4:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda insan hüquqları gününə həsr olunmuş bilik yarışı keçirilib.
 
18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilmişdir. 
Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq bildirmişdir ki, Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunmuşdur ki, görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırmışdır. Bu sahəyə qayğının ifadəsi kimi ölkə prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında" Sərəncamına uyğun olaraq hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur və muxtar respublikada da bununla bağlı hər il müxtəlif tədbirlər həyata keçirilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 18 iyun insan hüquqları günü barəsində ətraflı məlumat verərək qeyd etmişdir ki, bilik yarışmasının əsas məqsədi muxtar respublikada yaşayan gənclərin hüquq sahəsinə olan maraqlarının artırılması, ölkəmizdə vətəndaş hüquq və azadlıqlarının təbliği, gənclərin bu istiqamətdə stimullaşdırılması, həmçinin Azərbaycanın dövlət və hüquq tarixində mühüm hadisə olan Naxçıvanın muxtariyyətinin tarixi və hüquqi aspektlərinin hərtərəfli öyrənilməsi, eyni zamanda ölkəmizdə müasir, dünyəvi və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlətçiliyin formalaşması, yeni siyasi və hüquqi sistemin sabit özülünün yaradılması və davamlı inkişafında Azərbaycan Respublikası Konstitusiyasının əvəzsiz rolunun daha da dərindən öyrənilməsinin təşviq edilməsi, gənclərin vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, istedadlı gənclərin aşkar edilməsi və muxtar respublikada olan istedad potensialının inkişafının stimullaşdırılmasından ibarətdir. Ombudsman Ülkər Bayramova belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayacağını vurğulayaraq tələbələrə bilik yarışmasında uğurlar arzulamışdır. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev muxtar respublikada gənclərə göstərilən qayğıdan bəhs edərək əalvə etmişdir ki, Son illər gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi, onların cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin olunması məqsədilə muxtar respublikada Gənclər Mərkəzi, elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək gənclərin istifadəsinə verilmişdir.
İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışmasına start verilib. 
Yarışda Naxçıvan Dövlət və "Naxçıvan" universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, həmçinin Naxçıvan Dövlət Texniki, Naxçıvan Tibb və Naxçıvan Musiqi kolleclərinin tələbələri iştirak ediblər. İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektlərinə dair suallar üzrə biliklərini sınayıblar.
İki saata yaxın davam edən bilik yarışında ali təhsil müəssisələri tələbələri arasında Naxçıvan Dövlət Universitetinin "İstiqlal" komandası birinci, "Naxçıvan" Universitetinin "Vətən" komandası ikinci, Naxçıvan Müəllimlər İnstitutunun "Möminə xatın" komandası isə üçüncü yerə layiq görülüblər.
Orta ixtisas təhsili müəssisələri tələbələri arasında isə Naxçıvan Tibb Kollecinin "Loğman" komandası birinci, Naxçıvan Dövlət Texniki Kollecinin "Əlincə" komandası ikinci, Naxçıvan Musiqi Kollecinin "Buta" komandası üçüncü yeri tutublar. 
Sonda qalib gəlmiş və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun diplomları və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəxri fərmanları ilə təltif olunublar.
 
Mətbuat xidməti
17/06/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).