9:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Heydər Əliyev siyasi xəttinin bəhrələri.
 
Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndlərində kompleks quruculuq işləri aparılıb.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiiləcəkdir. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir".
Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Bu inkişaf Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir. Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublikanın bütün yaşayış məntəqələrində sürətli və kompleks inkişafı təmin etmişdir. Ucqar dağ və sərhəd kəndlərimizdə yaradılan infrastruktur isə ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsidir.
Oktyabrın 15-də Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.
 
Aşağı Buzqovda yeni məktəb binasının açılışı olmuşdur.
 
Oktyabrın 15-də Aşağı Buzqov kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri Aşağı Buzqov kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin "Müəllimlərin əsas vəzifəsi cəmiyyətimiz, xalqımız, ölkəmiz üçün təhsilli gənclər yetişdirməkdən ibarətdir",- fikrini xatırladaraq demişdir: Dahi şəxsiyyətin müəyyənləşdirdiyi bu vəzifə müəllimlərin əsas fəaliyyət istiqamətidir. Çünki gələcəyimiz olan gənclərin hazırlanması müəllimlərin əməyindən və səyindən asılıdır. Dövlətin vəzifəsi isə müəllim və şagirdlər üçün lazımi şərait yaratmaqdır. Bu gün istifadəyə verilən Aşağı Buzqov kənd tam orta məktəbinin binası müasir tədrisin tələbləri səviyyəsindədir. Burada yaradılan şərait imkan verəcəkdir ki, müəllimlər şagirdləri hərtərəfli hazırlaya bilsinlər. Məktəbdə quraşdırılan elektron lövhələrdən, internetə çıxışı olan kompüterlərdən, laboratoriyalardan və digər tədris avadanlıqlarından səmərəli istifadə olunarsa, gənclərimiz də hərtərəfli hazırlanacaq, ölkəmizin və dünyanın istənilən ali məktəblərində, orta ixtisas və peşə məktəblərində təhsillərini davam etdirə biləcəklər.
Ali Məclisin Sədri demişdir: Təhsil almaq hər bir gəncin gələcək həyatında, onun formalaşmasında mühüm rol oynayır. Təhsilsiz gənc həyatda müvəffəq ola bilməz. Bu mənada hər bir ölkənin və xalqın gələcəyinin əsası məktəblərdə qoyulur. Gənclərimiz də gərək onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etsinlər, yaxşı oxusunlar, yeni texnologiyaları mənimsəsinlər və özlərini gələcək həyata hazırlasınlar. Aşağı Buzqov kənd tam orta məktəbində yaradılan şərait şəhər məktəblərindən fərqlənmir. Bu da imkan verir ki, məktəbdə müasir tədris metodlarından istifadə olunsun, müəllim və şagirdlər ən son yeniliklər barədə məlumat ala bilsinlər. Yaradılan şəraitdən düzgün istifadə olunmalı, gənclər mütləq bir xarici dil öyrənməli, tariximizi, dilimizi yaxşı bilməlidirlər.
Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin də qənaətləndirici olduğunu bildirmiş, kollektivə təşəkkür etmiş və tədrisdə uğurlar arzulamışdır.
 
 
 
Məktəbin direktoru Həsən Quliyev çıxış edərək demişdir ki, muxtar respublikada genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davamı kimi, Aşağı Buzqov kəndində də müasir məktəb binası istifadəyə verilir. Təhsilə göstərilən qayğının daha bir ifadəsi olan məktəb binası tədrisin səmərəli təşkilinə imkan verəcəkdir. Həsən Quliyev minnətdarlıq edərək demişdir ki, kollektiv yaradılan şəraitdən səmərəli istifadə edəcək, gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışacaq, savadlı və vətənpərvər gənclər yetişdirməklə etimadı doğruldacaqdır. 
Sonra məktəb binasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, 154 şagird yerlik 3 mərtəbəli məktəb binasında tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Yeni texnologiyaların tətbiqinə üstünlük verilməsinin nəticəsidir ki, məktəbdə 3-ü elektron lövhəli olmaqla 14 sinif otağı, kompüter otağı, tədris proqramına uyğun avadanlıqlarla təchiz olunmuş kimya-biologiya və fizika laboratoriyaları müəllim və şagirdlərin istifadəsinə verilib. Kompüter otağında 15 kompüter quraşdırılmış və internetə qoşulmuşdur.
Müasir hərbi kabinə, şahmat sinfi, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı da dərslərin səmərəli keçirilməsinə imkan verəcəkdir. Məktəbin kitabxana fondunda 880-i dərslik və 1462-si bədii ədəbiyyat olmaqla 2342 kitab vardır. Həmçinin burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılmışdır.
Ali Məclisin Sədri idman zalında,hərbi kabinədə və laboratoriyalarda yaradılan şəraitlə tanış olmuş, kitabxana işçiləri üçün kursların keçirilməsi və elektron dərsliklərdən istifadəyə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə 213 təhsil müəssisəsi arasında keçirilən interaktiv dərs izlənilmişdir.
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri demişdir: Müasir məktəb binası gənclərimizi gələcəyə hazırlayan təhsil abidəsidir. Bu il təyinatla iki gənc müəllim Aşağı Buzqov kənd tam orta məktəbində işlə təmin olunub. Artıq gənclərimiz kəndlərdə işləməyə daha çox üstünlük verirlər. Bunun da əsas səbəbi kəndlərimizdə şəhər rahatlığının yaradılmasıdır. Şəhərlərimizdə də müasir məktəblər var. Lakin təmiz hava və səfalı təbiət kəndlərimizdədir. Bütün bunlarla yanaşı, yaradılan müasir infrastruktur da kənddə yaşamaq və işləmək üçün geniş imkanlar açır. Çünki yaxşı iş şəraiti həm də yaxşı əhval-ruhiyyə deməkdir. Vaxtilə gənclərimiz şəhər məktəblərində işləməyə daha çox üstünlük verirdilər. Lakin şəhərlə kənd arasındakı fərqin aradan götürülməsi gənclərin kəndlərdə məskunlaşmasına və işləməsinə geniş imkanlar açıb. Kolektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, gənclərin hərtərəfli təhsil alması qayğısına qalmalıdırlar.
Yeni işlə təmin olunmuş gənc müəllim Surə Rəhimova minnətdarlıq edərək demişdir: Sərhəd dağ kəndi olan Aşağı Buzqovda müasir məktəb binasının istifadəyə verilməsi müəllim və şagirdləri çox sevindirir. Kənd məktəbində yaradılan şərait şəhər məktəblərindən heç nə ilə fərqlənmir. Bu da tədrisin hərtərəfli təşkilinə imkan verir. Bu gün mənim üçün ikiqat sevinclidir. Ona görə ki, gənclərə göstərilən qayğıdan bəhrələnmiş, müəllimlərin işə qəbul imtahanlarında yüksək bal toplayaraq Aşağı Buzqov kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunmuşam. Dövlətimiz bu dağ kəndində gənc müəllimlərin işləməsi və yaşaması üçün hərtərəfli şərait yaradıb. Qarşımda bir vəzifə var. O da göstərilən qayğıya öz əməli işimlə cavab verməkdən, savadlı və vətənpərvər gənclər yetişdirməkdən ibarətdir.
Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, yaşıllıq salınmışdır.
 
 
 
Aşağı Buzqov Kənd Mərkəzi istifadəyə verilmişdir.
 
Oktyabrın 15-də Aşağı Buzqovda kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, əvvəllər dövlət qurumları şəraiti olmayan binalarda yerləşirdi. Lakin kənd mərkəzində bütün təşkilatların fəaliyyəti üçün şərait yaradılmış, müasir iş otaqları istifadəyə verilmişdir. Hazırda binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, baytarlıq məntəqəsi, kitabxana, rabitə evi, polis sahə məntəqəsi, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası Aşağı Buzqov kənd ərazi ilk təşkilatı, arxiv, statistika otağı və 74 yerlik iclas zalı var. Aşağı Buzqov kəndini əhatə edən baytarlıq məntəqəsində xidmətin təşkili üçün lazımi şərait yaradılıb.
 
 
 
Yeni Azərbaycan Partiyası Aşağı Buzqov kənd ərazi ilk təşkilatının 138 üzvü vardır. Kənd kitabxanasında 5465 kitab oxucuların istifadəsinə verilib. İclas zalında müxtəlif mədəni-kütləvi tədbirlərin, eləcə də maarifləndirici görüşlərin keçirilməsi mümkündür.
Rabitə evində poçt bölməsi yaradılmış, 500 metr fiber-optik xətt çəkilmiş, 256 yerlik yeni nəsil ATS quraşdırılmışdır. Hazırda Aşağı Buzqov kəndində 135 telefon və 32 internet istifadəçisi vardır.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması və kənddə ailə təsərrüfatlarının inkişafına dəstək verilməsi barədə tapşırıqlar vermişdir. 
 
 
 
Binanın həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
 
 
 
Dağ kəndində xəstəxanatipli həkim ambulatoriyası fəaliyyətə başlamışdır.
 
Muxtar respublikanın yaşayış məntəqələrində səhiyyə xidmətinin günün tələbləri səviyyəsində qurulması əsas vəzifələr sırasındadır. Kəndlərdə quruculuq işləri aparılarkən tikilən müasir həkim ambulatoriyaları isə sakinlərin hərtərəfli tibbi xidmətlə təminatına hesablanıb.
Oktyabrın 15-də Aşağı Buzqov kəndində yeni həkim ambulatoriyası istifadəyə verilmişdir.
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın açılışını etmiş, kənddə səhiyyə xidmətinin təşkili üçün yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, ambulatoriya 8 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptekdən ibarətdir. Burada stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Laboratoriya avadanlıqları ilkin analizlərin aparılmasına imkan verəcəkdir.
 
 
 
Fizioterapiya kabinəsində elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası vardır.
 
 
 
Ali Məclisin Sədri həkim briqadalarının kəndlərdə əhaliyə tibbi xidmət göstərməsi, eləcə də həkim ambulatoriyalarının fəaliyyət proqramının hazırlanması barədə tapşırıqlar vermişdir.
 
Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolu istifadəyə verilmişdir.
 
Sərhəd və dağ kəndlərinin inkişafında ən vacib amillərdən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Bu səbəbdən də muxtar respublikada avtomobil yollarının yenidən qurulması kənddən şəhərə doğru aparılır. Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolunun yenidən qurulması da bu tədbirlərin davamıdır.
Oktyabrın 15-də Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolu istifadəyə verilmişdir.
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Sonra Ali Məclisin Sədri sakinlərlə görüşmüş, onları kənddə aparılan quruculuq işləri və yeni yolun istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Aşağı Buzqov kəndi bu gün muxtar respublikanın müasir kəndləri sırasına qoşulur. Kənddə şəhər rahatlığı yaradılıb. İstifadəyə verilən məktəb binası, həkim ambulatoriyası, kənd mərkəzi, yol, xidmət mərkəzi və aparılan abadlıq işləri sakinlərin rahat yaşayışının təmin olunmasına xidmət edir. Dağ və sərhəd kəndi olan Aşağı Buzqov etibarlı müdafiə olunur. Həmçinin kəndə fasiləsiz təbii qaz və elektrik enerjisinin verilməsi, rabitə xidmətinin göstərilməsi, sürətli internet təminatı imkan verir ki, insanlar öz vaxtlarını təsərrüfatlarına sərf etsinlər. Aparılan quruculuq işləri məskunlaşmanı daha da artıracaq, ailə təsərrüfatları böyüyəcək, kəndin əsas təsərrüfat sahələri olan maldarlıq, heyvandarlıq, arıçılıq, bağçılıq bundan sonra da inkişaf edəcəkdir. Yeni yol rahat gediş-gəlişi təmin edəcək, müasir məktəb binası şagirdlərin hərtərəfli hazırlanmasına imkan verəcək, hərtərəfli tibbi xidmət sakinlərin sağlamlığını qoruyacaq, internetə çıxış imkanı isə insanların dünyagörüşünün artmasına və məlumatlı olmasına şərait yaradacaqdır. Kənd sakinləri də yaradılan şəraitdən səmərəli istifadə etməli, təsərrüfatlarını genişləndirməli, Aşağı Buzqov kəndi bundan sonra da muxtar respublikamızın inkişafında xüsusi paya malik olmalıdır.
Ali Məclisin Sədri kənd sakinlərinə təşəkkür etmiş, onlara firavan həyat arzulamışdır.
 
 
 
Aşağı Buzqov kənd sakini İbrahim Zeynalov minnətdarlıq edərək demişdir: Babək rayonunun sərhəd yaşayış məntəqəsi olan Aşağı Buzqovda böyük quruculuq işləri görülmüşdür. Kəndimizdə müasir məktəb binasının, eləcə də digər sosial obyektlərin inşa olunması, yolun yenidən qurulması sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Fasiləsiz təbii qaz, elektrik enerjisi və rabitə təminatı, hər gün Naxçıvan şəhərinə marşrutun işləməsi rahatlığımızı təmin edib. Etibarlı müdafiə olunan kəndimiz düşmən qarşısında mərd dayanıb. Kənddə insanların rifahı yüksəlir, yeni evlər tikilir, şəxsi avtomobillərin sayı artır, fərdi təsərrüfatlar inkişaf edir. Bütün bunlar ölkəmizdəki inkişafın, tərəqqinin bəhrələridir. Söz veririk ki, bundan sonra da əsgərlərimizlə həmrəy olaraq doğma kəndimizi etibarlı müdafiə edəcək, tikilənləri, qurulanları qoruyub saxlayacağıq. 
Baxış zamanı bildirilmişdir ki, 11,7 kilometrlik yola asfalt örtük salınmış, 1600 metr yol hamarlanaraq qum-çınqıl qatı verilmişdir. Tikinti işləri aparılarkən mühəndis-texniki tələblərə əməl edilmiş, qış aylarında, xüsusilə yağıntılı günlərdə avotomobillərin rahat hərəkəti nəzərə alınmış, yolun üzərindəki 2 körpü təmir edilmiş, 168 su keçidi qoyulmuş və 2670 metrlik beton kanal çəkilmişdir.
 
Dağ kəndində yeni xidmət obyekti.
 
Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Buzqov kəndindəki xidmət mərkəzinin də açılışını etmişdir.
 
 
 
Məlumat verilmişdir ki, muxtar respublikanın müasirləşən kənd yaşayış məntəqələrində xidmət mərkəzlərinin istifadəyə verilməsi sakinlərin gündəlik məişət tələbatının ödənilməsi və yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə xidmət mərkəzlərində yerli sənaye və ərzaq, o cümlədən ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışa çıxarılması və digər xidmətlərin təklif olunması kəndlərdə turizmin inkişafına da öz töhfəsini verir.
Aşağı Buzqov kəndindəki xidmət mərkəzində də bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları istifadəyə verilmiş, 5 sakin işlə təmin olunmuşdur.
 
  
* * *
Aşağı Buzqov kəndində abadlıq işləri də görülmüşdür. Kəndin müxtəlif hissələrində 140 metr daş hasar çəkilmiş, 2 piyada körpüsü salınmış, 461 metr sahilbərkitmə işləri aparılmışdır. Kənddəki mövcud rabitə, elektrik və qaz xətləri yenilənmiş, 4 min metr rabitə və 8845 metr elektrik xətti çəkilmiş, 9630 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Kəndin içməli su təminatı da yaxşılaşdırılmış, 1800 metr içməli su xətti çəkilmiş, 12 kilometrlik içməli su xətti təmir olunmuşdur.
 
Yuxarı Buzqov kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
 
Oktyabrın 15-də Yuxarı Buzqov kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, binada 2-si elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı və kitabxana vardır. Kompüter otağında yeni kompüterlər quraşdırılmış və internetə qoşulmuşdur. Məktəbin kitabxana fondunda 180-i dərslik və 1050-si bədii ədəbiyyat olmaqla 1230 kitab vardır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Məktəb müasir tədrisin tələblərinə tam cavab verən səviyyədədir. Burada müəllim kollektivi də formalaşıb. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, "Təhsili güclü olan dövlət hər şeyə qadirdir". Dövlətimiz də bu şəraiti ona görə yaradır ki, dağ və sərhəd kəndində uşaqlar təhsildən kənarda qalmasınlar, təhsilli böyüsünlər, peşə sahibi olsunlar. Məktəb işi daim diqqət mərkəzində olmalı, tədris müasir tələblər səviyyəsində qurulmalıdır. Çünki məktəbdə ölkənin gələcəyi yetişir. Qarşınızda bir vəzifə var: O da ölkəmizin gələcəyini hazırlamaq, yetişdirməkdir. Bu kəndin inkişafı daim diqqət mərkəzində olub. Kənddə dövlət qurumlarının fəaliyyəti təmin edilib. Bu gün isə müasir məktəb kollektivin istifadəsinə verilir. Bu işləri həyata keçirməkdə məqsəd ondan ibarətdir ki, kənddə həyat davam eləsin. Bunun üçün də birgə səy göstərmək lazımdır.
 
 
 
Ali Məclisin Sədri kollektivə tədrisdə uğurlar arzulamışdır.
 
 
 
Yuxarı Buzqov kənd tam orta məktəbinin müəllimi Əfqan Vəliyev minnətdarlıq edərək demişdir ki, bu gün hər cür şəraitə malik müasir tipli məktəb binası istifadəmizə verilir. Belə gözəl və yaraşıqlı məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin bu arzusu indi reallığa çevrilib. Bu isə məktəbdə tədrisin səviyyəsinin artmasına, yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə əlverişli şərait yaradır. Əfqan Vəliyev təhsilin inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə edəcəklərini, gənc nəslin təlim-tərbiyəsi üçün səylə çalışacaqlarını, savadlı və vətənpərvər gənclər yetişdirərək etimadı doğruldacaqlarını bildirmişdir.
Məktəbdə fərdi qazanxana qurulmuş, binanın həyətində açıq idman qurğuları istifadəyə verilmiş, həyətdə abadlıq işləri aparılmışdır.
 
Yuxarı Buzqov kənd mərkəzi istifadəyə verilmişdir.
 
Oktyabrın 15-də Yuxarı Buzqov kənd mərkəzinin açılışı olmuşdur.
 
 
 
Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və zal yerləşir. Yeni Azərbaycan Partiyası Yuxarı Buzqov kənd ərazi ilk təşkilatının 49 üzvü vardır. Onlardan 11-i gənc, 16-sı isə qadındır.
 
 
 
Kitabxanada 5650 ədəbiyyat oxucuların istifadəsinə verilib. Rabitə evində quraşdırılan yeni nəsil ATS və yaradılan poçt bölməsi sakinlərə keyfiyyətli xidmət göstərilməsinə imkan verir.
 
 
 
Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılıb. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, qlükometr, tərəzi, soyuducu və digər tibbi avadanlıqlarla təchiz olunmuşdur.
 
Xidmət mərkəzində sakinlərin gündəlik tələbatı ödəniləcək.
 
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Buzqov kəndində xidmət mərkəzinin də açılışını etmişdir.
 
 
 
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, anbar, ərzaq və təsərrüfat malları mağazaları vardır. Burada 2 sakin işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.
 
 
 
Kənd sakini Abbas Ələkbərov minnətdarlıq edərək demişdir: Ali Məclis Sədrinin Babək rayonunun təşkil olunmasının 40 illiyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam bütün rayon sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Yubiley ərəfəsində ucqar dağ və sərhəd yaşayış məntəqəsi olan Yuxarı Buzqov kəndində geniş quruculuq işləri aparılıb. Ötən əsrin 90-cı illərini yaxşı xatırlayırıq. O zaman ulu öndərimizin rəhbərliyi ilə muxtar respublikanın bütün sərhəd kəndləri kimi, Yuxarı Buzqov da işğaldan qorundu, əhalinin yaşayışı təmin edildi. Ötən dövrdə də kəndimizin inkişafı daim diqqətdə saxlanılıb. Bu gün isə kəndimizdə tam orta məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yolu yenidən qurulmuşdur. Məktəbdə övladlarımızın yaxşı təhsil alması üçün hər cür şərait var. Bundan başqa, istifadəyə verilən kənd mərkəzində dövlət qurumları əhaliyə yüksək səviyyədə xidmət göstərəcək. Əvvəllər digər kəndlərə və Naxçıvan şəhərinə böyük çətinliklər hesabına gedib-gəlirdik. Müasir yol bu problemi də həll etdi. Eyni zamanda yeni tikilmiş xidmət mərkəzi əhalinin zəruri ehtiyaclarını tam ödəyəcək. Kəndə yeni içməli su xətti çəkilmiş, poçt bölməsi yaradılmış, müasir tipli ATS quraşdırılmış, ucqar dağ kəndi internetlə təmin edilmişdir. Elektrik və qaz xətləri yenilənmişdir. Bir sözlə,Yuxarı Buzqovda insanların rahat yaşayışı və işləməsi üçün bütün şərait yaradılıb. Abbas Ələkbərov göstərilən qayğıya görə kənd sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri Yuxarı Buzqov kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyev də sərhəd kəndlərinin inkişafını daim diqqətdə saxlayırdı. Bu gün ölkə Prezidenti də sərhəd və dağ kəndlərinin inkişafına qayğı göstərir, geniş quruculuq işləri aparılır. Muxtar respublikanın kəndlərinin, xüsusilə sərhəd yaşayış məntəqələrinin inkişafı da diqqət mərkəzindədir. Ötən dövrdə muxtar respublikada sərhəd və dağ kəndlərinin boşalmasına imkan verilmədi. Həmin kəndlərdə müasir şərait yaradıldı, insanların rahat yaşayışı təmin edildi. Nəticədə məskunlaşma artdı. Yuxarı Buzqov kəndində də geniş quruculuq işləri aparılıb, şəhər rahatlığı yaradılıb. Kənddə rahat yaşamaq üçün hər cür şərait var. Müasir yol, məktəb binası, kənd və xidmət mərkəzləri daimi təbii qaz və elektrik təminatı, rabitə xidməti sakinlərin rahat yaşayışına hesablanıb. Dövlətimiz bundan sonra da kəndin inkişafına dəstək verəcəkdir. Çünki torpağı əkmirsənsə qorumağına, qorumursansa əkməyinə dəyməz. Ona görə də sakinlər kəndin mövcud imkanlarından səmərəli istifadə etməli, torpaqlar əkilməli, yeni ailə təsərrüfatları formalaşmalı, məskunlaşma artmalıdır.
 
* * *
Yuxarı Buzqov kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 4000 metr fiberoptik kabel, 2400 metr içməli su və 490 metr elektrik xətti çəkilmiş, 4413 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmışdır.
 
                                         16/10/2018 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).