14:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

21 Sentyabr Beynəlxalq Sülh Günüdür.
 
Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu bütün tarixboyu bəşəriyyəti düşündürmüşdür. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın "Beynəlxalq Sülh Günü" kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur.
Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş, minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz dağıdılmış, terrora məruz qalmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, regionda sabitliyin yaranmasına nail olunmuşdur. Bu, dövlətimizin sülh arzusunun ifadəsi, həqiqi sülhün bərqərar olması üçün Vətəni hər cür müdaxilədən qoruyacaq və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı idi. Ölkəmizdə atəşkəs əldə olunduqdan sonra ulu öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması yolunda ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Ancaq işğalçı ölkə indiyədək beynəlxalq hüququn tələblərini pozaraq işğal siyasətini davam etdirir.
ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı ümummilli ­liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdu. Ümummilli lider demişdir: "Biz zor işlədilməsinə əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə aparan tunelin axırında işıq görürük və bu yol ilə birlikdə, dünyanın bütün ölkələri və xalqları ilə əl-ələ verib getməyə hazırıq".
Azərbaycan xalqı hər zaman sülhsevər olmuşdur. Bunu onunla izah etmək olar ki, tarixən vətənimizdə azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də mehribancasına yaşamış və hazırda da yaşayırlar. Ölkəmizin yüksək tolerantlığa sahib olması indi bir çox ölkələr üçün əsl nümunədir. Eyni zamanda xalqımızın bu mental xüsusiyyəti aparılan dövlət siyasətinin də əsas prioritetini təşkil edir. Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində "ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək" Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyul tarixli Sərəncamı ilə 2001-2010-cu illər Azərbaycan Respublikasında "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyi" kimi geniş qeyd olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə elan olunan bu onilliklə bağlı hazırlanmış manifesti ilk imzalayan dövlət başçılarından biri də məhz ümummilli liderimiz Heydər Əliyev olmuş, ulu öndərimizin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünyada yüksək qiymətləndirilmişdir. Ulu öndərin 1999-cu ildə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi faktı bunun bariz nümunəsidir. 
Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazın həm iqtisadi, həm də hərbi baxımdan ən güclü ölkəsinə çevrilmişdir. "Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır", - deyən dövlət başçı­sı­nın apardığı gərgin daxili və xarici siyasət nəticəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü ­tanıyırlar.
21 sentyabr - Beynəlxalq Sülh Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunur. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 20 ildən artıqdır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan yaradılmış ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir, yeni uğurlara imza atır. Aparılan düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası planetin ən təhlükəsiz guşələrindən biridir.
Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.
 
22/09/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).