15:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Ombudsman -10

Müvəkkil təsisatı insan hüquqlarının daha səmərəli müdafiə mexanizmi kimi
 
XX əsrin sonunda müstəqillik əldə edən Azərbaycan ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının reallığı, təminatı və müdafiəsi prinsiplərinə sadiq qalaraq, vətəndaş cəmiyyəti, demokratik, hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılmasını özünün inkişaf yolu kimi bəyan etmişdir. Ümummilli lider H.Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuş, yeni hüquq sisteminin bərqərar olması üçün real şərait yaradılmış, qanunun aliliyinin təmin edilməsi üçün normativ hüquqi baza formalaşdırılmışdır. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ilk milli Konstitusiyamız Azərbaycan Respublikasında demokratik hüquqi islahatların keçirilməsində əsas hüquqi baza olmuşdur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etmiş, dövrün tələblərinə cavab verən bir sıra yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. 1996-1997-ci illərdə Azərbaycan insan hüquqlarının və azadlıqlarının demokratik təsisatların təminatı ilə bağlı bir sıra mühüm konvensiyalara, sazişlərə qoşulmuşdur.
Qeyd etmək lazımdır ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırılmasında bu sahədə qəbul olunan Dövlət Proqramlarının mühüm rolu vardır. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş sənədlər sırasında Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanında insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilməklə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.
Həmin fərmanın ardınca isə Ümummilli Liderimiz H.Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" qəbul edilmişdir. Proqramda insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində dövlət siyasətinin təbliğ edilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Qanun layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikası Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, Azərbaycan Respublikasının qoşulduğu insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərin həyata keçirilməsi, Azərbaycan Respublikası normativ aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi, insan hüquqları sahəsində digər beynəlxalq sazişlərə qoşulması üçün zəruri tədbirlərin həyata keçirilməsi, mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan dövlət orqanları, idarəçilik sistemində vətəndaşlar arasında yarana bilən ziddiyətli, mübahisəli halların məhkəmədən kənar həlli üçün fəaliyyət göstərən, insan hüquqlarının daha səmərəli müdafiə mexanizmi olan Müvəkkil təsisatının yaradılması da müəyyən edilmişdir. 
Dövlət Proqramında təsdiq edilmiş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Avropa hüquq məkanına doğru inteqrasiya prosesini daha da sürətləndirmiş və bunun məntiqi davamı olaraq 2001-ci il dekabr ayının 28-də "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunun qəbul edilmişdir. Azərbaycan Respublikasının Avropa Şurasına üzv olmasından hələ üç il əvvəl qəbul edilən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda Müvəkkil təsisatının yaradılması ideyasının təsdiqi ölkəmizin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi istiqamətində gördüyü işlərin bariz nümunəsi idi. 
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu gündə möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Respublikamızda hüquq institutlarının inkişaf etdirilməsi dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, dövlət və vətəndaş arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Hüquqi, demokratik dövlət quruculuğunun ən mühüm amili olan insan hüquq və azadlıqlarının müdafiəsinin təminatı ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da kompleks şəkildə davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasında insan hüquqları və azadlıqlarının təminatı və etibarlı müdafiəsi istiqamətində görülən ən mühüm işlərdən biri də muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və səmərəli müdafiə mexanizmi olan Müvəkkil təsisatının yaradılması olmuşdur. 
Muxtar Respublikada insan və vətəndaş hüquq və azadlıqlarını daim diqqət mərkəzində saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Müvəkkil təsisatının fəaliyyətə başlaması üçün hüquqi və maddi bazanın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 
Bu məqsədlə 9 iyul 2005-ci il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında və 28 noyabr 2005-ci il tarixdə keçirilən ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuş, həmin qanunla Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci, 24-cü və 25-ci maddəsinin birinci hissəsinə əlavə və dəyişikliklər edilmişdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər 30 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Konstitusiya Qanunu ilə təsdiq edilmişdir.
20 fevral 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında isə "Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Fərman imzalamış və bununla da muxtar respublikada Müvəkkil institutunun fəaliyyəti üçün hüquqi baza yaradılmışdır. 
Qısa müddət ərzində institutun fəaliyyətinin təmin edilməsi məqsədilə Müvəkkil seçilmiş, aparatın nizamnaməsi, struktur və işçilərinin say həddi təsdiq edilmiş, Müvəkkil və aparatın fəaliyyət istiqamətləri müəyyən edilmiş, təsisat üçün inzibati bina istifadəyə verilmişdir.
Ötən dövr ərzində təsisatın fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər davam etdirilmişdir. Bu məqsədlə 08 yanvar 2008-ci ildə keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında , 28 dekabr 2009-cu ildə keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında və 2011-ci il dekabrın 29-da keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir. Qanuna edilmiş bu dəyişikliklər muxtar respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edir.
Müvəkkil təsisatı ötən dövrdə səmərəli hüquqi təsisat kimi formalaşmış, muxtar respublikanın dövlət orqanları sistemində özünəməxsus yer tutmuşdur. Bu gün müvəkkil institutu insan hüquq və azadlıqlara əməl olunması sahəsində qarşıya qoyulan vəzifələrin icrasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikasında bütün dövlət orqanları qayğı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı üçün müasir iş şəraitinin yaradılması, eyni zamanda təsisatın işçilərinin əməyinin qiymətləndirilməsi bu qayğıyının bariz nümunəsidir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 fevral 2016-cı il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının işçilərinin bir qrupunun təltif olunması hörmətli Sədrimiz tərəfindən bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir.
Şübhəsiz ki, cəmiyyət inkişaf etdikcə insan və vətəndaşaların hüquqları daha da genişlənir, inkişaf edir, müasirləşir və qarşıya yeni vəzifələr qoyulur.
Muxtar Respublikada bu istiqamətdə ardıcıl olaraq müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən təsisatın fəliyyətinin daha da təkmilləşdirilməsi təsisatımızın hər bir əməkdaşına imkan verir ki, üzərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlsin və öz fəaliyyəti ilə respublikamızda gedən sürətli inkişafa töhfəsini verə bilsin.
 
Mətbuat xidməti
 
20/02/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).