1:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçular arasında hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları tərəfindən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının müvafiq zastavalarının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirlərdə Ombudsman Aparatının əməkdaşı A.Orucəliyev "Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə verməyə görə cinayət məsuliyyətinin əsasları" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qanunçuluq, nizami ordu, qarışıq komplektləşdirmə, kadr, mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik hazırlığı, hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin olunması və ən əsası hərbi intizam prinsipləri əsasında qurulur və fəaliyyət göstərir.
Hərbi intizamın hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni - Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslandığını diqqətə çatdıran natiq qeyd etmişdir ki, bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq qanun qarşısında bərabərdirlər və onlar ictimai təsir tədbirlərinə, intizam məsuliyyətinə, mülki hüquqi məsuliyyətə, maddi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Ombudsmanın nümayəndəsi hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə verməyə görə cinayət məsuliyyətinin əsasları haqqında tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, hərbi qanunvericilik, həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
Tədbirə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov yekun vurmuşdur.
 
Mətbuat xidməti
28.11.2016













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).