2:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın nümayəndələri tərəfindən hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Mayın 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Taborunda və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları Abil Orucəliyev və Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov və aid müəssisələrin əməkdaşları iştirak etmişlər. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev Penitensiar Xidmətin Mühafizə Taborunda "Cəzaçəkmə müəssələrində və ya İstintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əyaların verilməsi, ötürülməsi, həmçinin məhkumlar tərəfindən həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri" və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində isə "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Avropa Konvensiyası və onun nəzarət mexanizmi" mövzularında geniş məruzə ilə çıxış etmişdir.
Abil Orucəliyev Penitensiar Xidmətin Mühafizə Taborunda həyata keçirilmiş tədbirdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. 
A.Orucəliyev bildirmişdir ki, məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
Müvəkkilin nümayəndəsi 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində həyata keçirilmiş tədbirdə vurğulamışdır ki, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 7-ci, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində də göstərilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz və heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz.
Sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Avropa Konvensiyası, Azərbaycan Respublikasının Cəzaların İcrası, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin, həmçinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidməti
12.05.2017
 















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).