19:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Avqust 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasovun "Birləmiş Millətlər Təşkilatının 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyasının milli qanunvericiliyimizdə təsbiti" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
A.Abbasov qeyd etmişdir ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə müstəqilliyini bərpa etdikdən sonra respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılmış, uşaq hüquqlarının təminatı ilə bağlı aşağıdakı beynəlxalq müqavilələrə qoşulmaqla milli qanunvericilik daha da təkmilləşdirilmişdir.
"BMT-nin 20 noyabr 1989-cu ildə qəbul etdiyi "Uşaq hüquqları haqqında" Konvensiya uşaq hüquqları sahəsində əvvəllər qəbul edilmiş sənədlərlə müqayisədə ən dolğun və bu hüquqların beynəlxalq hüquq normaları qüvvəsinə bərəbər tutan ilk sənəddir" deyə çıxış edən Ombudsmanın nümayəndəsi bildirmişdir ki, bu Konvensiya Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir və bu Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olaraq milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar həyata keçirilməsindən söhbət açan Asiman Abbasov vurğulamışdır ki, Azərbaycan Respublikasında da uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra qanunvericilik aktları, mühüm dövlət proqramları qəbul edilmişdir ki, bütün bunlar da uşaq hüquqlarının səmərəli müdafiəsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə, təhsil, sağlamlıq hüquqlarının qorunmasına xidmət edir.
Muxtar respublikada uşaqların hüquqlarının müdafiəsinə, təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə, onların cəmiyyətə inteqrasiyasına, habelə asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət göstərilməsindən danışan natiq tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi və uşaq hüquqlarına dair maarifləndirmə işlərinin həyata keçirilməsidir. Müvəkkil Aparatı tərəfindən əhalinin digər sosial qrupları ilə yanaşı, uşaqların hüquqlarının müdafiəsi də daim diqqət mərkəzində saxlanılmış, digər dövlət orqanları ilə birgə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmiş, müxtəlif maarifləndirici vəsaitlər hazırlanmışdır.
Məruzəçi Birləmiş Millətlər Təşkilatının 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunun müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov yekun vurmuşdur.
 
12/08/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).