13:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sədərək Rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Avqustun 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək Rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Sədərək Rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin "Şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerində saxlanması zamanı qanunvericiliyin tələblərinin yerinə yetirilməsi" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Məruzə zamanı Abil Orucəliyev qeyd etmişdir ki, azadlıq və toxunulmazlıq hüququnun tarixi bir kökü vardır. Bu hüquq bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 9-cu maddəsi bu hüququ təminat altına alır ki, azadlıq hüququnun da başlıca məqsədi fərdin fiziki azadlığının qanunsuz həbsdən qorunmasını təmin etməkdir.
Azadlıq hüququ ilə bağlı milli qanunvericiliyimizdən söz açan A.Orucəliyev diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə, tutulma prosessual məcburiyyət tədbiri kimi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır" deyə çıxış edən Müvəkkil Aparatının əməkdaşı bildirmişdir ki, cnayət prosesində hər hansı şəxsin tutulmasının əsaslarını şəxsin cinayət törətməsinə şübhə yarandığı hallar, habelə cinayət təqibi orqanının və ya məhkəmənin qərarlarının mövcudluğu təşkil edir.
Həmçinin Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər.
Daha sonra məruzəçi Azərbaycan Respublikası Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələri, həmçinin "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və "Polis haqqında" Azərbaycan Respublikasının qanunlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
 
26/08/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).