı səylərə görə Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə təşkilatçılara minnətdarlığını bildirib, belə bir tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, BMT tərəfindən 30 iyul tarixinin İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü elan edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək və buna qarşı birgə mübarizə aparmaqdan ibarətdir. XXI əsrdə biz hələ də insan alverinin müxtəlif növləri ilə rastlaşırıq və hazırda dünyada belə qurbanların sayı 20 milyondur. İnsan alveri təkcə ayrı-ayrı ölkələr üçün problem yaratmır, eyni zamanda transmilli cinayətkarlığa yol açır. Buna görə də biz hamılıqla bu problemə qarşı mübarizə aparmalıyıq.
Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviç və Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Argentina Şabadoş çıxışlarında insan alverini insanlığa qarşı cinayət adlandırıblar. Bütün dünya dövlətləri tərəfindən birgə mübarizənin vacibliyini vurğulayan natiqlər Azərbaycan hökumətini bu sahədə göstərdiyi səylərə görə dəstəklədiklərini ifadə ediblər.
Sonra konfransda panel müzakirələrinə başlanılıb. Müzakirələr "İnsan alveri hallarının təhqiqatı", "İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi", "İnsan alveri ilə mübarizədə təhsilin rolu", "İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə: qlobal və milli kampaniyalar", "İnsan alverinin uşaq və qadın qurbanlarının müdafiəsi və onlara yardım", "İnsan alveri hallarının cinayət təqibi və mühakimə" mövzularında aparılıb.
Qeyd edək ki, konfransda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının və digər müvafiq qurumların, ictimai birliklərin nümayəndələri, yerli və əcnəbi ekspertlər iştirak ediblər.
Həmin gün qonaqlar muxtar respublikanın bir sıra tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar.
 
01/08/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).