11:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
 
İyul ayının 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşları Vüsal Abdullayev, Amil Hacıyev və hərbi hissənin zabit, gizir, çavuş və əsgər heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Vüsal Abdullayev Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə əsgər və zabitlərin müxtəlif mövzularda hüquqi marifləndirliməsinə dair bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin xüsusi önəm daşıdığını və hərbi qulluqçuların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsi, həmçinin hərbi xidmətin hüquqi əsaslarının gənc əsgərlərimizə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev tədbirdə "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" mövzusunda çıxış edərək qeyd etmişdir ki, qədim Azərbaycan torpağı olan Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. 
Qeyd olunmuşdur ki, bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Mömünə xatun, Qarabağlar, Gülüstan və Küseyir İbn türbələri, Xanəgah Memarlıq Kompleksi, Ordubad Qeysəriyyəsi, Came məscidi, Şərq hamamı, Zaviyyə-Mədrəsə binası, Xan sarayı, Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi kimi türk-islam mədəniyyəti nümunələri ilə zəngin olan qədim Naxçıvan torpağında da dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Min illər ərzində formalaşan tarixi-mədəni irsimizi, xüsusilə türk-islam mədəniyyəti ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə dəyərli sənət nümunələri yaradırlar. 
Abil Orucəliyev vurğulamışdır ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuş, bu məqsədlə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2016-cı il 2 iyun tarixində "Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədər Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam imzalanmışdır.
Ombudsmanın əməkdaşı əlavə etmişdir ki, Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq "İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018" loqotipi, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları, kitablar hazırlanmış, "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet səhifəsi yaradılmışdır.
Qeyd etmək lazımdır ki, iyunun 20-də muxtar respublikanın paytaxtında Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təntənəli mərasim - "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018"-in açılış tədbiri keçirilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
24/07/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).