9:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvanda "Azərbaycanın innovativ davamlı inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə" mövzusunda elmi seminar keçirilmişdir.
 
Oktyabrın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə "Azərbaycanın innovativ davamlı inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə" mövzusunda elmi seminar keçirilmişdir. 
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli və Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət orqanlarının nümayəndələri iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının nazirlik, komitə və digər dövlət təşkilatlarında çalışan dövlət qulluqçuları üçün təşkil edilmiş elmi seminarda, həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da iştirak etmişdir.
Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında uzun illərdir, sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsidir ki, Dövlət İdarəçilik Akademiyasının təşkil etdiyi əlavə təhsil və müxtəlif mövzularda keçirilən kurslarda muxtar respublikanın da dövlət qulluqçuları iştirak edirlər. Bu günədək muxtar respublika üzrə dövlət qulluqçularından 88-i Dövlət İdarəçilik Akademiyasına əlavə təhsilə göndərilmiş, 201-i isə "Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti", "Dövlətin sosial siyasəti", "Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti", "Azərbaycan Respublikasının gənclər siyasəti", "Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi" kimi 19 müxtəlif mövzulu kursda iştirak edtmişdir. Nəticədə, dövlət qulluqçuları bilik və bacarıqlarını artırmış, Azərbaycanın müasir inkişaf konsepsiyası haqqında geniş məlumata malik olmuş və səmərəli idarəetmə metodlarına yiyələnmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri "Azərbaycanın innovativ davamlı inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə" mövzusunda elmi seminarın da dövlət qulluqçularının bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm rolu olacağına əminliyini bildirmiş, seminara öz işində uğurlar arzulamışdır.
Sonra seminar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun "Azərbaycanın innovativ davamlı inkişaf modeli: uğurlar beynəlxalq təşkilatların sənədlərində (2015-2016)" mövzusunda məruzəsi ilə davam etdirilmişdir. Akademik Urxan Ələkbərovun ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq qurumların 2016-cı il üçün qiymətləndirmələrinə əsaslanan çıxışı zamanı Azərbaycanın davamlı inkişafını əks etdirən nailiyyətlər, müxtəlif sahələr üzrə göstəricilər monitorda nümayiş olunmuşdur.
Akademik ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, ümummilli liderin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəldilmiş dünya əhəmiyyətli təşəbbüsləri, gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirmişdir. Əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası dayanır. Bu strategiyanın reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilməlidir. 
Ölkənin davamlı inkişafının əsas amilinin insan potensialı olduğunu diqqətə çatdıran Urxan Ələkbərov qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər də bu mövzuya həsr edilmiş, 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər "Davamlı inkişaf hədəfləri" kimi tarixə düşmüş, Azərbaycan həmin tədbirlərdən çox əvvəl davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul etmişdir. 
Respublikamızın "Böyük yeddilik" (G7) ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik bildirmişdir ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda əldə edilmişdir. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Azərbaycan Respublikası inkişafın yeni mərhələsində: beynəlxalq aspektlər" mövzusunda çıxış edərək vurğulamışdır ki, ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başlamışdır. Bu dövrdə, ilk növbədə, bərpa olunmuş dövlət müstəqilliyimizin əbədiliyi təmin edilmiş, ölkə daxilində siyasi sabitliyə nail olunmuş, Azərbaycan fəlakətdən xilas edilmişdir. Ulu öndərin formalaşdırdığı siyasət bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli "Azərbaycan Respublikasının innovativ inkişafında kadr potensialının təkmilləşdirilməsi" mövzusundakı məruzəsində qeyd etmişdir ki, ölkədə kadr potensialı idarəetmə sisteminin ən vacib tərkib hissələrindəndir. Dövlət aparatının təkcə indiki zamanda stabil fəaliyyəti deyil, həmçinin böyük sürətlə dəyişən mühitdə inkişaf imkanlarının təmin olunması da məhz düzgün formalaşdırılmış kadr potensialı ilə bağlıdır. 
Rəcəb Rəhimli çıxışında dövlət qulluğunda kadr ehtiyatının normativ-hüquqi tənzimlənməsi, müasir çağırışlara cavab verən kreativ kadr potensialının formalaşdırılması və idarə edilməsi məsələlərinə diqqət çəkmişdir. O, dövlət qulluğu üçün kadr potensialı ilə işin yeni vasitələrindən - qiymətləndirmə, mütəxəssis modelinin formalaşdırılması, tədris proqramlarının reallaşdırılması zamanı səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununa üstünlük verilməsi ilə bağlı fikirlərini bildirmişdir.
Məruzələrdən sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov yekun vurmuşdur.
 
Mətbuat xidməti 
 
27/10/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).