13:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova Bakı şəhərində keçirilmiş Ombudsmanların XIV beynəlxalq konfransında iştirak etmişdir.
 
 
İyunun 16-da Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işə başlamışdır.
Konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdış gününün - 15 iyun tarixinin Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü elan edilməsinin 20 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis olunmasının 10 illiyinə həsr edilmişdir.
Konfransda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova da iştirak etmişdir.
Konfransda Ombudsman Ülkər Bayramova "Naxçıvanda əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyi" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə müxtəlif dövlət proqramlarının qəbul edilərək icra olunması əhalinin müxtəlif sosial qruplarının insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
 
 
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da əhalinin müxtəlif sosial qruplarının insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlər uğurla həyata keçirilir. Muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi gücləndirilmiş, bu sosial qrupdan olan şəxslər üçün yaşayış binaları, fərdi mənzillər tikilmiş, onların tibbi, sosial reabilitasiyası məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş Naxçıvan Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi, həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial xidmət, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlər görülür. 
Ü.Bayramova muxtar respublikada qadınların hüquqlarının daha səmərəli təmin edilməsi və müdafiəsinin də daim diqqət mərkəzində saxlanıldığını vurğulayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata kecirdiyi sosial-iqtisadi siyasətin nəticəsi olaraq ölkəmizdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst və səmərəli şəkildə reallaşdırmalarına yol açır. Bugün muxtar respublikada da qadınlar yaradılmış bütün imkanlardan istifadə edərək dövlət idarəetməsi, habelə seçkili orqanlarda təmsil olunur, cəmiyyətin ictmai-siyasi, mədəni həyatında fəal iştirak edirlər.
 
 
"Muxtar respublikada azadlıqdan məhrum edilmiş şəxslərin, saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, o cümlədən peşə vərdişlərinə yiyələnməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir" deyə qeyd edən Ombudsman əlavə etmişdir ki, məhkumların peşə vərdişlərinə yiyələnməsinin təşkil edilməsi məqsədilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmiş, onlar müxtəlif peşələr üzrə kurslara cəlb edilmiş, istehsalat sahəsində hazırladıqları əl işlərinin muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilməsinə şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, verilən suallar cavablandırılmışdır.
Tədbir öz işini iclas və sessiyalarla davam etdirmişdir.
İyunun 17-də Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul olunmuşdur.

17/06/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).