4:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şərur rayonunun İbadulla kəndində kompleks quruculuq işləri aparılıb.
 
Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun İbadulla kəndində də geniş quruculuq işləri görülmüş, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur. 
 
Bilik Günü İbadulla kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunmuşdur.
Sentyabrın 15-də - Bilik Günündə İbadulla kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik etmişdir.
Ali Məclisin Sədri Qədim Şərq müdriklərinin "İnkişafa gedən yol təhsildən keçir" fikrini xatırladaraq demişdir: Təhsil olmadan inkişaf yoxdur. Ona görə də ölkələr öz inkişafına görə, hər şeydən əvvəl, təhsilə borcludur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə təhsilin cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirmiş, bu sahəni xalqımızın milli maraqlarına uyğunlaşdıraraq demişdir: ­"Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir". 
Qeyd olunmuşdur ki, elmin və təhsilin inkişafı sahəsində bu gün ölkəmizdə qazanılan nailiyyətlər, formalaşan intellektual potensial dahi şəxsiyyətin müəllifi olduğu təhsil strategiyasının bəhrələridir. Ulu ­öndərimizin yolu ilə gedən Azərbaycanda təhsil quruculuğu dövlət siyasətinin əsasını təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən qayğı, qoyulan investisiya Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsili yeni inkişaf mərhələsinə çıxarmış, təhsil infrastrukturu sahəsində əsaslı dönüş yaranmışdır. Hər il muxtar respublikamızda təhsil müəssisələri üçün müasir tələblərə cavab verən komplekslər tikilir. Mütərəqqi tədris metodları və yeni texnologiyalar tətbiq edilir ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün çox vacibdir. Bilik ­Günündə Şərur rayonunun İbadulla kəndində yeni məktəb binasının istifadəyə verilməsi də təhsil sahəsində həyata keçirilən kompleks tədbirlərin davamıdır.
 
 
Ali Məclisin Sədri İbadulla kənd məktəbinin istifadəyə verilməsi münasibətilə bütün kənd sakinlərini və məktəbin kollektivini təbrik etmiş, müəllim və şagirdlərə təhsildə uğurlar arzulayaraq demişdir: Bu, bir həqiqətdir ki, intellektual inkişafa nail olmadan güclü dövlətçilikdən danışmaq mümkün deyil. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq demişdir: "Hər bir ölkənin, dövlətin gələcəyi onun intellektual potensialından asılıdır. ...O ­ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi var, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçib".
Yolumuz və məqsədimiz bilikli və savadlı, vətənpərvər gənclik yetişdirməkdir. Ona görə də hər bir şagird və tələbə Azərbaycan dilini, Azərbaycan tarixini, milli dəyərlərimizi mükəmməl bilməli, azı bir xarici dil öyrənməli, tədris olunan fənləri və yeni texnologiyaları mənimsəməli, daim klassik və müasir ədəbiyyatı mütaliə etməli, özünü ölkəmizin gələcəyinə hazırlamalıdır. Təhsil o zaman fayda verir ki, o, dövlətin konkret ehtiyaclarına hesablansın. Bu gün muxtar respublikamızda iqtisadi və sosial sahədə kompleks islahatlar aparılır, istehsal prosesləri texnoloji cəhətdən yenilənir, yeni iş yerləri açılır. Bu isə özlüyündə bütün səviyyədən olan ixtisaslı kadrlara tələbatı artırır. Ona görə də gənclərimiz təhsil almaqla yanaşı, həm də peşə öyrənməli, seçdikləri ixtisasın gözəl bilicilərinə və mütəxəssislərinə çevrilməlidirlər. 
Ali Məclisin Sədri gənclərə müraciətlə demişdir: Müasir dünyanın reallıqları onu göstərir ki, müstəqillik və sabitlik şəraitində yaşamaq, təhsil almaq heç də hər kəsə nəsib olmur. Hər bir gənc bugünkü müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın qədrini bilməli, ulu öndərimizin əsəri və əmanəti olan qüdrətli Azərbaycanın əsl vətəndaşına çevrilməlidir. Siz bu gün nə qədər yaxşı oxusanız, elmlərə və biliklərə nə qədər dərindən yiyələnsəniz müstəqil ­Azərbaycanın gələcəyi də bir o qədər parlaq və işıqlı olacaqdır. 
Ali Məclisin Sədri qarşıya qoyulan ­vəzifələrin icrasında və yeni tədris ilində ­pedaqoji kollektivə uğurlar arzulamış, muxtar respublikanın bütün şagird, kursant, tələbə və müdavimlərini, müəllim və valideynləri bir daha yeni tədris ili münasibətilə təbrik etmişdir. 
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilmiş, ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilmişdir. 2018-2019-cu tədris ilində muxtar respublikanın 215 ümumtəhsil məktəbində 181 məktəbəhazırlıq qrupunda 2712 uşaq, birinci siniflərdə 4964 şagird olmaqla, ümumilikdə, 50 minə yaxın şagird təhsil alacaq, onların təhsili ilə 7616 müəllim məşğul olacaq. Ümumtəhsil məktəblərində 600-dən yuxarı elektron lövhənin quraşdırılması və təhsil müəssisələrinə 5337 dəst kompüterin, 2 milyon 710 mindən artıq yeni dərslik və metodik vəsaitin verilməsi təhsil müəssisələrinin maddi-tədris bazasını gücləndirmişdir. Təhsilə göstərilən dövlət qayğısı və yaradılmış şərait nəticəsində şagirdlərin təhsilə marağı artmış, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşmışdır. 2018-ci ildə tam orta təhsil bazasından Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, məzunlardan 1554-ü ali təhsil müəssisələrinə, 227-si müxtəlif ali hərbi məktəblərə qəbul olmuşdur. Ümumilikdə, 1781 məzun, yaxud sənəd verənlərin 71 faizi ali məktəblərə qəbul olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Rəhman Məmmədov göstərilən qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 
İbadulla kənd tam orta məktəbinin müəllimi Turan Həsənova demişdir: Muxtar respublikada təhsilin yüksək səviyyədə himayə edilməsinin nəticəsidir ki, ardıcıl olaraq yeni təhsil ocaqları istifadəyə verilir. Bilik Günündə İbadulla kəndində istifadəyə verilən müasir məktəb binası da yeni quruculuq ünvanlarından biridir. Həmçinin muxtar respublikada müəllimlərin əməyi də daim yüksək qiymətləndirilir. Ali Məclis Sədrinin 2018-ci il 14 sentyabr tarixli Sərəncamı ilə 12 müəllimə "Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi" fəxri adı verilib. Fəxri ada layiq görülənlər içərisində mənim də adım vardır. Bu, müəllim əməyinə verilən ən yüksək qiymətdir. Üzərimizə daha böyük vəzifələr düşür. Çalışacağıq ki, göstərilən böyük etimadı əməli fəaliyyətimizlə doğruldaq. Turan Həsənova göstərilən qayğıya görə müəllimlər adından minnətdarlıq ­etmişdir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış ­olmuşdur.
Məlumat verilmişdir ki, 522 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla, 31 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır. Məktəbin kitabxana fondunda 3211-i dərslik və 7016-sı bədii ədəbiyyat olmaqla, 10 min 227 kitab vardır. 2018-2019-cu tədris ilində İbadulla kənd tam orta məktəbində birinci sinfə 34 şagird qəbul olunub. 
Şagirdlərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbdə yeni texnologiyaların tətbiqi, xüsusilə kompüter otaqlarında internetə çıxışı olan 38 kompüterin quraşdırılması informatika dərslərinin tələb olunan səviyyədə keçirilməsinə imkan verəcəkdir. Həmçinin məktəbdə 3 elektron lövhənin quraşdırılması distant təhsilin tətbiqinə şərait yaradır. 
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsi izləmişdir. 214 təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. 
 
 
İdman zalında və hərbi kabinədə yaradılan şərait gənclərin sağlam ruhda böyüməsinə, eləcə də onlarda hərbi-vətənpərvəlik tərbiyəsinin formalaşması və hərb sənətinə marağın artırılmasına imkan verir. 
 
 
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri demişdir: İbadulla kənd tam orta məktəbinin nailiyyətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından qənaətləndiricidir. Bu, onu göstərir ki, məktəbdə müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır. Bu gün yeni məktəb binası istifadəyə verildi. Müəllimlərdən biri "Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi" adına layiq görüldü. Eyni zamanda məktəbin pedaqoji kollektivi valideynlər qarşısında hörmətə layiqdir. Çünki gənclərə yaxşı təhsil verilib, onlar ali və orta ixtisas məktəblərinə qəbul olunub, peşə məktəblərinə yönləndiriliblər. Bu gün qarşıda duran əsas vəzifə gəncləri həm təhsilli, həm də vətənpərvər böyütməkdir. Artıq İbadulla kənd tam orta məktəbinin timsalında deyə bilərik ki, muxtar respublikamızda təhsil sahəsindəki nailiyyətlər qənaətləndiricidir. 
Ali Məclisin Sədri demişdir: Ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli Sərəncamı ilə bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Onların 6-sı muxtar respublikanın tələbələridir. Bu, böyük nailiyyətdir. Bu gün muxtar respublikamızdakı məktəblər müasirləşdirilib. Məktəblərdə yeni tədris avadanlıqları qurulub, kitabxanalar istifadəyə verilib, şagirdlər dərsliklərlə təmin olunublar. Əsas məqsəd ondan ibarətdir ki, gənclər təhsilli və vətənpərvər böyüsünlər. İbadulla kənd tam orta məktəbinin yeni binası müasir tədris ocağı olmaqla yanaşı, həm də bir memarlıq abidəsidir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. İbadulla kənd tam orta məktəbinin kollektivi bundan sonra nailiyyətlərini daha da artırmalı, muxtar respublikamızın nümunəvi məktəblər sırasındakı yerini qoruyub saxlamalıdır. 
  Məktəbin gənc müəllimi Leyla Rəhimli minnətdarlıq edərək demişdir: Bu gün İbadulla kəndinin sakinləri və müəllimləri üçün olduqca əlamətdar gündür. Şərur rayonunda daha bir müasir məktəb binası istifadəyə verildi. Kollektivimizin sevincinin həddi-hüdudu yoxdur. Çünki yeni elektron lövhələr, kompüterlər, müasir tədris avadanlıqları ilə təhciz olunmuş məktəb binası tədrisin daha səmərəli təşkilinə imkan verəcəkdir. Leyla Rəhimli yaradılan şəraitə görə rayon gəncləri adından minnətdarlıq etmiş, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində səylərini əsirgəməyəcəklərini bildirmişdir. 
Binanın həyətində bufet tikilmiş, açıq idman qurğuları və fərdi qazanxana quraşdırılmış, abadlıq işləri aparılmışdır.
 
İbadulla Kənd Mərkəzi istifadəyə verilmişdir.
Sentyabrın 15-də İbadulla Kənd Mərkəzinin açılışı olmuşdur. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 
Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, ­mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 74 yerlik zal yerləşir. Yeni Azərbaycan Partiyası İbadulla kənd ərazi ilk təşkilatının 245 üzvü vardır. Onlardan 62-si gənc, 34-ü isə qadındır. 
 
 
Kitabxanada 5063 ədəbiyyat vardır. Onlardan 1144-ü latın, 3919-u isə kiril əlifbası ilə çap olunmuş kitablardır. Bildirilmişdir ki, müasir kitabxana oxucu sayının artmasına imkan verir. Burada Oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılmışdır. 
 
 
Məlumat verilmişdir ki, İbadulla kəndində əkinçiliyin və heyvandarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Yeni suvarma xəttinin çəkilməsi torpaqların su təminatını xeyli yaxşılaşdırıb. Artıq kənddə təsərrüfatlar genişlənir, insanların yaşayışı yaxşılaşır, məskunlaşma artır. Son illər kənddə 20 yeni ev tikilmişdir. 
Rabitə evində quraşdırılan 512 yerlik yeni nəsil ATS İbadulla və Qışlaqabbas kənd­lərində 425 abonentə xidmət edir. Hazırda İbadulla kəndində 95 internet istifadəçisi vardır. Müasir şərait və yeni avadanlıqlar istifadəçilərin sayının artmasına səbəb olub. Hazırda 100 abonent internet çəkilişi üçün müraciət etmişdir. 
 
Həkim ambulatoriyasında əhaliyə hərtərəfli səhiyyə xidməti göstəriləcək.
Bu gün muxtar respublikada səhiyyənin inkişafı diqqət mərkəzindədir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edib. 
Sentyabrın 15-də İbadulla kəndində həkim ambulatoriyasının açılışı olmuşdur. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali­ ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə ­maraqlanmışdır. 
Bildirilmişdir ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, fizioterapevtik kabinə, doğuş, manipulyasiya-peyvənd, mama, qeydiyyat otağı və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, sentrifuqa, hemometr, qlükometr və digər tibbi avadanlıqlar qoyulmuşdur. Fizioterapevtik kabinə isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilmişdir. Yaradılan şərait tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verir. 
 
 
Həkim ambulatoriyasında qeydiyyat elektron formada aparılır. Burada quraşdırılan kompüter Şərur rayonunun səhiyyə informasiya sisteminə qoşulmuşdur. Qeydiyyata alınan və müayinə olunan xəstələr haqqındakı məlumatlar, eyni zamanda mərkəzə də ötürülür. 
Bu ilin ötən dövründə İbadulla kəndində 17 uşaq doğulmuşdur. Hazırda 12 hamilə qadın qeydiyyatdadır və onlara mütəmadi patronaj xidmət göstərilir. Eyni zamanda peyvənd işi də diqqətdə saxlanılır, uşaqlar vaxtlı-vaxtında peyvənd olunurlar. 
Ali Məclisin Sədri İbadulla Kənd Həkim Ambulatoriyasının nümunə olduğunu bildirmiş, sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, peyvənd və patronaj işinin təşkili, səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir. 
 
Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İbadulla kəndində xidmət mərkəzinin də açılışını etmişdir.
 
 
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur. Mağazada, əsasən, yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara daha çox üstünlük verilir.
Xidmət mərkəzində işlə təmin olunan dərzi Rüqəyya Səfərova muxtar respublikada peşə adamlarının qayğı ilə əhatə olunduğunu bildirmiş, yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
 
Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə kənd avtomobil yolu istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur". 
Muxtar respublikada kənd yollarının yenidən qurulması da daim diqqət mərkəzində saxlanılır. Çünki müasir və abad yol inkişaf və rahat həyat deməkdir.
Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar-Vərməziyar-İbadulla-Qış­laqabbas-Ərəbyengicə avtomobil yolunun açılışını etmişdir. 
 
 
Ali Məclisin Sədri İbadulla kənd sakinləri ilə görüşmüş, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək demişdir: İbadulla kəndi muxtar respublikamızın abad yaşayış məntəqələri sırasına daxil oldu. Kənddə aparılan quruculuq işləri, yaradılan şərait ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Sabitlik, iqtisadi islahatlar, düzgün yol ölkəmizin inkişafının əsas səbəbidir. Bu gün İbadulla kəndində məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, yol istifadəyə verildi. Kənddə dayanıqlı təbii qaz, elektrik və rabitə xidməti göstərilir. Yaradılan bu şərait hər bir sakinin rahatlığına xidmət edir. Sakinlərin vəzifəsi isə yaradılanları, qurulanları qorumaq, onlardan səmərəli istifadə etməkdir. Kəndin zəhmətkeş insanları torpaqları əkməli, yeni bağlar salmalı, ölkə­mizin inkişafına öz töhfələrini verməlidirlər. 
Kənd ağsaqqalı Ələkbər İsmayılov minnətdarlıq edərək demişdir ki, aparılan quruculuq işləri və yaradılan şərait bütün sakinlər tərəfindən sevinclə qarşılanır. Daimi işığımız, qazımız, rabitə xidmətimiz, internetimiz, rahat yaşayışımız var. Dövlətin dəstəyi ilə təsərrüfatlarımız genişlənir, dolanışığımız gündən-günə yaxşılaşır. Kəndimizdə tikilən yeni məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, çəkilən müasir və rahat yol dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. İllər öncə söyləmişdiniz ki, vaxt gələcək, kəndlərdə ən hündür binalar məktəb binaları olacaq. Artıq bu fikriniz reallığa çevrilib. Övladlarımız ən müasir məktəblərdə təhsil alırlar. Kəndlərimizdə ən hündür binalar məktəb binalarıdır. Bu, bir daha təsdiq edir ki, təkcə bu günümüzə yox, gələcəyimizə də qayğı göstərirsiniz. 
Sonra Ali Məclisin Sədri yolda yaradılan şəraitlə tanış olmuşdur. 
Məlumat verilmişdir ki, 5 kəndi birləşdirən avtomobil yolunun uzunluğu 17,6 kilometrdir. Yenidənqurma işləri aparılarkən yol yatağı genişləndirilmiş, asfalt örtük salınmış, 55 su keçidi qoyulmuş, 440 metrlik beton kanal çəkilmişdir. Həmçinin kənddaxili yollar da yenidən qurulmuş, 30 kilometr yola qum-çınqıl qatı verilmişdir. 
 
İbadulla Radio-Televiziya Verici Stansiyası yeni binada fəaliyyətə başlayıb.
Sentyabrın 15-də İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə ­maraqlanmışdır. 
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət binada əsas və ehtiyat magistral kabel xətlərinin və ərazi üzrə 16 avtomat telefon stansiyasının fiber-optik sonlandırma avadanlıqları, paylayıcı və çevirici qurğular, Türkiyə-Naxçıvan arası aralıq gücləndirici və radio-rele linklərin modemləri quraşdırılıb. Yeni avadanlıqlar yüksək iş əmsalına malikdir. Bu da televiziya və radio kanallarının ərazidə rəqəmsal formatda kəsintisiz və keyfiyyətli yayımına imkan verəcəkdir. 
 
 
Efirə nəzarət otağında 2 monitor, 2 rəqəmsal teleradio və 4 FM Radio vericisi qurulmuşdur. Yaradılan şərait teleradio yayımını mütəmadi izləməyə imkan verir. Eyni zamanda yaranmış hər hansı nasazlıq barədə operator dərhal məlumatlandırılır. 
Bina ikitərəfli elektrik xətti ilə təchiz edilmiş, 2 generator quraşdırılmış, 430 metr yüksəkgərginlikli kabel, 2600 metr hava elektrik xətti çəkilmiş, 250 və 160 kilovoltluq transformator yarımstansiyası qurulmuşdur. 150 metrlik qüllədə mobil rabitə baza stansiyalarının, televiziya və radio vericilərin şüalandırıcıları, anten-fider sistemləri qurulmuş, radio-rele avadanlıqlarının qəbuledici-verici çanaq antenləri montaj olunmuşdur. 
Ali Məclisin Sədri İbadulla Radio-­Televiziya Verici Stansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Muxtar respublikamızda yeni texnologiyaların tətbiqinə üstünlük verilir. Yeni texnologiyalardan istifadə insanların dünyagörüşünün artmasına, həyat səviyyəsinin rahatlanmasına xidmət edir. İbadulla Radio-Televiziya Verici Stansiyasının əvvəlki binası və avadanlıqları müasir tələblərə cavab vermirdi. Lakin bu gün yeni binada ən müasir avadanlıqlar quraşdırılıb, göstərilən xidmətin keyfiyyəti artıb. 
Ali Məclisin Sədri demişdir: Yeni texnologiyaların tətbiqi, eyni zamanda yeni mütəxəssislərin yetişməsi deməkdir. Bu gün muxtar respublikada yeni texnologiyalar sahəsi üzrə mütəxəssislərin yetişməsinə xüsusi diqqət yetirilir. Naxçıvan Dövlət Universitetində müvafiq ixtisasın Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilməsi, mütəxəssislərin başqa ölkələrə hazırlığa göndərilməsi, yeni texnologiyalar sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan "Huawei" şirkəti ilə əməkdaşlıq edilməsi, muxtar respublika ərazisinin tamamilə optik kabellə və internetlə təmin olunması yeni texnologiyaların inkişafı ilə yanaşı, həm də mütəxəssislərin hazırlanmasına xidmət edir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, avadanlıqların işlədilmə qaydasını öyrənməli, onlara vaxtında texniki qulluq göstərilməli, ərazidə radio və televiziya verilişlərinin yayımı nümunəvi təşkil olunmalıdır. 
 
 
İbadulla Radio-Televiziya Verici Stansiyasının əməkdaşı Ziyafət Həsənov kollektiv adından minnətdarlıq edərək demişdir: Ali təhsilli mütəxəssis kimi 20 ildən artıqdır burada çalışıram. Fəaliyyətimiz dövründə heç vaxt bugünkü kimi müasir şəraitlə təmin olunmamışıq. Ən müasir avadanlıqların quraşdırıldığı bu bina kollektivin məsuliyyətini daha da artırır. Qarşımıza qoyulan vəzifələrin icrasında səylə çalışacaq, sakinlərə nümunəvi xidmət göstərəcəyik. 
Həyətdə abadlıq işləri aparılmış və yaşıllıq sahəsi salınmışdır.
* * *
İbadulla kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 1300 metr yeni fiberoptik kabel, 5250 metr yeraltı rabitə, 80 metr yeraltı kabel xətti çəkilmiş, 400 kilovoltluq transformator yarımstansiyası qurulmuşdur. Bundan başqa 720 metr qaz xəttində təmir-bərpa işləri aparılmış, 1200 metr içməli su xətti çəkilmişdir.
17/09/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).