0:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi davam etdirilir.

 
Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.



Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Muxtar Ağayev və müvafiq zastavaların əsgər və çavuş heyəti iştirak etmişdir. 
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi Muxtar Ağayev açaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə hüquqi marifləndirmə tədbirlərinin həyata keçirilməsinin hərbi qulluqçuların hüquqi maarifləndirilməsində, o cümlədən, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində mühüm rol oynadığını qeyd etmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyevin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Avropa Konvensiyası və onun nəzarət mexanizmi" və "Sülh insan hüquqlarının səmərəli təminatına xidmət edir" mövzularında geniş çıxışları olmuşdur.
A.Orucəliyev "işgəncə" haqqında tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya"nın məqsədləri üçün "işgəncə" dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür.
Ombudsmanın əməkdaşı Azərbaycan Respublikasnın 31 may 1996-cı ildən "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya"nın iştirakçısı olduğunu vurğulayaraq diqqətə çatdırmışdır ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 18 dekabr 2002-ci il tarixli 57/199 saylı qətnaməsi ilə adı çəkilən Konvensiyanın Fakültativ Protokolu qəbul edilmişdir. Azərbaycan Respublikası Fakultativ Protokolu 15 sentyabr 2005-ci il tarixdə imzalamış, 02 dekabr 2008-ci il tarixli, 724-IIIQ nömrəli qanunla ratifikasiya etmiş və bu protokol Azərbaycan Respublikasına münasibətdə 15 yanvar 2009-cu il tarixdə qüvvəyə minmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikasının Prezidenti tərəfindən 13 yanvar 2009-cu il tarixdə 112 saylı sərəncam imzalanmış, 15 yanvar 2009-cu il tarixdə isə bu sərəncam dərc edilmişdir. Sərəncama əsasən, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Azərbaycan Respublikasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir.
Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 29 dekabr 2011-ci il dördüncü çağırış, dördüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxtar Respublikası Qanunu"na edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikası ərazisində yerinə yetirən təsisat qismində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilmişdir. 
Daha sonra Ombudsmanın əməkdaşı 21 sentyabr Beynəlxalq Sülh günü ilə bağlı tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.

            25/09/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).