1:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi günün əsas tələbidir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
 
 
Noyabrın 13-də sərhəd zastavalarında keçirilmiş hüquqi maarifləndirmə tədbirlərində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi Muxtar Ağayev və müvafiq zastavaların çavuş və əsgər heyəti iştirak etmişdir. 
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi Muxtar Ağayev açaraq qeyd etmişdir ki, Ombudsman təsisatı ilə birgə hüquqi marifləndirmə tədbirlərinin həyata keçirilməsi hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasında, o cümlədən, onların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsində mühüm rol oynayır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev hərbi informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi məsələləri barədə danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaq məqsədilə 30 sentyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir.
A.Orucəliyev informasiya haqqında məlumat verərək bildirmişdir ki, informasiya dedikdə, yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 
Qeyd olunmuşdur ki, müasir dövrdə informasiyanın yeni dəyər kəsb etməsi, onun qorunması, təhlüksizliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılır. İnformasiya təhlükəsizliyi ilə bağlı münasibətlər "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. 
Daha sonra "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının bir sıra sərhəd zastavalarında da hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, tədbirlərdə Ombudsmanın əməkdaşı A.Orucəliyev sərhəd xidməti qaydalarını pozmağa görə cinayət məsuliyyətinin əsasları barədə danışmışdır.
 
 
Abil Orucəliyev qeyd etmişdir ki, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. 
Qeyd olunmuşdur ki, sərhəd xidməti çəkmə qaydaları "Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının 6 yanvar 1994-cü il tarixli Qanunu, "Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının 9 dekabr 1991-ci il tarixli Qanunu və başqa normativ hüquqi aktlarla tənzimlənir.
Ombudsmanın əməkdaşı sərhəd xidməti qaydalarının pozulmasına görə cinayət məsuliyyətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 339-cu maddəsində təsbit olunduğunu qeyd edərək bildirmişdir ki, bu cinayətin ictimai təhlükəliliyi sərhəd xidməti qaydalarını pozmanın dövlətin xarici təhlükəsizliyini, onun ərazi toxunulmazlığını və bütövlüyünü, iqtisadi və siyasi müstəqilliyini təhlükə altına almasından ibarətdir. 
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
 14.11.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).