12:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Psixi Xəstəliklər Dispanserində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Avqustun 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin həkim və kiçik tibb heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə həyata keçirilmiş tədbirlərin rolundan danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi və bu sahədə qanunvericilyin tələbləri" mövzusunda çıxış etmişdir.
V.Bayramova qeyd etmişdir ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır.
Qeyd olunmuşdur ki, narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirlər 29 iyun 2001-ci il tarixli "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir və tənzimlənir.
Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası"nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər müalicəsi könüllü və məcburi qaydada həyata keçirilir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır
 
14.08.2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).