15:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın nümayəndəsi Əlahiddə Ümumqoşun Ordusunun təşkil etdiyi "9 Noyabr Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü"nə həsr olunmuş tədbirdə iştirak etmişdir.
 
7 noyabr 2016-cı il tarixdə Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərində yerləşən "Zabitlər Evi"ndə "9 Noyabr Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Mirqiyas Rüstəmov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, əməkdar elm xadimi, professor Oruc Həsənli, Naxçivan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov, Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hərbi hissələrinin zabir, gizir və əsgər heyəti, o cümlədən H.Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantları, Naxçıvan Qarnizon tam orta məktəbinin müəllim və şagird heyəti, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı iştirak etmişlər. 
Toplantını giriş sözü ilə açaraq çıxış edən Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Mirqiyas Rüstəmov Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verərək Naxçıvanda ilk dəfə olaraq Muxtar Respublikanın bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açmış, möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə işğal alltında olan digər torpaqlarda dalğalanacağına əminliyini bildirmişdir.
Tədbirdə AMEA-nın Naxçıvan bölməsinin Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru Musa Quliyev çıxış edərək bildirmişdir ki, tarixi mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri-bayraqları olmuşdur. Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.
Tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, əməkdar elm xadimi, professor Oruc Həsənli 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmiş üçrəngli bayrağın Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı xatirələrini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov tədbirdə çıxış edərək bildirmişdir ki, bayrağımız müqəddəsidir, tarix boyu müxtəlif dövrlərdə Azərbaycanın müxtəlif bayraqları olmuşdur. Lakin Azərbaycanın 3 rəngli bayrağı XX əsrdə 2 dəfə azərbaycan üzərində dalğalanmışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş bayrağımız 3 rəngdən ibarət idi. Hər bir simvolun özünəməxsus tarixi-siyasi, mədəni amillərlə bağlı olan məna və funksiyası vardır. Azərbaycan bayrağındakı rənglər (mavi, qırmızı, yaşıl) XX əsrin əvvəllərində formalaşmış milli istiqlal mübarizəsinin təməl prinsipləri olan «türkləşmək, islamlaşmaq və müasirləşmək» ideoloji modelinin məna və funksiyasını ifadə edir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı" mövzusunda geniş məruzəsi ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət bayrağıdır.Dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur. Bu bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir.
Məruzəçi vurğulamışdır ki, Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.
"Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır" deyə çıxış edən A.Orucəliyev diqqətə çatdırmışdır ki, həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuş, məhz Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul edilmiş və "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur.
Ombudsmanın nümayəndəsi Azərbaycan Respublikasının Dövlət barağının qəbul edilməsi ilə bağlı qeyd etmişdir ki, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanununu qəbul edərək üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmiş və 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Daha sonra A.Orucəliyev Azərbaycan Respublikasının Prezident Cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzaladığını, həmin tarixdən noyabrın 9-unun respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu bildirmişdir.
Daha sonra tədbirdə Naxçıvan Qarnizon tam orta məktəbinin şagirdlərinin şeirləri dinlənilmiş, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamlının ifasında mahnı və rəqs nümunələri nümayiş etdirilmişdir.
 
Mətbuat xidməti
 
08/11/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).