16:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Psixi Xəstəliklər Dispanserində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Oktyabr ayının 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində 10 oktyabr "Ümumdünya Psixi Sağlamlıq Günü" münasibətilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir. 
 
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov və Dispanserin işçi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə həyata keçirilmiş tədbirlərin rolundan danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Vahidə Bayramova çıxış edərək qeyd etmişdir ki, dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə 10 oktyabr "Ümumdünya Psixi sağlamlıq günü" kimi qeyd edilir. 
Ombudsmanın nümayəndəsi bildirmişdir ki, psixi pozuntuların mənfi nəticələrinin azaldılması məqsədilə Avropa Regionunun 52 ölkəsinin nümayəndəsi tərəfindən 14 yanvar 2005-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsi və Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planı qəbul edilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunması Azərbaycan Respublikasının əsas prioritetlərindən biridir. Belə ki, Azərbaycan Respublikası da yuxarıda qeyd edilən Bəyannaməyə imza atmış, Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəliklər götürmüşdür.
V. Bayramova çıxışında bildirmişdir ki, Ümumdünya Psixi Sağlamlıq Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da qeyd olunur. Naxçıvan Muxtar Respublikasında da insan sağlamlığı bütün dövrlər üçün aktual məsələlərdən biri olmuş, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin müasir avadanlıqlarla, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi sanitar şəraitin yaradılması, o cümlədən dispanserdə stasionar şəraitdə müalicə alan pasiyentlərin müayinə və müalicəsi, psixoprofilaktikası, reabilitasiyası, onların tibbi xidmət ehtiyacları üçün dərman preparatları ilə təmin edilməsi, həmçinin pasiyentlərin dispanserdə saxlanılması və gündəlik menyuya uyğun olaraq qida rasionu ilə təmin olunması muxtar respublika rəhbərliyinin diqqətdə saxladığı sahələrdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu sahədə görülən işləri yüksək qiymətləndirərək deyib: "Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır".
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında bu sosial qrupa aid olan şəxslərin hüquqlarının təmin edilməsi ilə yanaşı, bu gün onların hüquqi müdafiəsi də diqqətdə saxlanılır. Bu məqsədlə mütəmadi olaraq qanunvericlik bazası, həmçinin hüquq-müdafiə mexanizmləri təkmilləşdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 29 dekabr 2011-ci il dördüncü çağırış, dördüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən yaradılmış Preventiv Qrup Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə mütəmadi olaraq başçəkmələr və hüquqi maarifləndirmə tədbirləri həyata keçirərək əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir.
Diqqətə çatıdılmışdır ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa əsasən Ombudsmanın preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanseridir. Preventiv qrup tərəfindən Dispanserdə müalicə alan pasiyentlərin saxlanma şəraiti, pasiyentlərin milli və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə mütəmadi olaraq başçəkmələr, həmçinin Dispanserin tibb heyəti tərəfindən psixiatriya yardımı göstərilərkən pasiyentlərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, pasiyentlərlə rəftara dair məsələlərlə bağlı hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir.
Sonra məruzəçi "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
10.10.2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).