Ali Məclisin Sədri Sərəncam imzaladı. Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə qərara alıram: 1. "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin. 2. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icra barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin". 10.10.2018
|