15:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Naxçıvanda aparılan işlər çox yüksək qiymətə layiqdir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin ".
Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan geniş quruculuq işləri ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Yaşayış məntəqələrində həyata keçirilən tədbirlər həm də əhalinin rifah halının yaxşılaşmasına göstərilən qayğının və insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Bu il Culfa rayonunun Qazançı kəndində də müasir infrastruktur yaradılmış, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur.
 
Qazançı kənd tam orta məktəbinin binası istifadəyə verilmişdir.
 
Noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 
Qazançı kənd tam orta məktəbinin direktoru Gültəkin Əliyeva çıxış edərək demişdir ki,muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş Qazançı kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbin son beş ildə nəticələri uğurlu olmuş, 26 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Yeni məktəb binasında yaradılan müasir şərait tədrisin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Gültəkin Əliyeva kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, gənc nəslin layiqli vətəndaş kimi yetişməsində bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə bütün sahələrlə yanaşı, məktəb işi də diqqət mərkəzindədir. Şagirdlərin ölkəmizin gələcəyinə hazırlanması sahəsində tədbirlər görülür, yeni məktəb binaları tikilir, maddi-texniki baza gücləndirilir, tədris prosesində yeni texnologiyalar tətbiq olunur. Məktəb işi sadəcə şagirdlərə təhsil verməkdən ibarət deyil. Məktəb hər bir ölkənin gələcəyini hazırlayır. Sağlam gələcək hazırlamaq üçünsə, məktəbdə lazımi şərait yaradılmalı, müəllimlər gəncləri əsl vətəndaş kimi yetişdirməlidirlər.
Ali Məclisin Sədri ümümmilli liderimiz Heydər Əliyevin "İnsanın cəmiyyətdə özünə yer tutması məktəbdən başlanır", -fikrini xatırladaraq demişdir: Şagirdlərin gələcəkdə cəmiyyətdə layiqli yer tutması onların bu gün məktəbdə necə formalaşmasından və təhsil almasından asılıdır. Hər bir gənc özünə peşə seçməlidir. Çünki məktəbi bitirən gənc peşə sahibidirsə, onda o, cəmiyyət üçün də, ölkəsi və ailəsi üçün də yararlı vətəndaş olacaqdır. Bu gün Qazançı kənd tam orta məktəbində yaradılan şərait qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Müəllimlər şagirdlərə yaxşı təhsil verməli, gənclərimiz isə özlərini gələcəyə hazırlamalıdırlar.
Ali Məclisin Sədri demişdir: Qazançı kənd tam orta məktəbinin nailiyyətləri vardır. Son illərdə ali və orta ixtisas məktəblərinə qəbulda məktəb 100 faizlik nəticə göstərib. Ali məktəblərə qəbul olmuş 23 gəncin 15-i müəllim peşəsini seçib. Tələbə adını qazanan məzunların içərisində yüksək bal toplayanlar da var. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseyə, orta ixtisas və peşə məktəblərinə də qəbul olunublar.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamış və yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 216 şagird yerlik 3 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana və idman zalı vardır.
Muxtar respublikanın məktəblərində yaradılan kitabxanalar şagirdlər üçün hərtərəfli mütaliə imkanları açır. Qazançı kənd tam orta məktəbinin kitabxana fondunda da 970-i dərslik və 1190-ı bədii ədəbiyyat olmaqla 2160 kitab vardır. Burada "Oxunması zəruri olan kitablar"dan ibarət guşə yaradılmışdır. 
Şagirdlərin nəzəri biliklərini möhkəmləndirmək üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb.
 
 
Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbdə hərbi kabinə də fəaliyyət göstərir. Bildirilmişdir ki, Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq məktəbin şagirdlərində hərb sənətinə marağı artırıb. 
 
 
Gənclərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbin kompüter otağında internetə çıxışı olan 19 kompüter quraşdırılmışdır ki, bu da informatika dərslərinin tədris proqramına uyğun keçirilməsinə imkan verəcəkdir.
 
 
Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv dərslərin keçirilməsi tarixi mədəni irsimiz və görkəmli şəxsiyyətlərimiz haqqında məlumatların gənc nəsilə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məktəbə baxış zamanı Naxçıvanqala Tarix-Memarlıq Muzeyi ilə muxtar respublikanın bütün ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilmişdir.
Ali Məclisin Sədri şagirdlərin idman yarışlarında iştirakının təmin olunması, şahmat dərslərinin tədrisində elektron lövhələrdən, kompüterlərdən və elektron dərsliklərdən istifadə olunması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında keçirilən nümunəvi və interaktiv dərslərin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Müəllimlər otağında pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri demişdir:
 
 
Məktəb binasında yaradılan şərait bütün fənlər üzrə tədrisin səmərəli təşkilinə imkan verəcəkdir. Artıq müəllimlər tədris zamanı heç bir çətinliklə qarşılaşmayacaqlar. Ona görə də şagirdlərə biliklər dərindən öyrədilməli, onların hazırlığına diqqət artırılmalıdır. Şagirdlər yalnız seçdiyi ixtisasları əhatə edən fənləri deyil, digər fənləri də bilməlidirlər.
Məktəbin müəllimi Günel Süleymanova minnətdarlıq edərək demişdir: Muxtar respublikada digər sahələr kimi, təhsil də sürətlə inkişaf edir. Yeni məktəblər tikilib istifadəyə verilir, təhsil müəssisələri ən müasir informasiya texnologiyaları ilə təmin olunur. Bir vaxtlar lövhədə yazmaq üçün təbaşir tapılmayan məktəblərimizdə indi dərslər elektron lövhə vasitəsi ilə tədris edilir. Bir sözlə, Naxçıvan təhsili son 20 ildə 100 illik inkişaf yolu keçib. Günel Süleymanova yaradılanlardan səmərəli istifadə edəcəklərinə, bilikli gənclər yetişdirməklə etimadı doğruldacaqlarına söz vermişdir.
Məktəbin həyətində müəllimlər və şagirdlər üçün bufet tikilmiş, açıq idman qurğuları quraşdırılmış, abadlıq işləri aparılmış və yaşıllıqlar salınmışdır.
 
 
 
Qazançı Kənd Mərkəzi istifadəyə verilmişdir.
 
Noyabrın 30-da Qazançı kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
 
 
Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada7813 ədəbiyyat oxucuların istifadəsinə verilib. 
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Lalə Cəfərova deyib ki, ərazi ilk təşkilatın 105 üzvü vardır. Onlardan 38-i gənc, 54-ü isə qadındır. Bu gün Qazançı kəndi müasirləşib, abadlaşıb. Kənddə yaşamaq, işləmək və qurub-yaratmaq üçün hər cür şərait var. Müasir infrastruktur yaradılıb, memarlıq abidəmiz olan Qazançı körpüsü bərpa olunub. Tarix göstərdi ki, müstəqil Azərbaycanın bir inkişaf yolu vardır. O da ümummilli lider Heydər Əliyevin yoludur. Bu yol bugünkü və gələcək inkişafımızın qarantıdır. Qazançı kənd sakinləri də ulu öndərimizin yoluna sadiqdirlər. Lalə Cəfərova yaradılan şəraitə görə partiya üzvləri və sakinlər adından minnətdarlıq etmişdir.
 
 
Ali Məclisin Sədri ölkəmizdə ulu öndər Heydər Əliyevin yolunun davam etdirildiyini və bu yolun bəhrəsi kimi Qazançı kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirmiş, səmərəli fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası Qazançı kənd ərazi ilk təşkilatının sədri Lalə Cəfərovaya təşəkkür etmişdir. 
Kənd mərkəzində yaradılan mədəniyyət evi və zal müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinə və kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcəkdir. 
Kənd yaşayış məntəqələrində baytar həkimlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, baytarlıq məntəqələri lazımi avadanlıqlarla təmin edilir. Qazançı kəndində də baytarlıq xidmətinin təşkili bu istiqamətdə tədbirlərin vaxtında və mütəşəkkil aparılmasına, keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına imkan verəcəkdir.
Rabitə evində quraşdırılan 384 yerlik ATS Qazançı kəndində 128 abonentə və 48 internet istifadəçisinə xidmət edir.
Qazançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Aslanov demişdir ki, kənddə əhali əsasən heyvandarlıq, əkinçilik, quşçuluq və arıçılıqla məşğul olur. Bu il 291 hektar sahədə dəmyə üsulu ilə taxıl əkilmişdir. Hazırda kənddə 4 ailə fermer təsərrüfatı vardır. Yaradılan şərait fərdi təsərrüfatların daha da genişlənməsinə imkan verir.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının sayının artırılması, kənddə qədim təsərrüfat sahələrinin, xüsusilə üzümçülüyün bərpa olunması ilə bağlı tapşırıqlar vermişdir. 
Həyətdə abadlıq işləri aparılmış, yaşıllıq salınmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.
 
 
 
Kənddə müasir həkim ambulatoriyası fəaliyyətə başladı.
 
Noyabrın 30-da Qazançı kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə maraqlanmışdır.
Bildirilmişdir ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 12 otaqdan-baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek, mama, tibb bacısı və feldşer otaqlarından ibarətdir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili tibbi yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Fizioterapevtik kabinə isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilmişdir.
 
 
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, hamilə qadınların sağlamlıqlarının qorunması, peyvənd işinin vaxtında aparılması, rayon mərkəzi xəstəxanası tərəfindən kəndə həkim briqadalarının göndərilməsi, uşaqların və yaşlıların qeydiyyata alınması və tibbi müayinəsi barədə tapşırıqlar vermişdir.
 
 
Binada fərdi istilik sistemi quraşdırılmışdır.
 
Qazançıda xidmət mərkəzi istifadəyə verilmişdir.
 
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kəndində xidmət mərkəzinin də açılışını etmişdir.
 
 
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, 5 sakin işlə təmin olunmuşdur. Ərzaq mağazasında əsasən yerli məhsullar satışa çıxarılır. Həmçinin burada kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara da üstünlük verilir.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşmüşdür.
Sakin Füzuli Əliyev minnətdarlıq edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün bütün kəndlərimizdə müasir şərait yaradılır. 70-ə yaxın yaşım var. Son illər Naxçıvan Muxtar Respublikasında görülən işlər bizi çox qürurlandırır. Bunu sözlə ifadə etmək çətindir. Vaxtilə dağ kəndlərimizə 3-4 saata getmək olurdu. Lakin indi həmin kəndlərə 30 dəqiqəyə getmək mümkündür. Kəndlərimizə müasir yol çəkilib, məktəb binaları, səhiyyə müəssisələri, xidmət sahələri istifadəyə verilib. Qazançı kəndində də böyük quruculuq işləri görülüb, məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri tikilib. Eyni zamanda qədim abidəmiz olan Qazançı körpüsü bərpa olunub. Artıq bu gündən Qazançı kəndinin tarixində yeni bir səhifə açıldı. Kənd sakinləri hər zaman olduğu kimi, bundan sonra da ulu öndər Heydər Əliyev siyasi xəttini dəstəkləyəcəklər. Yaşasın müstəqil Azərbaycan! Yaşasın doğma Naxçıvan! Yaşasın ulu öndər Heydər Əliyev siyasi xətti və bu siyasi xəttin davamçıları!
Kənd sakinləri Zakir Həsənov, Yavər Əliyev və Akif Səyyadov da minnətdarlıq etmişlər. Bildirilmişdir ki, bu gün Qazançı kəndi müasir qəsəbə görkəmindədir. Bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edirik. Çünki ulu öndərimiz Heydər Əliyevin yolu ölkəmizi və muxtar respublikamızı davamlı inkişafa, tərəqqiyə qovuşdurub. Bu yolun davam etdirilməsi Azərbaycanı bundan sonra da yaşadacaq, daha qüdrətli ölkəyə çevirəcəkdir.
Ali Məclisin Sədri sakinləri təbrik edərək demişdir: Bu gün Qazançı kəndi abad yaşayış məntəqəsinə çevrildi. Kəndlərin inkişafı, müasirləşməsi, abadlaşması ölkəmizin inkişafı deməkdir. Bu işlərin həyata keçirilməsində məqsəd ondan ibarətdir ki, insanlarımız rahat yaşasın. Yaradılan şərait sakinlərə öz işlərini rayon mərkəzinə getmədən kənddə həll etməyə imkan verəcəkdir. Şagirdlərin yaxşı təhsil alması üçün məktəb, sakinlərin sağlamlığının qorunması üçün lazımi avadanlıqlarla təchiz olunmuş ambulatoriya, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Culfa şəhərindəki, Naxçıvan şəhərindəki məktəblərdə yaradılan tədris şəraiti Qazançı kənd tam orta məktəbində də vardır. Həmçinin kənd daimi rabitə xidməti, sürətli internet, su, təbii qaz və elektriklə təmin olunub.
 
 
Ali Məclisin Sədri demişdir: Qazançı qədim tarixə malik olan yaşayış məntəqəsidir. Tarixi mənbələrdə də bu öz əksini tapıb. Görkəmli rus şair-diplomatı Qriboyedov öz xatirələrində Naxçıvan şəhərindən Haçadağa, oradan Qazançı kəndinə gəldiyini və buradan Qarabağa, Gəncəyə və Tiflisə getdiyini qeyd edir. Tariximizi qoruyub gələcək nəsillərə çatdırmaq bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Ona görə də kənddəki qədim birtağlı Qazançı körpüsü də bərpa olundu. Bu gün Qazançı kəndində əkinçilik, maldarlıq, heyvandarlıq və arıçılıq da inkişaf etdirilir. Dövlət ailə təsərrüfatlarına köməklik göstərir, kreditlər verilir, istehsal olunmuş məhsulların bazarda satışına şərait yaradılır. Təmiz havaya, səfalı təbiətə və müasir infrastrukura malik olan Qazançı kəndində yaşamaq və işləmək üçün bütün imkanlar var. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, məskunlaşma artmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.
 
Qazançı kəndində mərasim evi tikilib.
 
Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən sakinlərin rahatlığının təmin olunması vacib amil kimi götürülür. Mərasim evlərinin tikilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Noyabrın 30-da Qazançıda mərasim evi də istifadəyə verilmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanmışdır.
 
 
Məlumat verilmişdir ki, əvvəllər kənddə yas mərasimlərinin keçirilməsində müəyyən çətinliklər yaranırdı. Lakin hər cür şəraitlə təmin olunmuş mərasim evi bu problemi də həll edib. Kişi və qadın salonlarından, eləcə də mətbəxdən ibarət olan mərasim evi zəruri məişət əşyaları və fərdi istilik sistemi ilə təmin olunub. 
 
* * *
Qazançı kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Belə ki, kənddaxili avtomobil yolları yenidən qurulmuş, 5300 metr yola asfalt örtük salınmış, 8900 metr yol hamarlanaraq qum-çınqıl qatı verilmiş, 94 su keçidi qoyulmuş, 2266 metrlik beton kanal çəkilmişdir. Kənddə 980 metr yeni fiberoptik kabel, 790 metr yeraltı kabel, 2750 metr hava rabitə xətləri çəkilmiş, 650 metr yüksəkgərginlikli elektrik xətti həyətyanı sahələrdən çıxarılaraq təhlükəsiz əraziyə köçülürmüşdür. 2228 metr qaz xəttində təmir-bərpa işləri aparılmış, 300 metr yeni içməli su xətti çəkilmiş və bulaq tikilmişdir.
 
 
 
Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpa olunub.
 
Yaxın Şərqin qədim ticarət mərkəzlərindən biri olan və Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvandakı körpülər tarixi-mədəni irsimizin bir parçasıdır. Karvan yollarını birləşdirən qədim körpülər memarlıq quruluşu və mühəndislik texnikası ilə seçilmiş, xalqımızın mədəni inkişafının göstəricisinə çevrilmişdir. Muxtar respublikada tarixi abidələrin bərpası sahəsində görülən işlər qədim memarlıq abidələri olan körpüləri də əhatə etmişdir.
Noyabrın 30-da Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilmişdir. 
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, Qazançı körpüsü XVII əsrin əvvəlində Şərq memarlıq üslubunda inşa edilmiş tarixi-memarlıq abidəsidir. Birtağlı körpünün tikintisində müxtəlif həcmli çaydaşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilmişdir. Böyük İpək yolunun üzərində yerləşən bu körpü üzərindən vaxtilə Qazançıdan Şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Qazançı körpüsü Azərbaycanın biraşırımlı körpülərinin әn yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü 8,8 metrdir.
Qazançı körpüsü Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuşdur. Körpünün yükdaşıyan dağ hissəsinin aşınmış daşları dəyişdirilmiş, daşlar arası təmizlənərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün şimal tərəfdən yol ilə birləşmə hissəsi orijinallığı saxlanılmaqla bərpa edilmiş, nəticədə körpünün uzunluğu 50 metrə çatmışdır. Ətrafda 120 metr sahilbərkitmə işləri görülmüş, 50 metr dəmir-betondan istinad divarı salınaraq üzəri dağ daşları ilə üzlənmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ziyalıları və elm adamları adından minnətdarlıq edərək demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə imzaladığı sərəncamlar mühüm elmi əhəmiyyətə malikdir. Bu gün Naxçıvanda tariximizə sahib çıxılır. Son illər 70-dən artıq abidəmiz bərpa olunub. XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsünün bərpası da bu sahədə görülən işlərin davamı kimi elm adamlarının qarşısına mühüm vəzifələr qoyur.
Ali Məclisin Sədri muxtar respublikada bərpa olunmayan tarixi abidələrin müəyyənləşdirilməsi və onlarda bərpa işlərinin aparılması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən Qazançı körpüsü haqqında tarixi mənbələrdən məlumatların toplanması və monoqrafiya şəkilində nəşr olunması, Qazançı körpüsü haqqında materialların və fotoşəkillərin internetdə yerləşdirilməsi və tanıdılması barədə tapşırıqlar vermişdir.
 
    01.12.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).