13:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilmişdir.
 
 
Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoymuş, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirmişdir.
 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların kollektivləri, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, hərbi hissələrin və ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad etmişlər.
 
 
Ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanın dünəni, bugünü və gələcəyidir. 1969-cu il iyulun 14-də ulu öndərimizin ölkəmizə rəhbər seçilməsi Azərbaycanın müstəqillik tarixinin və uğurlu inkişafının əsasını qoydu. 1969-1982-ci illərdə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda böyük iqtisadi tədbirlər reallaşdırılmış, istehsal müəssisələri, zavodlar, fabriklər tikilmiş, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başlamış, xalqımızın tarixi yaddaşı bərpa edilmişdir. İkinci dəfə qazandığımız dövlət müstəqilliyinin əsasında da ulu öndərin ötən əsrin 70-80-ci illərdə yaratdığı möhkəm təməl, güclü intellektual və iqtisadi potensial, milli ruh dayanırdı.
Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilib. Bu missiyanın öz başlanğıcını götürdüyü məkan isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Ulu öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışmış, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atmışdır. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "sovet, sosialist" sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunmuşdur. Dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoymuşdur.
Xalqın ulu öndər Heydər Əliyevə olan böyük inamı və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ölkəmizdəki böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətçilik yoluna qədəm qoyan Azərbaycanın qarşısında duran problemlər həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Ulu öndər Heydər Əliyevin ömür yoluna nəzər salsaq aydın olar ki, bu ömür yalnız bir məqsədə xidmət etmişdir: O da müstəqil və qüdrətli Azərbaycandır. Ona görə də ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə milli intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur.
Bu gün xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nəinki regionda, bütövlükdə dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı inamla daha xoşbəxt gələcəyə aparır. Dövlət başçısının da dediyi kimi: "Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir... Biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik".
Bu gün Naxçıvan Muxtar Respublikası da əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Bu tərəqqiyə ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi və Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunmuşdur. Son illər muxtar respublikada quruculuq işləri geniş vüsət almış, dinamik iqtisadi inkişaf əldə olunmuş, infrastruktur yenilənmiş, sosial proqramlar qəbul edilərək icra olunmuş, enerji və ərzaq təhlükəsizliyi təmin olunmuş, etibarlı müdafiə sistemi yaradılmışdır.
İnkişaf, milli birlik və həmrəylik, güclü dövlət və müstəqillik ümummilli liderimizin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Zaman keçdikcə, illər ötdükcə, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edirik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir".
Müdriklər deyir ki, "Vətənə və xalqa həsr olunmuş ömür bitmir". Ümummilli liderimiz də deyirdi ki: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!" 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev Muzeyinə gələrək ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışdır.
 
 
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
 
                                               13.12.2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).