0:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan şəhər polis idarəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər polis idarəsində keçirilmiş növbəti hüquqi maarifləndirmə tədbirində 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü qeyd edilmişdir. Beləki, 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və idarənin əməkdaşları iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev tədbirdə çıxış edərək polis əməkdaşlarının insan hüquqlarının müdafiəsi sahəsində hüquq və vəzifələri barəsində məlumat vermişdir.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Quluzadə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və insan hüquqlarına hörmət prinsipi haqında tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamə bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərdə tutur. Bu bəyannamə insan hüquq və azadlıqlarını özündə əks etdirən digər beynəlxalq hüquqi sənədlərin qəbul edilməsi üçün baza rolu oynamışdır.
Qeyd olunmuşdur ki, Bəyannamədə təsbit edilmiş hüquqlar ümumbəşəri dəyərlərdir. Onlar hər kəsə, məhz insan olduğuna görə, mənsubdur. Kişi və ya qadın, uşaq və ya böyük, vətəndaş və ya əcnəbi, varlı və ya kasıb, güclü və ya zəif bütün bunların heç bir əhəmiyyəti yoxdur: hər kəs insan olduğuna görə bərabər hüquqlara malikdir və ləyaqətinə hörmət edilməyə haqqı vardır. Bu hüquq və azadlıqlar insan hüquqları sahəsində təsbit olunmuş müxtəlif prinsiplər əsasında həyata keçirilir və qorunur.
Məruzəçi çıxışında bildirmişdir ki, insan hüquqları sahəsində əsas prinsiplərdən biri də insan hüquqlarına hörmət prinsipidir. Bu prinsip beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərindəndir. Bu prinsip insan hüquqları, əsas azadlıqları, demokratiya və qanunun aliliyini özündə ifadə etməklə beynəlxalq xarakterə malikdir. Ümumiyyətlə, beynəlxalq hüquqda insan hüquqlarına hörmət edilməsi prinsipinə əsasən bütün dövlətlər öz ərazisində yerləşən bütün şəxslərin əsas hüquq və azadlıqlarına hörmət etmək öhdəliyi daşıyırlar, dövlətlər cins, irq, dil, dini və s. əlamətlərə görə ayrı-seçkiliyə yol verməmək vəzifəsini öz üzərlərinə götürürlər, dövlətlər isə insan hüquq və əsas azadlıqlarına ümumi hörmət olunması və bu məqsədlərə nail olunması sahəsində bir-birilə əmakdaşlıq etməyə yardım etmək öhdəliyinə malikdirlər.
Daha sonra məruzəçi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin maddələri barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
 
10.12.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).