21:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan şəhərində "Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi" mövzusunda  konfrans keçirilmişdir.
 
Oktyabrın 14-də Naxçıvan şəhərində "Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi" mövzusunda konfrans keçirilmişdir..
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında keçirilən konfransda Bakıda və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də muxtar respublikadakı nazirlik, komitə və agentliklərin mətbuat xidmətlərinin əməkdaşları, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı və Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri iştirak etmişdir.
Bakıdan gələn nümayəndə heyətinin tərkibinə KİVDF icraçı direktoru Vüqar Səfərov, Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas, "525-ci qəzetin" baş redaktoru Rəşad Məcid, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nağıyev, "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Oxu məni" qəzetinin baş redaktoru Emil Axundov, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov, "Respublika" qəzetinin baş redaktor müavini Hümbət Musayev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, KİVDF-in əməkdaşı Samir Mustafayev, "Mövqe" qəzetinin əməkdaşı Zülfiyə Quliyeva daxildir. 
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfrans iştirakçılarını və qonaqları salamlamış, təşkilatçılara minnətdarlığını bildirmiş, konfransın işinə uğurlar arzulamış və bildirmişdir ki, dövlət orqanları və media arasında əlaqələrin təməli Ümummilli Lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda fəaliyyəti dövründə qoyulmuşdur. Həmin vaxtlar Ulu Öndər Heydər Əliyev tərəfindən muxtar respublikada həyata keçirilən tədbirlər - milli dövlətçiliyin bərpası istiqamətində qəbul edilən qərarlar, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan aqrar islahatlar, qonşu ölkələrlə yaradılan iqtisadi, mədəni və humanitar əlaqələr muxtar respublikanın mətbuat orqanı olan "Şərq qapısı" qəzetində işıqlandırılırdı. Ulu öndər Moskvadan doğma vətənə - Naxçıvana qayıtdıqdan sonra ilk müsahibəsini "Şərq qapısı" qəzetinə verib, həmin müsahibədə qəzetin fəaliyyətini yüksək qiymətləndirərək deyib: "Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb".
Diqqətə çatdırılmışdır ki, muxtar respublika reallıqlarını tam olaraq öz səhifələrində əks etdirən "Şərq qapısı" qəzeti Azərbaycanın digər regionlarında da oxucuların marağını qazanaraq, onların Naxçıvan həqiqətləri ilə tanış olmalarına şərait yaradılmışdır. 
"Ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti Azərbaycanın qurtuluş və müstəqillik tarixinin parlaq səhifəsini təşkil edib, dövlət orqanları və media arasında əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm qoyub", - deyən Rəhman Məmmədov vurğulamışdır ki, Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə də hər zaman kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı roluna yüksək qiymət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısını öz siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edtmişdir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir.
Bildirilmişdir ki, muxtar respublikada dövlət-mətbuat əlaqələrinin inkişafı diqqətdə saxlanılır. Hazırda burada 1 muxtar respublika qəzeti, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio, 6 nəşriyyat var. Muxtar respublikada Televiziya və Radio Şurasının, Mətbuat Şurasının yaradılması və fəaliyyətinin genişləndirilməsi də bu sahədə işin keyfiyyətinə müsbət təsir göstərmişdir. Muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilmiş, onların maddi-texniki bazaları gücləndirilmişdir. "Şərq qapısı" qəzeti redaksiyası, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi yeni bina və avadanlıqlarla təmin edilib. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində quraşdırılan müasir çap avadanlıqları sayəsində muxtar respublikada çıxan bütün qəzet və jurnallar artıq tam rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunur.
Jurnalist kadrların hazırlanmasının, gənc jurnalistlərin işə cəlb olunmasının da mətbuatın inkişafında mühüm amil olduğunu qeyd edən Rəhman Məmmədov demişdir ki, Naxçıvan Dövlət Universitetində jurnalistika kafedrası fəaliyyət göstərir. Həmçinin buradakı "Universitet televiziyası" və "Nuhçıxan" radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə də yiyələnir, ixtisaslı kadr kimi yetişərək mətbuatın inkişafına öz töhfələrini verirlər. Universitetin "Jurnalistika" ixtisasının Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə və "Şərq qapısı" qəzetinə hamiliyə verilməsi də ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, bu gün muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyəti gənclərdir.
Diqqətə çatdırılmışdır ki, muxtar respublikanın nazirlik, komitə və agentliklərində mətbuat xidmətləri fəaliyyət göstərir. Bu xidmətlər tərəfindən təşkilatların fəaliyyəti ilə bağlı materiallar hazırlanır və mətbuat orqanlarında yayılır. Bu isə oxucu, tamaşaçı və dinləyicilərin dövlət orqanlarının fəaliyyətindən məlumatlı olmalarına, dövlət orqanları və media arasında əlaqələrin inkişafına öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri konfransın dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsinə mühüm mərhələ olacağına inandığını bildirib və konfransın işinə uğurlar arzulamışdır. 
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirmişdir ki, respublikamız müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycan mətbuatı böyük çətinliklərlə qarşılaşmışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə mətbuatın inkişafında tamamilə yeni mərhələ başlanmışdır. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur. 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edilmişdir. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır.
Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hər il yazı müsabiqələri keçirir. Həmin müsabiqələrdə muxtar respublikada fəaliyyət göstərən jurnalistlər də fəallıq nümayiş etdirirlər. Bu günədək muxtar respublika mətbuatında çalışan jurnalistlərin təqdim etdiyi 15 məqalədən 10-u yüksək peşəkarlıqla hazırlandığı üçün müsabiqənin qalibi seçilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vurğulamışdır ki, bu gün muxtar respublikada həyatın bütün sahələrində inkişaf, tərəqqi, yenilənmə var. Əldə olunan böyük nailiyyətlər burada mətbuatın daha da inkişaf etməsinə şərait yaratmışdır. Bu gün muxtar respublikanın böyük quruculuq işləri aparılan hər bir şəhər və rayonundakı abadlığı, təmizliyi görən çoxsaylı mətbuat nümayəndələri Naxçıvan haqqında yüksək təəssüratlarını oxucularına çatdırırlar.
Sonra konfrans diskussiya şəraitində işini davam etdirmişdir.
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı Aqil Abbas, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının üzvü Qahirə Hüseynova, "APA-Holdinq"in prezidenti Vüsalə Mahirqızı, Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının sədri Rövşən Hüseynov, "Trend" informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Şərqin səhəri" qəzetinin redaktor əvəzi Zaleh Novruzov, "Olaylar" informasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuz çıxış edərək dövlət orqanları ilə media arasında əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikirlərini səsləndiriblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli diskussiyada fəallıq göstərdiklərinə görə konfransın iştirakçılarına minnətdarlığını bildirərək tədbirə yekun vurmuşdur.
 
   Mətbuat xidməti
 
17/10/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).