4:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda "Readmissiya və İnsan hüquqları sahəsində potensialların artırılması" mövzusunda təlim keçirilmişdir. 
  
15-18 noyabr tarixlərində Naxçıvan şəhərində yerləşən "Təbriz" otelində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş təlimdə Beynəlxalq Miqrasiya Təşkilatının təlim modulunu hazırlayan mütəxəssisi, Qafqaz Universitetinin əməkdaşı Yaşar Ehtibarlı, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları iştirak etmişlər.
Təlimi Beynəlxalq Miqrasiya Təşkilatının təlim modulunu hazırlayan mütəxəssisi, Qafqaz Universitetinin əməkdaşı Yaşar Ehtibarlı açmış və təlim iştirakçıları barədə məlumat verərək qeyd etmişdir ki, "Readmissiya və İnsan hüquqları sahəsində potensialların artırılması" üzrə təlim kursları miqrasiya sahəsinə cəlb olunmuş müvafiq dövlət qurumları nümayəndələrinin beynəlxalq miqrasiya qanunvericiliyi, miqrasiya hüququ, miqrantların qayıdışı və bu kimi digər məsələlərdə biliklərinin artırılması və fəaliyyətlərinin gücləndirilməsi məqsədi daşıyır.
Sonra təlimin proqramında nəzərdə tutulan məsələlərlə bağlı məruzələr dinlənilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Rahib Kərimov "Beynəlxalq Miqrasiya Hüququnun mənbələri, subyektləri və terminologiyası" və "Miqrantların geri qayıdışının hüquqi aspektləri", Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşı Qafqaz Aslansoyun "Miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı dövlətlərin səlahiyyətləri, öhdəlikləri və beynəlxalq əməkdaşlığı" və "Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsində məcburi çıxarılmaya maneələr, immiqrasiya kontekstində saxlanılma və qanunsuz saxlanılmaya qarşı hüquqi müdafiə vasitələri", Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədovun "Readmissiyanın ümumi konsepsiyası", "Beynəlxalq təcrübədə readmissiya və qayıdış" və Readmissiya və qayıdış sahəsində Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı", Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşı Vüsal Həsənovun "Miqrantların hüquqları insan hüquqları kontekstində" və "Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsində miqrantların şəxsi həyat məsələləri, iqtisadi və sosial hüquqları" mövzularında geniş məruzələri dinlənilmişdir.
Çıxışlarda miqrasiya sahəsində dövlət siyasətinin, miqrasiya proseslərinin idarə edilməsinin gücləndirilməsi və tənzimlənməsində yaranmış problemlərin hüquqi çərçivədə həllinə istiqamətlənən səylərin birləşdirilməsinin vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, miqrasiya siyasəti sahəsində konstruktiv fəaliyyətin istiqamətləndirilməsi məqsədəuyğundur.
Sonra təlimdə iştirak edənlər tərəfindən çıxış edilən mövzular üzrə müzakirələr, qarşılıqlı sual-cavab aparılmışdır. Təlimin sonunda iştirakçılar sertifikat və kurs materillarından ibarət ədəbiyyat və CD-lərlə təltif olunmuşlar.
 
Mətbuat xidməti 
21/11/2016
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).