Ombudsmanın Preventiv Mexanizm Qrupu tərəfindən başçəkmələr noyabr ayında da davam etdirilmişdir. Ombudsmanın Preventiv Mexanizm qrupunun üzvləri noyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur və Kəngərli Rayon Polis Şöbələri, Şərur Rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsi, Şərur Dəmiryol Nəqliyyatında Polis Bölməsi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yeri, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan 8 saylı Məntəqə tipli Cəzaçəkmə müəssisəsi və İstintaq təcridxanası, Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtı, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanseri və Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə təsdiq edilmiş plan üzrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilmişdir. "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur. Başçəkmə çərçivəsində, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılmış, kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş və kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılmışdır. Başçəkmələr zamanı Preventiv Mexanizm Qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir. Mətbuat xidməti 30/11/2016
|