14:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
 
Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının uğurla davam etdirilməsi Azərbaycan ordusunun gücünü artırmış, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir. Ordumuzun döyüş qabiliyyəti və maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Naxçıvan Muxtar Respublikasında da bu sahədə ardıcıl tədbirlər görülmüş, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunmuş, etibarlı müdafiə sistemi yaradılmışdır. Muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir. 
İyunun 23-də - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir. 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. 
Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir. 
Ali Məclisin Sədri şəxsi heyəti salamlamış, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə əsgər və zabitləri, onların timsalında muxtar respublikadakı ordu, birləşmə və hissələrin bütün şəxsi heyətini təbrik edərək demişdir: 1918-ci ilin mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bir ay sonra - iyun ayının 26-da Azərbaycan ordusunun yaranması haqqında qərar qəbul etmişdir. Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu dövrdə isə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk hərbi məktəb yaradılmış, ixtisaslı hərbi kadrların hazırlanmasına başlanmışdır. Bu məktəbin yetirmələri sonrakı dövrdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət edərək ordu quruculuğu işinə öz töhfələrini vermişlər. Ümummilli liderimiz Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən 4 gün sonra - sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının ərazisinin müdafiəsi və hərbi hissələrin vahid rəhbərlik altında birləşdirilməsi ilə bağlı qərar qəbul etmiş, Müdafiə Komitəsi yaradılmışdır. Müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində kompleks tədbirlər görülmüş, Azərbaycan Silahlı Qüvvələri mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir. 
Ali Məclisin Sədri demişdir: Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülür, müasir silah-sursatlar alınır, ordumuzun döyüş qabiliyyəti artırılır. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Naxçıvan Muxtar Respublikasında da ümummilli liderimizin ordu quruculuğu sahəsində başladığı işlər uğurla davam etdirilmiş, Müdafiə Komitəsindən Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilmişdir. Bu gün muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və işğal altında olan torpaqlarımızı azad etməyə qadir güclü ordu formalaşıb. Bütün bunlar asan başa gəlməyib. Şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, silah-sursat təminatı, əsgər və zabitlərin xidmət və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hər il yeni yaşayış binaları tikilir, hərbi hissələr yenidən qurularaq istifadəyə verilir. Bu gün istifadəyə verilən hərbi hissə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin davamıdır. 
Ali Məclisin Sədri yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına, şəxsi heyətin bundan sonra da hər an torpaqlarımızı azad etməyə hazır olacağına əminliyini bildirmiş, onlara xidmətdə uğurlar arzulamışdır. 
Zabit Ceyhun Təhməzov minnətdarlıq edərək demişdir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ərəfəsində lazımi şəraiti olan hərbi hissənin istifadəyə verilməsi şəxsi heyətin böyük sevincinə səbəb olub. Belə bir hərbi hissədə xidmət etməkdən şərəf duyuruq. Muxtar respublikada hərbi hissələr üçün yaradılan şərait, göstərilən qayğı şəxsi heyətin döyüş ruhunu artırır. Bizi qələbəyə daha da ruhlandırır. Günnüt kəndinin və ətrafında olan yüksəkliklərin azad olunması bunun bariz nümunəsidir. Azərbaycanın üçrəngli bayrağını Günnüt kəndində olduğu kimi Laçında, Kəlbəcərdə, Xankəndində və Azərbaycanın digər işğal olunmuş torpaqlarında da dalğalandırmağa hazırıq. 
Əsgər Ayxan Fətullayev demişdir: Hərbi qulluqçuların döyüş ruhu yüksəkdir. Aparılan uğurlu əməliyyat bir daha göstərdi ki, böyük qələbəmizin bir addımlığındayıq. Şanlı zəfərlər qazanmağa hazırıq. Çünki qüdrətli Azərbaycan dövlətinin güclü ordusunun əsgərləriyik. Ayxan Fətullayev yaradılan şəraitə və göstərilən diqqətə görə şəxsi heyət adından minnətdarlıq etmişdir. 
Əsgər Yavər Məmmədov çıxış edərək demişdir: Azərbaycan torpağı biz əsgərlər üçün əzizdir və onun müdafiəsində daim ayıq- sayıq dayanmağa hazırıq. Yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, hər bir əsgər özünü evindəki kimi hiss edir. Hərbi sirlərə yiyələnir və qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq. Mən bu yaxınlarda hərbi xidməti bitirərək ehtiyata buraxılacağam. Lakin əsgər yoldaşlarımızla birgə əmin edirik ki, Azərbaycanın müdafiəsinə, verilən hər bir tapşırığın uğurla yerinə yetirilməsinə daim hazırıq. 
Sonra şəxsi heyət "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" şüarını səsləndirmişdir. 
Ali Məclisin Sədri hərbi hissədə yaradılan şəraitlə tanış olmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Məlumat verilmişdir ki, hərbi hissənin ərazisində qərargah binası, 126 yerlik əsgər və 52 yerlik zabit yataqxanaları, yeməkxana, kafe, qazanxana və avtomobillər üçün saxlanc yeri inşa edilmişdir.
 
 
 
Qərargah binasında iş və sinif otaqları vardır. Sinif otaqlarında yaradılan şərait şəxsi heyətin hərbi-nəzəri biliklərinin və ideoloji hazırlıqlarının artırılmasına öz töhvəsini verəcəkdir.
 
 
 
Hərbi hissədə əsgərlərin fiziki və hərbi hazırlığı diqqətdə saxlanılmış, sıra meydanı, ümumqoşun maneələr zolağı və idman şəhərciyi salınmış, voleybol, basketbol və futbol meydançaları istifadəyə verilmişdir. 
Ərazidə abadlıq işləri də aparılmış, gülkarlıqlar salınmışdır. 
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun daşınan kompleks rabitə stansiyasına və hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsinə baxmışdır.
 
 
Məlumat verilmişdir ki, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Zavodunda yığılan 10 ədəd kompleks rabitə stansiyası İP texnologiyalarına əsaslanır və müasir avadanlıqlarla təmin olunmuşdur. Avtomobil və qoşqu üzərində yığılan kompleks rabitə stansiyasının rabitə məsafəsi 100 kilometrdir. Stansiya idarəetmə məntəqələri arasında və daxilində rəqəmsal kanallarla audio, video, şəkil, data, anoloq, İP telefon və radio məlumatların mübadiləsini məxfilik qorunmaqla təmin edir. 
Hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsi daimi dislokasiya və səhra şəraitində döyüş növbətçiliyi aparan hava hücumundan müdafiə heyətlərinin idarə olunması üçün nəzərdə tutulub. İdarəetmə məntəqəsi planşet, radiostansiyalar və digər zəruri avadanlıqlarla təchiz edilmişdir. Bu da muxtar respublikanın istənilən ərazisində hava hücumundan müdafiə heyətlərinin idarə olunmasını və hava şəraitinə nəzarətin həyata keçirilməsinə imkan verir. Hazırda 6 idarəetmə məntəqəsi istismara verilib.
Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilmişdir.
 
25/06/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).