15:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi maarifləndirmə günün tələbidir.
 
Sual: İşçi işəgötürənə vurduğu ziyana görə hansı məsuliyyəti daşıyır?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçinin işəgötürənə vurduğu ziyana görə ziyanın ödənilməsi həddindən və təqsirin formasından asılı olaraq maddi məsuliyyətinin iki növü müəyyən edilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsi işçinin işəgötürənə vurduğu ziyana görə orta aylıq əməkhaqqı məbləğinədək maddi məsuliyyətini, 199-cu maddəsi isə tam maddi məsuliyyətini nəzərdə tutur. Orta aylıq əməkhaqqı məbləğinədək maddi məsuliyyət işçinin işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əməkhaqqı məbləğinədək, tam maddi məsuliyyət isə işçinin əməkhaqqının məbləğindən asılı olmayaraq, maddi ziyanı tam həcmdə ödəməsidir.
İşçinin maddi məsuliyyəti ziyanın vurulduğu və ya aşkar edildiyi andan başlayır. Ziyanı vurmaqda təqsiri olan tərəf cinayət məsuliyyəti, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmçinin əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyətinin 7 halı göstərilmişdir:
- saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
- işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;
- inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
- əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda;
- alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda;
- işəgötürənin kommersiya sirrini yaydıqda;
- işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
İşçi qanunazidd hərəkətləri ilə işəgötürənə vurduğu ziyana görə göstərilən bu hallarda tam həcmdə maddi məsuliyyət daşıyır.
Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda, alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.
İşçinin işəgötürənə vurduğu ziyanın məbləği orta əməkhaqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əməkhaqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
 
21/08/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).