16:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir. 
 
Şərur rayonunun Kosacan kəndi müasir yaşayış məntəqəsinə çevrilib.
 
1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Xalqın və zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası ulu öndərin rəhbərliyi ilə Azərbaycanı xaos, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçilik və davamlı inkişaf mərhələsinə çıxarıb. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar Yeni Azərbaycan Partiyasının təməlində duran inkişaf, sabitlik və yüksək rifah prinsiplərinin bəhrələridir.
Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümündə Şərur rayonunun Kosacan kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
 
Kosacan kənd tam orta məktəb binası istifadəyə verilmişdir.
 
Noyabrın 21-də Kosacan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir.
Kosacan kənd tam orta məktəbinin direktoru Asim Həsənov çıxış edərək demişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi Kosacan kəndində də geniş quruculuq işləri aparılmışdır. Kosacan kənd tam orta məktəbi əvvəllər köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müsair məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin arzusu reallığa çevrilib. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş məktəb binası istifadəyə verilir. Asim Həsənov kənd sakinləri və kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kosacan kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin "Hər bir xalqın səviyyəsini onun təhsil səviyyəsi müəyyən eliyir", - fikrini xatırladaraq demişdir: Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər, görülən işlər və yaradılan şərait xalqımızın gələcəyinə, onun yüksək səviyyəyə malik olmasına xidmət edir. Yeni məktəblər tikilir, tədrisdə müasir texnologiyalar tətbiq olunur, təhsil müəssisələri lazımi avadanlıq və kitablarla təmin olunur. Yaradılan şərait təhsilin inkişafına öz töhfəsini verir.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə təhsilin inkişafını hər il ali məktəblərə qəbul olan tələbələrin səviyyəsi bir daha təsdiq edir. Kosacan kənd tam orta məktəbinin timsalında da bunu görmək mümkündür. Kollektivin əməyi hədər getməyib. Son 5 ildə Kosacan kənd tam orta məktəbinin məzunları yüksək nəticələr göstərərək muxtar respublikada və muxtar respublikadan kənarda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunublar. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Həbri Liseydə və peşə məktəblərində təhsillərini davam etdirirlər. Qazanılan bu nailiyyətlər məktəb kollektivinin muxtar respublikada təhsilin inkişafına verdikləri töhfədir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Kosacan kənd tam orta məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır.
Kollektivə təşəkkürünü bildirən Ali Məclisin Sədri demişdir: Məktəb tikmək, müasir tədris şərait yaratmaq işin bir tərəfidir. Yaradılan şəraitdən səmərəli istifadə etmək isə qarşıda duran əsas vəzifədir. Kosacan kənd tam orta məktəbində yaradılan şərait imkan verəcəkdir ki, həm müəllimlər dərsləri yaxşı tədris etsinlər, həm də şagirdlər keçirilən dərsləri qavrama yolu ilə mənimsəsinlər.
Ali Məclisin Sədri demişdir: Müsair tədris şəraiti təkcə yeni məktəb binası tikməkdən ibarət deyil. Müsair tədris şəraiti məktəbdə elektron lövhələrin quraşdırılması, internetə çıxışı olan kompüter sinflərinin, şahmat otaqlarının, idman zalının, zəngin fonda malik kitabxananın və ixtisaslı müəllim kollektivinin olması deməkdir. Bu şərait gələcəyimiz olan gənclərin təhsilli böyüməsində və ölkəmiz üçün yararlı vətəndaşlara çevrilməsində əsas amildir. Məktəbdə şagirdlər maraqlarına uyğun peşələrə yönləndirilməli, hər bir şagird özünə peşə seçməlidir. Bu vəzifələrin yerinə yetirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təhsilin inkişafı üçün qəbul olunmuş dövlət proqramları bu sahədə geniş imkanlar açır. Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında müasir şəraitlə təmin olunmuş peşə məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri fəaliyyət göstərir. Məktəbin kollektivinin qarşısında duran əsas vəzifə də ondan ibarətdir ki, gələcəyimiz olan gəncləri təhsilli, peşə sahibi olan, dünyagörüşlü və vətənpərvər böyütsünlər.
Ali Məclisin Sədri Kosacan kənd tam orta məktəbində yaradılmış şəraitdən səmərəli istifadə olunacağına və nailiyyətlərin daha da artırılacağına əminliyini bildirmiş, kollektivə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri məktəb binasında yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, 234 şagird yerlik üç mərtəbəli məktəbdə 2-si elektron lövhəli olmaqla 15 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır.
 
 
Məktəbdə kitabxana işi günün tələbləri səviyyəsində qurulub. Hazırda kitabxana fondunda 1076-sı dərslik və 3200-ü bədii ədəbiyyat olmaqla 4276 kitab vardır. Burada "Oxunması zəruri olan kitablar"dan ibarət güşə yaradılmışdır. Muxtar respublikanın ümumtəhsil məktəblərində kitabxana işinin təşkili mövzusunda konfrans və seminarların keçirilməsi bu sahədə fəaliyyətin səmərəli təşkilinə imkan verir.
Məktəbdə tədrisin səviyyəsi ilə tanışlıq zamanı qeyd olundu ki, 2018-2019-cu tədris ilində Kosacan kənd tam orta məktəbində birinci sinfə 14 şagird qəbul olunub. Həmçinin ötən tədris ilində məktəbin 8 məzunu ali məktəblərə sənəd vermiş, onlardan 7-si tələbə adını qazanmışdır. 9-cu sinif bazasından 2 şagird orta ixtisas məktəbinə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur.
Laboratoriyalarda lazımi təcrübə avadanlıqları qoyulmuş, idman zalında, hərbi kabinədə və sinif otaqlarında müasir tədris şəraiti yaradılmışdır. Kompüter otağında 19 kompüter quraşdırılmış və internetə qoşulmuş, məktəb elektron dərsliklərlə təmin edilmişdir.
 
 
Şahmat sinfinə baxış zamanı qeyd olundu ki, məktəbin şagirdləri şahmata böyük maraq göstərirlər. Bu il məktəbin 3 şagirdi rayon və muxtar respublika birinciliklərində uğurlu nəticə göstərib.
 
 
 
Ali Məclisin Sədri şagirdlərin kitabxanaya cəlbi və onlarda mütaliə vərdişlərinin yaradılması, şahmat, fiziki tərbiyə və çağırışaqədər hazırlıq dərslərinə diqqətin artırılması barədə tapşırıqlar vermişdir.
Elektron lövhəli sinifdə ümumtəhsil məktəbləri ilə Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi arasında keçirilən interaktiv dərs izlənilmişdir. Eyni vaxtda distan təhsil şəbəkəsinə muxtar respublikanın 224 təhsil müəssisəsi qoşulmuşdu.
Ali Məclisin Sədri müəllimlər otağında olmuş, pedaqoji kollektivi təbrik edərək demişdir:
 
 
Məktəbdə yaradılan şərait tədrisin düzgün təşkilinə imkan verəcəkdir. Yaxşı iş şəraiti eyni zamanda yaxşı əhval-ruhiyyə deməkdir. Bu gün muxtar respublikanın şəhər məktəbləri ilə kənd məktəbləri arasında fərq yoxdur. Bütün məktəblərdə eyni tədris şəraiti yaradılıb. Son 5 ildə Kosacan kənd tam orta məktəbinin məzunlarının 87 faizi ali və orta ixtisas məktəblərinə qəbul olub. Məktəbdə bütün fənlər üzrə ixtisaslı müəllimlər fəaliyyət göstərir. Bütün bunlar isə imkan verəcək ki, məktəbin nailiyyətləri daha da artsın. Təhsilin nəticəsi yalnız ali məktəblərə qəbulun səviyyəsi ilə deyil, həm də məzun olan şagirdlərin peşə sahibi olması ilə ölçülməlidir. Qarşıda duran əsas vəzifə odur ki, məktəbi bitirən hər bir şagird təhsilli və özünə peşə seçmiş vətənpərvər gənc kimi formalaşsın.
Məktəbin müəllimi Vəfa Məmmədova demişdir: Kosacan kənd tam orta məktəbində yaradılmış şərait təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur. Göstərilən qayğı müəllimlərin daha yaxşı işləmələri üçün zəmin yaradır və məsuliyyəti artırır. Əmin edirik ki, məktəbdə yaradılanlardan səmərəli istifadə edəcək, savadlı və vətənpərvər gənclər yetişdirməklə göstərilən etimadı doğruldacağıq.
Məktəbin həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, yaşıllıq salınmışdır.
 
 
 
Kosacanda Kənd Mərkəzinin açılışı olub.
 
Noyabrın 21-də Kosacanda yeni kənd mərkəzinin də açılışı olmuşdur.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olmuşdur.
 
 
Bildirilmişdir ki, kənd mərkəzində 9 dövlət təşkilatı - inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o cümlədən Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılmış və lazımi invertarlarla təchiz edilmişdir. Kənd kitabxanasında 2589 kitab vardır.
Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatının 183 üzvündən 30-u gənc, 68-i isə qadındır.
Ali Məclisin Sədri 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunduğunu və ötən dövrdə partiyanın böyük inkişaf yolu keçdiyini bildirmiş, Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatının üzvlərini, eləcə də onların timsalında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bütün üzvlərini və təəssübkeşlərini təbrik etmişdir.
Rabitə evində yeni poçt bölməsi fəaliyyətə başlamış, 384 yerlik yeni nəsil ATS quraşdırılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, kəndə 2 min metr fiber-optik xətt çəkilmiş, sürətli və kəsintisiz internetə çıxış imkanı yaradılmışdır. Kənddə 49 internet istifadəçisi vardır.
 
 
Binanın brinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmışdır. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilmişdir. Qeyd olunmuşdur ki, bu il Kosacan kəndində 13 uşaq doğulmuşdur. Hazırda 15 hamilə qadın məntəqədə qeydiyyatdadır.
Ali Məclisin Sədri əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqlarda peyvənd və hamilə qadınlarda patronaj işinin təşkili ilə bağlı tapşırıqlar vermişdir.

 

Kənddə yeni xidmət obyekti fəaliyyətə başlayıb.
 
Həmin gün Kosacan kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Mərkəzdə 6 sakin işlə təmin olunub. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki ailə təsərrüfatlarında istehsal olunan meyvə şirələri, turşular, cəviz, alma, armud, soğan, kartof və digər məhsullar da satışa çıxarılmışdı.
 
 
 
Kosacan kənd avtomobil yolu yenidən qurulub. 
 
Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər ardıcıl şəkildə davam etdirilir. Xüsusilə kəndlərdə avtomobil yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri yaşayış məntəqələrinin turizm və kənd təsərrüfatı potensialını daha da artırır.
Noyabrın 21-də Kosacan kənd avtomobil yolu istifadəyə verilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolun yenidən qurulması münasibətilə sakinləri təbrik edərək demişdir: Kosacan kəndi bu gün müasir yaşayış məntəqələrinin sırasına daxil oldu. Kənddə şəhər rahatlığı yaradılmış, müasir məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yolu yenidən qurulmuşdur. Kəndin məhsuldar torpaqları, daimi suyu, zəhmetkeş insanları vardır. Kosacan kəndi öz təsərrüfat ənənələri ilə daim seçilib, muxtar respublikanın ərzaq təminatında xüsusi rolu olub. Bu gün də kənddə torpaqlar əkilir, heyvandarlıq, maldarlıq, arıçılıq və quşçuluq inkişaf etdirilir. Dövlətin yartdığı şəritdən səmərəli istifadə olunmalı, ailə təsərrüftaları genişləndirilməli, maldarlıq və heyvandarlıqda cins tərkibi yaxşılaşdırılmalı, əkinçilikdə məhsuldar toxum sortlarından istifadə olunmalı, aqrotexniki qaydalara əməl edilməli, məhsuldarlıq artırılmalıdır. Yaradılan şərait kəndin inkişafına və insanların rahat yaşayışına hesablanıb. Ona görə də tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.
Kənd ağsaqqalı Mehman Nəcəfov demişdir: Bu gün Kosacan kəndində aparılan quruculuq işləri və yaradılan şərait bütün sakinlər tərəfindən sevinclə qarşılanır. Çünki Sovetlər Birliyi 70 ildə belə şərait yarada bilməmişdi. Lakin bu gün daimi işığımız, qazımız, internetimiz, bir sözlə rahat yaşayışımız var. Dövlətin dəstəyi ilə təsərrüfatlarımız genişlənir, dolanışığımız gündən-günə yaxşılaşır. Kəndimizdə tikilən yeni məktəb binası, kənd və xidmət mərkəzləri, çəkilən müasir və rahat yol dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. Kosacan müasir inkişaf dövrünü yaşayır. Muxtar respublikada aparılan quruculuq işləri, abadlaşan kəndlər, insanların rahat yaşayışının təmin olnması ən böyük vətənpərvərlik nümunəsidir. Mehman Nəcəfov sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirmişdir.
 
 
Yolda görülən işlərlə tanışlıq zamanı məlumat verilmişdir ki, 5,7 kilometrlik yola asfalt örtük salınmış, 6500 metr kənddaxili yol təmir olunmuşdur. Yolun üzərində 76 su keçidi və 19 suötürücü qoyulmuş, 1524 metr beton kanal çəkilmişdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün yol-cizgi və yolgöstərici xətlər çəkilmişdir.
 
 
* * *
Muxtar respublikanın kəndlərində aparılan quruculuq işləri yeni sosial obyektlərin tikilməsi ilə məhdudlaşmır. Kəndlərdə mövcud infrastruktur da yenilənir, geniş abadlıq işləri görülür. Kosacan kəndində də 2219 metr yeraltı və 8718 metr hava rabitə xətti, 8156 metr izolyasiyalı hava elektrik xətti çəkilmiş, 2 transformator yarımstansiyası qurulmuşdur. Həmçinin kənddə 3011 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmış, 1340 metr içməli su xətti yenilənmiş, mövcud subartezian quyusu əsaslı təmir olunmuşdur.
 
22.11.2018

 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).