9:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

İnsan hüquqları ali dəyərdir.
 
İyunun 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində növbəti hüquqi maarifləndirici tədbir keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Vahidə Bayramova, İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Səbuhi İbrahimov və Dispanserin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsi ilə bağlı hər il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə müvafiq tədbirlər planı hazırlandığını və bu plana uyğun olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi Vahidə Bayramova "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" mövzusunda çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olan Naxçıvanın statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Diqqətə çatdırılmışdır ki, Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çevrilən "Kitabi-Dədə Qorqud" dastanı Naxçıvanda islam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir.
V.Bayramova vurğulamışdır ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuş, bu məqsədlə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2016-cı il 2 iyun tarixində "Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədər Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam imzalanmışdır.
Ombudsmanın aparatının əməkdaşı əlavə etmişdir ki, Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq "İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018" loqotipi, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları, kitablar hazırlanmış, "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet səhifəsi yaradılmışdır.
Qeyd etmək lazımdır ki, iyunun 20-də muxtar respublikanın paytaxtında Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təntənəli mərasim - "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018"-in açılış tədbiri keçirilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
28/06/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).