0:31 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların müraciət etmək hüququ diqqət mərkəzindədir.
 
İyulun 6-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi Şəhriyar Aslanov və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak etmişdir. 
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi Şəhriyar Aslanov açaraq qeyd etmişdir ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi ilə bağlı hər il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə müvafiq tədbirlər planı hazırlanır və bu plana uyğun olaraq sərhəd zastavalarında hüquqi maarifləndirici tədbirlər həyata keçirilir.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev hərbi qulluqçuların müraciət etmək hüququ barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 
A.Orucəliyev qeyd edib ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
 
 
Ombudsmanın əməkdaşı çıxışında qeyd edib ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir.
Tədbirdə qeyd olunub ki, hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Şikayət verilməsinə mane olmaq və buna görə şikayət verəni cəzalandırmaq və ya təqib etmək qadağandır. Bunda təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə cəlb edilirlər. Şikayət verərkən qəsdən yalan məlumatlar yazmış və ya böhtan atmış hərbi qulluqçu Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
09/07/2018













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).