20:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub.
 

Dünən Türkiyənin Şərqi Anadolu Jurnalistləri Federasiyasının üzvü olan media qurumlarının nümayəndələri Naxçıvan Muxtar Respublikasına gəliblər. Qonaqlar əvvəlcə Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olublar.
Açıq səma altında nümayiş etdirilən daş abidələr türkiyəli media nümayəndələrinin böyük marağına səbəb olub. Burada məlumat verilib ki, Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yaradılıb.
Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, bu abidə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1186-cı ildə tikilib. O, Naxçıvanda yaranan Əcəmi memarlıq məktəbinin şah əsəridir.
Xan sarayında olarkən qonaqların diqqətinə çatdırılıb ki, bu muzey Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib.
Qonaqlar Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı burada keçirilən üçüncü "Arıçılıq məhsulları - bal festivalı"nda da iştirak ediblər. Dad-tamı, yüksək keyfiyyəti ilə seçilən Naxçıvan balı, muxtar respublikanın müxtəlif arıçılıq təsərrüfatlarının istehsal etdiyi, insan orqanizmi üçün əvəzsiz faydası olan digər arıçılıq məhsulları media nümayəndələrinin diqqətini cəlb edib.
Nuh Peyğəmbərin türbəsində qeyd olunub ki, bu abidənin qədim dövrlərdən mövcud olduğu elmi araşdırmalarla öz təsdiqini tapıb. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı "Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında" Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.
Naxçıvan Biznes Mərkəzində qonaqlara bildirilib ki, burada muxtar respublikanın istehsal və xidmət müəssisələri tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Sahibkar­lığa göstərilən diqqət və qayğının nəticəsində bu gün muxtar respublikada 382 növdə məhsul istehsal edilir. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
Türkiyəli jurnalistlər Naxçıvan Dövlət Televiziyasında da olublar. Məlumat verilib ki, müasir informasiya texnologiyalarının tətbiqi tele­radio materiallarının keyfiyyətini xeyli yaxşılaşdırıb, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunub, televiziyanın internet saytı yaradılıb, televiziyanın və radionun internet üzərindən canlı yayımı təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il fevralın 6-da "Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamın icrası ilə əlaqədar muxtar respublikada ilk dəfə "Nuhçıxan" İnformasiya Agent­liyi yaradılıb, agentliyin saytı istifadəyə verilib.
 
 
"Şərq qapısı" qəzeti redaksiyasına gələn qonaqlara qəzetin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu gün Azərbaycanın ən qocaman mətbu orqanlarından olan "Şərq qapısı" qəzeti ötən 97 ildə muxtar respublikamızda baş vermiş siyasi, iqtisadi, sosial və mədəni hadisələrin davamlı, əhatəli salnaməsi kimi əhəmiyyətli mənbəyə çevrilib. Qəzet bir neçə nəsil üçün məktəb olub, Naxçıvanda jurnalist kadrların yetişməsində böyük rol oynayıb. Həftədə 5 gün dərc olunan "Şərq qapısı" qəzeti 2012-ci ildən fəaliyyət göstərən internet saytı vasitəsilə dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən oxunur.  

 
 
Naxçıvan Dövlət Universitetində bildirilmişdir ki, ali təhsil ocağının çoxsaylı beynəlxalq əlaqələrində Türkiyənin əksər universitetləri ilə çoxşaxəli əməkdaşlıq əhəmiyyətli yer tutur. Buradakı Distant Təhsil Mərkəzi ilə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, mərkəz istifadəyə verildikdən sonra bu ali təhsil ocağında distant formada təhsil almaq istəyən xarici tələbələrin sayı artmışdır. Media Mərkəzində fəaliyyət göstərən "Universitet" televiziyası və "Nuhçıxan" radiosunda və "Qeyrət" nəşriyyatında gənc jurnalistlər üçün yaradılan şərait maraqla qarşılanıb.
 
 
 
Türkiyənin Şərqi Anadolu Jurnalistləri Federasiyasının üzvü olan media qurumlarının nümayəndələrinə Duzdağ Fizioterapiya Mərkəzi haqqında da geniş məlumat verilib.

 

Muxtar respublikada səfərdə olan türkiyəli qonaqlar "Şərq qapısı" qəzetinə müsahibələrində səfər təəssüratlarını bölüşüblər.
Firudin Fazil Özsoy - Şərqi Anadolu Jurnalistləri Federasiyasının sədri: - Əvvəlcə Naxçıvanla tanışlıqda bizə yaradılmış şəraitə görə minnətdarlığımı bildirirəm. Bu qədim Azərbaycan diyarına səfərimizin məqsədi Naxçıvanla tanışlıq və muxtar respublikanın kütləvi informasiya vasitələri ilə Türkiyənin Şərqi Anadolu vilayətində fəaliyyət göstərən media orqanları arasında əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Qeyd edim ki, "Bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan arasında bütün sahələr kimi, kütləvi informasiya vasitələri arasında da əməkdaşlıq münasibətləri inkişaf etdirilməli, Şərqi Anadolu insanı Naxçıvanı, naxçıvanlılar isə Şərqi Anadolunu yaxından tanımalıdırlar. Düşünürəm ki, bu sahədə hər iki tərəfin böyük potensialı var. Eyni zamanda dərin tarixi, dini, mədəniyyət bağlılığımız var. Biz bütün bu imkanlardan yararlanaraq hər iki tərəfin zəngin mədəni-iqtisadi, turizm potensialını tanıda, ölkə­lərimiz arasındakı əməkdaşlığa yeni töhfə verə bilərik. İnanıram ki, bu məqsədlərimizə birgə nail olacağıq. Naxçıvanla bağlı onu demək istəyirəm ki, bu qədim Azərbaycan diyarı son illərdə böyük inkişaf yolu keçib. Şəhərin abad və rahat yolları, müasir binaları, bir-birindən gözəl küçə və prospektləri Naxçıvanın hərtərəfli inkişafının göstəricisidir. Ümid edirəm ki, hər iki tərəfin informasiya orqanlarının əməkdaşlığı Naxçıvanın hərtərəfli potensialının tanıdılmasında mühüm rol oynayacaq.
Əli Er - Malatya Jurnalistləri Cəmiyyətinin sədri, "Son söz" ­qəzetinin təsisçisi: - Naxçıvan mənim uşaqlıq vaxtlarından adını eşitdiyim, lakin indiyədək heç zaman görmədiyim və ölkəmizlə birbaşa sərhədi olan qədim türk yurdudur. Bu diyarın qədim tarixə və mədəniyyətə malik olduğunu bilirdim. Bu gün isə bu zənginliyi öz gözlərimlə gördüm. Vaxtımızın az olmasına baxmayaraq, şəhərlə qısa da olsa, tanış olduq, burada keçirilən "Arıçılıq məhsulları - bal festivalı"nda iştirak etdik. Həqiqətən, Naxçıvanın tarixlə, mədəniyyətlə nəfəs alan bir şəhər olduğunu gördük. Şəhərin gözəlliyi isə insana ayrı bir zövq verir. Naxçıvanın təmizliyi, sakinlərinin qonaqpərvərliyi çox xoşumuza gəldi. Çalışacağam ki, bütün bu gördüklərimizi malatyalı oxucularımıza da çatdırım.
Mücahit Özdəmir - Ərzincan Jurnalistləri Cəmiyyətinin sədr müavini, "Doğu" qəzetinin təsisçisi: - Mən də Naxçıvana ilk dəfədir ki, səfər edirəm. Azərbaycanın Türkiyə ilə qonşu olan bu qədim diyarında olmaq bizim üçün çox qürurvericidir. Ona görə ki, Naxçıvan türkün qədim tarixini özündə yaşadan bir diyardır. Şəhəri gəzərkən burada türk və İslam mədəniyyətinin incilərini yaşadan möhtəşəm tarixi abidələrlə tanış olduq. Məsələn, Möminə xatın türbəsi mənə çox ecazkar təsir bağışladı. Təəssüf ki, mənim yaşadığım bölgə aktiv seysmik zona olduğundan qədim dövrlərin yadigarları olan abidələrin çoxu zəlzələlər zamanı dağılaraq məhv olub. Ancaq Naxçıvan belə tarixi abidələri özündə yaşatmaqla bu mədəni zənginliyi hər kəsə təqdim etməyi bacarır. Bununla yanaşı, Naxçıvandakı təmizlik, yolların rahatlığı, yaşıllıqlar çox xoşuma gəldi. Düşünürəm ki, hər bir Türkiyə vətəndaşı Naxçıvanı daha yaxından tanımalıdır. Ümid edirəm ki, qarşılıqlı fəaliyyətimiz buna imkan verəcək.

  22/10/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).