3:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib.
 
 
Muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq Babək rayonunun Şəkərabad kəndində də içməli su və kanalizasiya şəbəkəsi qurulmuşdur.
İyunun 29-da Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. 
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı layihə-3" üzrə həyata keçirilib. Kənddə müxtəlif diametrli borularla 16,4 kilometr içməli su xətti çəkilmiş, 576 evə su verilərək sayğac quraşdırılmış, sakinlər fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmuşlar. Su şəbəkəsinin üzərində 3 yanğın hidrantı və 3 suboşaldıcı qoyulmuşdur. Su Babək qəsəbəsinə gələn ana xətdən götürülərək natrium hipoxloridlə dezinfeksiya olunur və daxili supaylayıcı şəbəkəyə verilir. Şəkərabad kəndində müxtəlif diametrli borularla 15,1 kilometr kanalizasiya xətti də çəkilmiş, bütün mənzillər şəbəkəyə qoşulmuşdur. Aparılan tikinti işləri Şəkərabad kəndini, həmçinin hava limanını, yaxınlıqdakı hərbi hissəni və müəssisələri də əhatə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Su və kanalizasiya sistemlərinin qurulması Şəkərabad kəndinin statusunu artırmış, onu şəhərtipli qəsəbəyə çevirmişdir. Şəkərabad kəndi Babək rayonunun ərazisi olduğu üçün Naxçıvan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə daxil edilməmişdi. Lakin Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi uğurla başa çatdıqdan sonra əldə olunan qənaət hesabına Şəkərabad kəndinin içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsi də təklif olundu. Layihə ölkəmizin aid qurumları və Asiya İnkişaf Bankı tərəfindən qəbul olunduqdan sonra bu ilin əvvəlindən tikinti işlərinə başlandı və uğurla başa çatdırıldı. 
Ali Məclisin Sədri demişdir: Su və kanalizasiya sistemləri təmizlik və sağlamlıq deməkdir. Bu gün Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ilə yaxınlıqdakı hərbi hissə və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla 5 minə yaxın insan təmiz içməli su ilə təmin olunur, gigiyenik qaydalar qorunur. Bütün bunlar isə Şəkərabad kəndində insanların rahat yaşayışına və sağlamlıqlarının qorunmasına hesablanmış tədbirlərdir. Bu işlər o ölkədə həyata keçirilir ki, həmin ölkədə sabitlik, inkişaf və dövlət-xalq birliyi vardır. Ölkəmizdə həyata keçirilən düzgün siyasi xətt, mövcud sabitlik və iqtisadi inkişaf yaşayış məntəqələrində bu layihələrin uğurla həyata keçirilməsinə imkan verir. 
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, bir daha sakinləri təbrik etmişdir. 
Şəkərabad kənd sakini, ziyalı Sədaqət Mahmudov çıxış edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinin yaşadıldığı müstəqil Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da geniş quruculuq işləri aparılır. Təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələr inkişaf etdirilir. Naxçıvanın tarixi özünə qaytarılır, abidələri bərpa olunur. Ulu öndərimizin "Təhsil millətin gələciyidir" kəlamı Naxçıvanda uğurla reallaşdırılır. Fəxr edirik ki, yaşayış məntəqələrindəki ən hündür və yaraşıqlı binalar məktəb binalarıdır. Bütün bu işlər Şəkərabad kəndini də əhatə edib, müasir məktəb binası, kənd mərkəzi və xidmət sahələri istifadəyə verilib, kəndin girəcəyində Dövlət bayrağımız ucaldılıb, yeni meyvə bağı salınıb. Dayanıqlı elektrik, qaz və rabitə sistemi qurulub. Bu gün isə kənddə içməli su və kanalizasiya sistemi istifadəyə verilir. Bütün kənd sakinləri adından göstərilən qayğıya görə minnətdarlıq edir, qurulanları qoruyacağımıza söz veririk. Çünki yolumuz ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Biz bu yola sadiqik.
Ali Məclisin Sədri Şəkərabad kəndinin içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salmışdır. 
 
 
Sonra Ali Məclisin Sədri sakinlərlə söhbəti davam etdirərək demişdir ki, bu il Şəkərabadda kənddaxili avtomobil yolu da yenidən qurulacaq, asfalt örtük salınacaqdır. Sakinlər də aparılan abadlıq, qurucluq işlərində yaxından iştirak etməli, tikilənləri, qurulanları qorumalı, yaşıllıqların artırılmasına və torpaqların əkilməsinə diqqət yetirməlidirlər.
 
02/07/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).