6:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirməsi işinin təşkili Müvəkkilin daim diqqət mərkəzindədir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq əsgər, zabit və gizirlərlə görüşlərin təşkil edilməsi işi davam etdirilmişdir.
Bu məqsədlə dekabr 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissələrində növbəti hüquqi maarifləndirmə tədbirlərini həyata keçirmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşları və N saylı hərbi hissələrin zabit, gizir və əsgər heyəti iştirak etmişlər.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin "Əmri icra etməmə cinayəti və məsuliyyət" və "Hərbi xidmətdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə cinayət məsuliyyətinin əsasları" mövzularında geniş məruzəsi dinlənilmişdir.
Abil Orucəliyev tədbirlərdə orduda vətənpərvərlik, zabit və əsgərlərin mənəvi, əxlaqi, etik davranış qaydaları, həmçinin qanunvericiliyin tələbləri barədə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası vətənin müdafiəsini onun hər bir vətəndaşının borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməni isə vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyən edir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və Hərbi Nizamnamələrində müəyyən edilmiş hərbi intizama ciddi riayət etməyə borcludurlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda həyata keçirildiyini vurğulayan A.Orucəliyev diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətəni-Azərbaycana sonsuz məhəbbət bəsləmələrinə əsaslanır.
Daha sonra məruzəçi Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət və İntizam Nizamnamələrin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
  Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
Mətbuat xidməti
09/12/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).